Sənədsiz evlərlə bağlı növbəti təklif
Milli Məclisdə sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsini və bununla bağlı vahid dövlət proqramının hazırlanması təklif edilib.
Sənədsiz evlərin sənədləşdirilməsi məsələsi Milli Məclisdə yenidən gündəmə gətirilib. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliklərin müzakirəsi zamanı bu problemin həlli ilə bağlı bəzi təkliflər səsləndirilib.
Vahid dövlət proqramı hazırlansın
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc sənədsiz evlərin mərhələli rəsmiləşdirilməsini və bununla bağlı vahid dövlət proqramının hazırlanmasını təklif edib. Onun sözlərinə görə, Bakı və Abşeronda dövlət qeydiyyatına alınmamış fərdi yaşayış evləri ilə bağlı aparılan araşdırmada sorğuda iştirak edən ailələrin 33,2 %-nin sənədsiz evlərdə 20 ildən artıq, 36,8 %-nin isə 10 ildən 20 ilə qədər yaşadığı müəyyən edilib:
"Sorğuda iştirak edən ailələrin təxminən 70 %-i on ildən çoxdur eyni ünvanda yaşayır. Araşdırmanın nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 27,9 %-nin aylıq gəliri 400 manat və ya daha az, 35,6 %-nin isə 400–1000 manat arasındadır. Sənədsiz evlərdə yaşayanların əhəmiyyətli hissəsi aztəminatlı və orta gəlirli ailələrdir".
“Rəsmiləşdirmə prosesi yeni qanunsuz tikintilərə yol açmamalıdır"
Komitə sədri qeyd edib ki, evlərin 81 %-i birmərtəbəlidir, böyük hissəsinin sahəsi 51–150 kvadratmetrdir: "Evlərin 60 %-ni sakinlər özləri tikib, 27 %-ni isə satın alıb. Bu səbəbdən bütün evlərə eyni hüquqi yanaşma mümkün deyil. 2023-cü ilədək tikilən sənədsiz evlərin hamısına elektrik, 98 %-nə qaz, 88 %-nə su xətti çəkilib, 47 %-i isə mərkəzləşdirilmiş kanalizasiyaya qoşulub".
Komitə sədri evlərin və torpaqların vahid bazada inventarlaşdırılmasını, qeydiyyata yararlı olanların məhkəməyə müraciət etmədən sadələşdirilmiş qaydada rəsmiləşdirilməsini təklif edib. Təklifə əsasən, mühafizə zonaları və təhlükəli ərazilər amnistiyadan kənarda qalmalı, həmin ərazilərdə yaşayanlara alternativlər təqdim edilməlidir. Ancaq bununla belə, rəsmiləşdirmə prosesi yeni qanunsuz tikintilərə yol açmamalıdır".
Z.Oruc 2026-cı ilin "Şəhərsalma və Memarlıq İli" elan olunmasını əmlakın dövlət qeydiyyatı sahəsində qərarlar qəbul etmək üçün fürsət hesab edir.
Həyətyanı torpaq sahələrinə mülkiyyət hüququ
Qeyd edək ki, Milli Məclis həyətyanı torpaq sahələrinə mülkiyyət hüququnun plan-ölçü sənədi əsasında verilməsini də ilk oxunuşda qəbul edib. Sənəd "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşlara verilmiş, lakin onların mülkiyyət hüququ rəsmiləşdirilməmiş həyətyanı torpaq sahələri ilə bağlı məsələnin tənzimlənməsini nəzərdə tutur. Həmin qanuna əsasən, vətəndaşlara verilmiş həyətyanı torpaqlara ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən mülkiyyət hüququnu təsdiq edən şəhadətnamələr tərtib edilirdi. Bu proses 2006-cı il iyulun 6-na qədər davam edib. Lakin həmin vaxtdan daşınmaz əmlak üzərində hüquqları təsdiq edən sənəd kimi dövlət reyestrindən çıxarışların verilməsinə başlanıldığı üçün şəhadətnamələrin verilməsi prosesi dayandırılıb, bunun əvəzinə Komitə vətəndaşlara torpaq sahəsinin plan və ölçüsü sənədi (plan-ölçü) verməyə başlayıb.
“Yalnız texniki xarakterli plan-ölçü verilib”
Nəticədə, vətəndaşların bir qismi 2006-cı il iyulun 6-na qədər şəhadətnamə aldığı halda, digər qismi həmin müddətə qədər müraciət etmədiyindən onlara mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə əvəzinə yalnız texniki xarakterli plan-ölçü verilib. Plan-ölçü hüquqmüəyyənedici sənəd olmadığından, onun əsasında torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın verilməsi mümkün olmur.
Qanun layihəsinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edildiyi 2015-ci il fevralın 6-na qədər olan dövrdə "Torpaq islahatı haqqında" qanuna uyğun olaraq vətəndaşların mülkiyyətinə verilmiş həyətyanı torpaq sahələrinə dair tərtib edilmiş plan-ölçü sənədi həmin torpaq sahələri üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas kimi müəyyən edilir. Bununla da eyni hüquqi əsaslarla torpaq sahələri əldə etmiş, lakin müxtəlif sənədlərlə təmin olunmuş vətəndaşlar arasında hüquqi vəziyyətin eyniləşdirilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün hüquqi əsasın yaradılması təmin edilir.