• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

Qatarlar dolu, tələbat yüksək

28.11.26 02:46 56
Qatarlar dolu, tələbat yüksək

Bakı-Tbilisi marşrutu üzrə reyslərin sayı ikiqat artırılsa da, biletlərə yüksək tələbat davam edir. Xüsusilə həftəsonları və bayram ərəfəsində sərnişinlər bilet əldə etməkdə çətinlik çəkirlər. 

Bakı-Tbilisi dəmir yolu marşrutu üzrə əlavə reyslərin istifadəyə verilməsinə baxmayaraq, biletlərə yüksək tələbat davam edir. Noyabrın 1-dən etibarən gündəlik qatarların sayı 2-dən 4-ə, sərnişin yerlərinin sayı isə 386-dan 564-ə çatdırılıb. Yeni qrafik sərnişinlərə gündüz və gecə səfərləri arasında seçim imkanı yaratsa da, qatarların tam doluluqla hərəkət etməsi bilet əlçatanlığı məsələsini aktuallaşdırır. Bəs reyslərin artırılması bilet tapmaq problemini nə dərəcədə həll edib və havaların soyuması bu istiqamətə sərnişin marağına təsir göstəribmi?

“Sərnişinlərin planlarına uyğun reys seçmək imkanları artıb”

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) sorğumuza cavab olaraq bildirildi ki, qurum beynəlxalq istiqamətdə artan sərnişin tələbatının qarşılanması və səyahət imkanlarının genişləndirilməsi məqsədilə 1 noyabr 2026-cı il tarixindən Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslərin icrasına başlayıb: “Sərnişinlər yeni reyslərə ilk gündən böyük maraq göstəriblər. Belə ki, noyabrın 1-də Bakıdan Tbilisiyə ilk gündüz reysi 100 faiz doluluqla yola düşüb. Əlavə reyslərin istifadəyə verilməsi sərnişinlər üçün səfər vaxtı, xidmət sinfi və qiymət baxımından daha geniş seçim imkanları yaradıb. Gündəlik reyslərin sayının 2-dən 4-ə çatdırılması nəticəsində sərnişin yerlərinin sayı 386-dan 564-ə yüksəlib. Bu, 50 faizə yaxın artım deməkdir. Daşıma imkanlarının genişləndirilməsi sərnişinlərin bilet əldə etmək və səfər planlarına uyğun reys seçmək imkanlarını artırıb. Eyni zamanda, əlavə reyslərdə standart sinfin istifadəyə verilməsi daha aşağı büdcəli səyahət imkanı yaradıb. Bakıdan Tbilisiyə minimum gediş haqqı hazırda 53,47 AZN təşkil edir”.

Həmçinin bildirildi ki, hazırda 24 noyabr-24 dekabr tarixlərini əhatə edən dövr üçün biletlər satışdadır: “Əlavə reyslər üzrə biletlərin satışına oktyabrın 2-dən başlanılıb. Hazırda da qatarlar tam doluluqla hərəkət edir. Bakı-Tbilisi-Bakı marşrutu bərpa olunduqdan sonra tələbat yüksək olaraq qalır. Hazırda Gürcüstan-Azərbaycan istiqamətində tələbat Azərbaycan-Gürcüstan istiqaməti ilə müqayisədə daha yüksəkdir”.

Bilet satışında yenilik

ADY sərnişinlərin maraqlarının qorunması, bilet satışı prosesinin təkmilləşdirilməsi və mümkün sui-istifadə hallarının qarşısının alınması istiqamətində bir sıra yeniliklər tətbiq edib: “Belə ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə onlayn bilet alışı zamanı ADY-nin rəsmi saytında və “ADY Mobile” tətbiqində qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının şəxsi kabinet məlumatlarının “MyGov ID” vasitəsilə verifikasiyası tələb olunur. Xarici ölkə vətəndaşları üçün isə mobil telefon nömrəsinin birdəfəlik təsdiq kodu (OTP) vasitəsilə verifikasiyası həyata keçirilir. ADY bilet satışında hər hansı vasitəçi ilə əməkdaşlıq etmir”. 

