• çərşənbə, 24 Aprel, 17:48
  • Baku Bakı 27°C

Əzizağa Qəni-zadə: Bu gün Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrilib

27.05.23 07:30 496
Əzizağa Qəni-zadə: Bu gün Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrilib

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, ölkəmizin tarixində mühüm hadisə idi. Əsrlər boyu azadlıq arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz müstəqil dövlətinə sahib oldu. Azərbaycan Milli Şurası Tiflis şəhərində İstiqlaliyyət bəyannaməsini qəbul etdi.

Çətin beynəlxalq şəraitdə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti mühüm addım kimi qardaş Türkiyə dövləti ilə müqavilə bağlamağı qərara almışdı. İstiqlal bəyannaməsinin qəbulundan bir həftə sonra, iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Respublikası arasında dostluq müqaviləsinin imzalanması, həm də Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. İyunda bu əlamətdar hadisənin 105-ci ildönümü tamam olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə deyib.

Bildirib ki, 1920-ci il aprel işğalı ərəfəsində Azərbaycan Xalq Cümhuriyyəti geniş beynəlxalq əlaqələr sisteminə daxil olmuşdu. Lakin aprelin 28-də XI Qırmızı Ordunun işğalı ilə Xalq Cümhuriyyətinin süqut etməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində müstəqil dövlət kimi iştirakını dayandırdı. Beləliklə, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti rus-bolşevik qoşunları tərəfindən işğal edildi.

Yetmiş bir il sonra SSRİ-nin süqutu ilə yaranan əlverişli tarixi şərait və milli-azadlıq mübarizəsi nəticəsində xalqımız XX yüzillikdə artıq ikinci dəfə öz dövlət müstəqilliyini elan etdi. Lakin gənc Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq yolunda ciddi maneələrlə qarşılaşdı və bu, ilk növbədə, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə bağlı idi.

“1993-cü ilin ikinci yarısından Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçiliyin möhkəmlənməsinə şərait yaratdı. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət və ordu quruculuğu nəticəsində Azərbaycan regionun ən qüdrətli ölkələrindən birinə çevrildi, ordumuz dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

90-cı illərdə havadarlarının hərtərəfli köməyi ilə Ermənistan ordusu tərəfindən işğal edilmiş Qarabağın dağlıq hissəsi və ətrafdakı 7 rayon Silahlı Qüvvələrimizin gücü ilə işğalçılardan təmizləndi. 44 gün çəkmiş Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq Azərbaycanın şanlı hərb tarixinə qızıl hərflərlə yazıldı”, - deyə polkovnik vurğulayıb.

banner

Oxşar Xəbərlər