• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

Güclü görünənlərin səssiz mübarizəsi

28.11.26 01:41 64
Güclü görünənlərin səssiz mübarizəsi

Rəsmi statistikaya görə, 2025-ci ildə 15-29 yaşlı kişilər arasında hər 100 min nəfərə 77,1 ölüm halı düşdüyü halda, qadınlarda bu rəqəm 34,6 olub. Bəs kişilərin ölüm göstəricisinin daha yüksək olmasının səbəbi nədir?

Azərbaycanda kişilərin qadınlarla müqayisədə daha yüksək ölüm göstəricisinə malik olması diqqət çəkir. Xüsusilə gənclər arasında qeydə alınan fərq bir sıra suallar doğurur. Rəsmi statistikaya görə, 2025-ci ildə 15-29 yaşlı kişilər arasında hər 100 min nəfərə 77,1 ölüm halı düşdüyü halda, qadınlarda bu rəqəm 34,6 olub. Bəs kişilərin ölüm göstəricisinin daha yüksək olmasının səbəbi nədir? Riskli həyat tərzi, sağlamlığa laqeyd münasibət, yoxsa sosial amillər? 

Zərərli qidalanma, siqaret, az hərəkətlilik

Tibb elmləri üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazova hesab edir ki, cavan yaşlı kişilər arasında ürək-damar xəstəlikləri və bu xəstəliklərdən ölüm hallarının daha çox müşahidə olunmasının əsas səbəblərindən biri düzgün qidalanmama və zərərli həyat tərzidir: “Digər mühüm risk faktoru siqaret çəkməkdir. Gün ərzində çoxlu siqaret çəkmək, bunun üzərinə stress də əlavə olunanda ürək-damar xəstəliklərinin yaranma riski daha da artır”. Həkim az hərəkətliliyi də ciddi problem kimi qeyd edir: “Bu gün insanların çoxu saatlarla kompüter arxasında oturur, telefonda vaxt keçirir, piyada gəzməyə isə kifayət qədər diqqət ayırmır. Nəticədə fiziki aktivlik azalır, ürək-damar xəstəlikləri üçün risk artır. Təəssüf ki, gənc yaşlarda ürəyinə stent qoyulan gənc kişilərin sayına da çox rast gəlinir”. 

Psixoloji gərginlik, sosial təzyiqlər, maddi çətinliklər…

Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, kişilərdə gənc yaşlarda ölüm hallarının qadınlara nisbətən çox olmasının səbəbləri yalnız fizioloji amillərlə məhdudlaşmır. Psixoloji gərginlik, sosial təzyiqlər, maddi çətinliklər və emosional dəstəyin çatışmazlığı da kişilərin sağlamlığına ciddi təsir göstərə bilər: “Cəmiyyətdə kişidən güclü olması, çətinliklərə dözməsi, ailəsini dolandırması, maddi problemləri həll etməsi və hər vəziyyətdə çıxış yolu tapması gözlənilir. Bəzən kişilər özləri də bu gözləntilərin altında əzildiklərini etiraf edə bilmirlər. Onlar yaşadıqları gərginliyi, qorxuları, narahatlıqları başqaları ilə bölüşmək əvəzinə, bütün problemləri təkbaşına həll etməyə çalışırlar”. Psixoloq bildirir ki, qadınlar bir çox hallarda yaşadıqları problemləri yaxınları ilə bölüşməyə, emosiyalarını ifadə etməyə və psixoloji dəstək almağa daha açıq olurlar: “Kişilər isə bəzən psixoloqa müraciət etməyi zəiflik kimi qəbul edir, problemlərini öz daxillərində saxlamağa üstünlük verirlər”. 