Gediş-dönüş biletlərini eyni vaxtda almaq tələbi

Turizm məsələləri üzrə ekspert Əziz Şiriyevin sözlərinə görə, Bakı-Tbilisi dəmir yolu marşrutu yerli vətəndaşlar və turistlər üçün xaricə səfər etmək baxımından alternativ imkan yaradır: “Xəttə marağın yüksək olmasının səbəblərindən biri də hava nəqliyyatı biletlərinin çox vaxt əlçatan olmamasıdır. Dəmir yolu ilə səfərin daha münasib qiymətə başa gəlməsi və Gürcüstanın qonşu ölkə olması sərnişin axınını artırır. Bu qatar reyslərinə maraq kifayət qədər yüksəkdir. Tələbatın çox olması səbəbindən reyslərin sayı ikiqat artırılıb. Bakı-Tbilisi qatarında Wi-Fi-ın işlək olması, sərnişinlərin rahatlığının təmin edilməsi və reyslərin daha tez-tez həyata keçirilməsi vacib məsələlərdəndir. Ən əsas istəklərimizdən biri isə sərnişinlərin gediş və dönüş biletlərini eyni vaxtda ala bilməsidir. Çünki gediş bileti əldə edib dönüş bileti tapa bilməyən sərnişinlər müəyyən çətinliklərlə qarşılaşırlar. Bəzən bu səbəbdən hava nəqliyyatından istifadə etməli, yaxud səfər etdikləri ölkədə əlavə müddət qalmalı olurlar. Bu da əlavə xərclərə səbəb olur”. 

Ə.Şiriyevin fikrincə, yaxın zamanda biletlərin 50 faizinin birtərəfli, digər 50 faizinin isə gediş-dönüş bileti kimi satışa çıxarılacağını gözləyirlər: “Bu, sərnişinlərə gediş və dönüş biletlərini eyni vaxtda əldə etmək imkanı yaradacaq. Həmçinin təklif etmişik ki, biletlərin satış müddəti uzadılsın və sərnişinlər iki-üç ay əvvəlcədən bilet ala bilsinlər. Bu məsələ ilə bağlı da iş aparılır. Bundan başqa, Bakıdan Tbilisiyə gələn qatarın hərəkət qrafiki Batumi istiqamətindəki qatarın çıxış vaxtına uyğunlaşdırılıb. Beləliklə, Batumiyə getmək istəyən sərnişinlər Tbilisidə qatardan digər qatara keçərək səfərlərini davam etdirə bilirlər. Yaxın zamanda gediş-dönüş biletlərini eyni vaxtda almaq da mümkün olacaq”.

“Tətil ərəfəsində biletlərə tələbat yüksək olaraq qalır”

Turizmçi Rəhman Quliyev düşünür ki, yeni reyslərin istifadəyə verilməsi müəyyən mənada sərnişin axınının artmasına və bilet əlçatanlığının yaxşılaşmasına şərait yaradır. Bununla belə, xüsusilə həftəsonları, bayram günləri və tətil ərəfəsində biletlərə tələbat yüksək olaraq qalır. Bəzi sərnişinlər istədikləri tarixə bilet əldə etmək üçün səfərlərini əvvəlcədən planlaşdırmağa məcbur olurlar: “Hazırda bu istiqamətdə səfər etmək istəyənlərə biletləri son günlərə saxlamamağı, imkan daxilində bir neçə gün, hətta həftə əvvəlcədən əldə etməyi tövsiyə edirik”.

R.Quliyev bildirdi ki, havaların soyuması Tbilisiyə səfərlərə marağın kəskin azalması demək deyil: “Çünki Gürcüstan payız və qış aylarında da azərbaycanlı turistlər üçün cəlbedici istiqamətlərdən biri olaraq qalır. Xüsusilə Tbilisinin tarixi məkanları, restoranları, əyləncə obyektləri və qış turizmi imkanları turistlərin marağına səbəb olur. Digər tərəfdən, Yeni il və bayram tətili ərəfəsində bu istiqamətə səfərlərə marağın yenidən artacağını gözləmək olar. Hesab edirəm ki, Bakı-Tbilisi marşrutu mövsümdən asılı olmayaraq öz aktuallığını qoruyacaq. Əsas məsələ sərnişin tələbatına uyğun reyslərin təşkili, bilet əlçatanlığının təmin edilməsi və xidmət keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılmasıdır”.

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər