AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİNİN DÖVRLƏŞDİRİLMƏSİNİN YENİ ELMİ KONSEPSİYASI
İsa Həbibbəyli hesab edir ki, "Müstəqillik dövrü
Azərbaycan ədəbiyyatşünaslıq elmində çoxəsrlik ədəbiyyat tariximiz və müasir
ədəbi proses dövrləşdirilərkən ilk nəvbədə təsnifat üçün elmi prinsiplərin,
nəzəri konsepsiyaların müəyyən edilməsi ən mühüm şərtdir” (s. 13). Akademik
ədəbi dövrləşdirmədə aşağıdakı prinsipləri əsaslı bilir:
1. Azərbaycançılıq məfkurəsi;
2. Sivilizasiya faktoru;
3. Ədəbi-tarixi prosesin reallıqları;
4. Azərbaycanda ədəbi cərəyanlar.
Akademik bu vacib prinsiplərə əsaslanarkən
Azərbaycanda türk sivilizasiyası, ərəb-islam sivilizasiyalarının ictimai-siyasi
və ədəbi-mədəni mühitə təsirini diqqətdə saxlayır və tezisləşdirir ki, "Türk
sivilizasiyasının tanrıçılıq təlimi, islam sivilizasiyasının mənəvi kamillik
ideyası müxtəlif dövrlərin böyük ədəbiyyatı və mədəniyyətinin formalaşmasında
mühüm rol oynamışdır” (s. 14).
Konsepsiya müəllifi milli maarifçilik hərəkatının
sosial-ədəbi mühitə təsirini də vacib bilir. Alim yazır: "Uzun illər
Şərq-müsəlman dünyagörüşü istiqamətində köklənmiş Azərbaycan ədəbi-ictimai
fikrinin XIX əsrdə Qərbyönlü inkişaf yoluna keçməsi və bu zəmində ölkədə
dünyəvi məktəblərin, teatrın, milli mətbuatın və realist ədəbiyyatın yaranıb
yüksələn xətlə qaçılmaz şəkildə yolunu davam etdirməsi maarifçilk hərəkatının
regionda mühüm sivilizasiya faktoru olduğunu qəbul etməyə əsas verir” (s. 14).
Nüfuzlu ictimai xadim azərbaycançılıq ideologiyası
üzərində dayanaraq tezisləşdirir ki, "Azərbaycançılıq – milli düşüncənin və
vətən anlayışının bir yerdə qavranılması təlim olaraq xalqın və ölkənin milli
maraqlarını, maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi
düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın
canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran
ümummilli məfkurədir” (s. 14-15).
Görkəmli alim müasir dövrləşdirmə konsepsiyasında
başlıca meyarları milli ədəbiyyatın ictimai-mədəni və ədəbi-tarixi proseslərinin
reallıqları, keçilmiş inkişaf yolunun özünəməxsusluqlarını obyektiv əks
etdirmək baxımından faydalı hesab edir. Alim "ədəbi-tarixi proseslərin
reallıqları dedikdə Azərbaycan ədəbiyyatının təbii məntiqindən, daxili
təkamülündən doğan sənət idealları ilə xalqın müxtəlif dövrlərdəki ümummilli
ideallarının dialektik əlaqəsi, sintezi və vəhdətini nəzərdə tutur” (s. 15). Və
ümumiləşdirir ki, göstərilən "prinsiplər Azərbaycan ictimai-mədəni fikrinin və
ədəbiyyatının əsrlər boyu keçdiyi inkişaf yolunun ana xətlərini və başlıca
məzmununu, əsas inkişaf istiqamətlərini özündə əks etdirir. Burada hər hansı
bir kənar ideologiyanın diqtəsi ilə təklif olunan meyillər özünə yer
almamışdır” (s. 15).
Akademik İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı
tarixinin inkişaf mərhələlərini "ümumdünya ədəbi proseslərinin gedişatı
müstəvisində Azərbaycan xalqının çoxəsrlik tarixi ərzində milli ədəbiyyatın
keçdiyi təkamül proseslərinin daxili inkişaf qanunauyğunluğundan, təbii
məntiqindən doğan elmi təsnifat” hesab edir və dövrləşdirmə modelini aşağıdakı kimi göstərir:
1. Qədim dövr Azərbaycan ədəbiyyatı:
etnosdan-eposadək;
2. Azərbaycan yazılı ədəbiyyatının ortaq başlanğıc
dövrü (VII-X əsrlər);
3. İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII
əsrlər);
4. Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI
əsrlər);
5. Azərbaycan ədəbiyyatında erkən realizm dövrü
(XVII-XVIII əsrlər);
6. Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü
(XIX əsr);
7. Azərbaycan ədəbiyyatında tənqidi realizm epoxası
və romantizm dövrü (XIX əsrin doxsanıncı illərindən Azərbaycanda Sovet
hakimiyyətinədək);
8. Azərbaycan ədəbiyyatında sosialist realizmi
mərhələsi (1920-1970-ci illər);
9. Milli özünüdərkə qayıdış və istiqlal uğrunda
mübarizə dövrü (1970-1991);
10. Müstəqillik dövrü çoxmetodlu Azərbaycan
ədəbiyyatı.
Alim bir məxsusi izah da verir ki, "dövrləşdirmənin
müəyyən olunmasında konkret mərhələlər arasında davam edən proseslərlə,
varisliklə yanaşı, köklü mühüm yeniləşmələrin, dəyişikliklərin baş verməsi də
əsas götürülmüşdür” (s. 16).
Akademik ədəbi dövrləşdirmə təsnifatının bütün
mərhələləri üçün kifayət qədər konkret, aydın və elmi-nəzəri izahlar vermiş,
tezislərini bütün hallarda möhtəviyyatlı təqdim etmiş və yekunlaşdırmışdır ki,
"təqdim olunan Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi modeli
çoxəsrlik Azərbaycan ədəbiyyatının milli maraqlara və dünyəvi dəyərlərə uyğun
səviyyədə, sistemli tədqiq edilib öyrənilməsinə imkan yaradır” (s. 18).
Görkəmli ədəbiyyatşünas-alim Azərbaycan ədəbiyyatı
tarixinin dövrləşdirilməsi problemi ilə bağlı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun 6 oktyabr 2017-ci il tarixli Elmi Şurasında əhatəli tezisləri,
izah və şərhləri ilə birlikdə geniş məruzə etmiş, irəli sürülən təklifləri
dinləmiş və bildirmişdir ki, problemlə bağlı 180 səhifəlik monoqrafiyanı çapa hazırlamışdır.
Beləliklə, akademik İsa Həbibbəylinin Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsində mövcud elmi-nəzəri fikrin varisliyinə
əsaslanan konsepsiyası Azərbaycan ədəbiyyatı tarixi oncildliyinin akademik
nəşrləri üçün vacib proqramdır, Azərbaycan ədəbiyyatı tarixi, habelə, türk
xalqları ədəbiyyatı tarixinin dövrləşdirilməsi problemlərinin həllində normativ
aktdır, elm və tədris məsələlərinin praktik həllində yönləndirici, əsaslı
tarixi-ədəbi sənəddir.
Əlizadə
ƏSGƏRLİ