“Kişilərin üzərində sosial və iqtisadi təzyiqlər var”

N.Məmmədova hesab edir ki, kişilərin üzərindəki sosial və iqtisadi təzyiqlər də nəzərə alınmalıdır: “Məsələn, ailənin maddi təminatını həyata keçirmək, işsizlik, gəlirin az olması, borclar, boşanma və gələcəklə bağlı qeyri-müəyyənlik kişidə ciddi psixoloji gərginlik yarada bilər. Təəssüf ki, bəzi insanlar belə vəziyyətlərdə problemin həllini riskli davranışlarda axtarırlar. Son dövrlərdə mərc və qumar oyunlarına maraq da narahatlıq doğuran məsələlərdəndir. Maddi çətinlik yaşayan, qısa müddətdə pul qazanmaq və ya itirdiklərini geri qaytarmaq istəyən şəxslər bu oyunlara üz tuta bilirlər. Əvvəlcə çıxış yolu kimi görünən bu seçim sonradan borcların artmasına, ailə münasibətlərinin pozulmasına, boşanmalara, stressin dərinləşməsinə və insanın özünü çıxılmaz vəziyyətdə hiss etməsinə səbəb ola bilər”. Psixoloqun fikrincə, digər ciddi məsələ intihar riskidir: “İnsan uzun müddət problemlərlə təkbaşına mübarizə apardıqda, özlərini çıxış yolu olmayan vəziyyətdə hiss etdikdə və ətrafından dəstək görmədikdə psixoloji böhran dərinləşə bilər. Buna görə də cəmiyyətdə psixoloji yardım almaqla bağlı yanlış təsəvvürlər aradan qaldırılmalıdır”.

“Gözləntilərlə imkanlar arasındakı fərq problemlərə səbəb olur” 

Sosioloq Naib Niftəliyev də kişilərin qadınlarla müqayisədə daha gənc yaşlarda ölüm riskinin yüksək olmasını müxtəlif sosial, iqtisadi və davranış amilləri ilə əlaqələndirir. Onun sözlərinə görə, bu fərqi yalnız fərdi həyat tərzi və şəxsi seçimlərlə izah etmək düzgün deyil. Ailə münasibətləri, əmək bazarındakı vəziyyət, mənzil təminatı, ictimai normalar və cəmiyyətin kişilərdən gözləntiləri də bu məsələdə mühüm rol oynayır: “Bütün dəyişikliklərə və transformasiyalara baxmayaraq, kişilik fenomeni kiçik yaşlardan cəsarətli olmağı, çəkinməməyi, lazım gəldikdə güc nümayiş etdirməyi təlqin edir. Problemləri müstəqil həll etmək bacarığı özlüyündə mənfi xüsusiyyət deyil. Lakin problem ondadır ki, bu keyfiyyətlər bəzən yanlış şəkildə riskli davranışlarla eyniləşdirilir. Burada digər mühüm məqam riskli davranışların hansı sosial şəraitdə normallaşmasıdır. Əgər cəmiyyətdə təhlükəyə məhəl qoymamaq və güc nümayiş etdirmək cəsarət kimi təqdim edilirsə, bu yanaşma insanların davranışlarına da təsir göstərir. Buna görə də kişilərin erkən yaşlarda ölüm riskini yalnız fərdi qərarlarla əlaqələndirmək olmaz. Ailənin, sosial çevrənin və ictimai normaların da bu prosesdə rolu var”.

Ekspertin diqqət çəkdiyi digər mühüm amil iqtisadi qeyri-müəyyənlik və sosial statusla bağlı təzyiqlərdir: “Xüsusilə 15-29 yaş aralığında gənclər əmək bazarına daxil olmaq, sabit gəlir əldə etmək, müstəqil həyata başlamaq və ailə qarşısında məsuliyyət daşımaq kimi məsələlərlə üzləşirlər. Bəzən mənzil əldə etməkdə çətinlik və sosial yüksəliş imkanlarının məhdudluğu gəncləri psixoloji cəhətdən gərgin vəziyyətə gətirə bilər. Gözləntilərlə mövcud imkanlar arasındakı fərq gənclərdə stress, narahatlıq və gələcəyə inamsızlıq yaradır”. Sosioloq yol hərəkəti təhlükəsizliyini və psixi sağlamlığı da kişilərin erkən yaşlarda ölüm riskinə təsir edə biləcək amillər sırasında qeyd edir: “Yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi, gənclərin məşğulluq və mənzil imkanlarının yaxşılaşdırılması, psixoloji dəstəyə əlçatanlığın artırılması və cəmiyyətdə sağlam kişilik modelinin təşviqi bu istiqamətdə əhəmiyyətli addımlar ola bilər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər