• şənbə, 28 Noyabr, 06:34
  • Baku Bakı 7°C

Fond ləğv edilir, güzəştlər qalır

28.11.26 02:33 55
Fond ləğv edilir, güzəştlər qalır

Köhnə avtomobillərin istifadədən çıxarılmasını stimullaşdırmaq üçün yaradılan utilizasiya fondu ləğv edilir, struktur dəyişikliklərə gedilir. Bəs bu dəyişiklik utilizasiya proqramının gələcək fəaliyyətinə necə təsir göstərəcək?

Köhnə və istismara yararsız avtomobillərin dövriyyədən çıxarılması, onların ətraf mühitə mənfi təsirinin azaldılması və təkrar emala cəlb olunması məqsədilə Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı həyata keçirilir. 2024-cü ilin fevralından fəaliyyətə başlayan proqram çərçivəsində avtomobilini utilizasiyaya verən vətəndaşlara birdəfəlik ödəniş və ya yeni yerli istehsal avtomobilinin alınması üçün güzəşt təklif olunur. Bu mexanizmin maliyyələşdirilməsi üçün dövlət büdcəsinin tərkibində ayrıca fond yaradılıb. İndi həmin fondun ləğvi, güzəştlərin və birdəfəlik ödənişlərin isə birbaşa dövlət büdcəsi hesabına maliyyələşdirilməsi təklif edilir.

Bəs cəmi iki ildən artıq fəaliyyət göstərən fondun ləğvi hansı zərurətdən yaranıb? Bu dəyişiklik utilizasiya proqramının gələcək fəaliyyətinə necə təsir göstərəcək?

“Dəyişiklik mexanizmin səmərəli təşkilini nəzərdə tutur”

“Təmiz Şəhər” ASC-dən “Kaspi” qəzetinə verilən məlumata görə, nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi ölkədə məqsədli büdcə fondlarının fəaliyyətinin və büdcə maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi prosesi ilə bağlıdır: “Bu dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2026-cı il tarixli Fərmanından irəli gəlir. Nəzərdə tutulan dəyişikliklər mövcud mexanizmlərin ləğvini deyil, onların daha səmərəli təşkilini və təkmilləşdirilməsini nəzərdə tutur. Nəqliyyat vasitələrinin utilizasiyası proqramının maliyyələşdirilməsində, güzəştlərin və birdəfəlik ödənişlərin verilməsində heç bir dayanma olmayacaq. Proqram fəaliyyətini davam etdirəcək, proseslər isə yeni idarəetmə mexanizminə uyğun şəkildə həyata keçiriləcək”.

“Hər beş avtomobildən biri standartlara cavab vermir”

Qurumdan bildirilir ki, ölkəmizdə hər il istismarda olan çoxsaylı nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir: “Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyata alınması üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 4 utilizator (Bakıda, Abşeron rayonunda, Sumqayıtda və Gəncədə) reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb. Nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal istifadəyə verilib. Mövcud tələblərə əsasən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilən qaydada əvvəlcə nəqliyyat vasitəsi dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılmalıdır. Daha sonra zəruri məlumatlar istifadəyə verilmiş www.nvu.gov.az elektron portalına daxil edilərək, ərizəçiyə göndərilən elektron məlumat əsasında nəqliyyat vasitəsi qəbul məntəqəsinə təhvil verilməlidir. Nəqliyyat vasitəsi utilizasiyaya təqdim edildikdən sonra onu utilizatora təhvil verən şəxsə təsdiqedici sənəd təqdim edilir. Həmin sənəd əsasında birdəfəlik ödəniş və ya yerli istehsal olan yeni nəqliyyat vasitəsinin alınması üçün güzəşt əldə etmək mümkündür”.

“42 431 nəqliyyat vasitəsi utilizasiyaya verilib”

“Təmiz Şəhər” ASC-nin məlumatına görə, qurumun operatorluğu ilə həyata keçirilən proses çərçivəsində 2024-cü ilin oktyabr ayından indiyədək 42 431 nəqliyyat vasitəsi utilizasiyaya verilib və bu rəqəm hər gün artmaqdadır: “Nəqliyyat vasitələrinin utilizasiyası proqramı çərçivəsində 2 225 ədəd yerli istehsal olan yeni nəqliyyat vasitəsinin güzəştlə satışı həyata keçirilib, 1,3 milyon manatdan çox birdəfəlik ödəniş isə ərizəçilərin bank hesablarına köçürülüb. Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında aparılır və məcburi xarakter daşımır”.

“Məqsəd maliyyə nəzarətini gücləndirməkdir”

Utilizasiya fondunun ləğvinin büdcə vəsaitlərinin idarə olunmasına, eləcə də utilizasiya proqramının gələcək maliyyələşdirilməsinə mümkün təsirlərindən danışan maliyyəçi-ekspert Namiq Hüseynov bildirir ki, fond Prezident İlham Əliyevin bu il sentyabrın 10-da imzaladığı “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmana əsasən ləğv olunur: “Söhbət təkcə utilizasiya fondundan deyil, ümumilikdə 8 fonddan gedir. Ləğvetmə ilə əlaqədar bir sıra qanunlarda dəyişikliklər edilir və “Tullantılar haqqında” Qanuna dəyişiklik də bundan irəli gəlir. Məqsəd utilizasiya ilə bağlı əldə olunan gəlirlərə nəzarətin gücləndirilməsi, utilizasiya haqlarının birbaşa dövlət büdcəsinə daxil olması və bu istiqamətdə xərclərin də birbaşa büdcədən, mərkəzləşdirilmiş qaydada həyata keçirilməsidir. Bu, Azərbaycanda dövlət maliyyəsinin idarə edilməsi ilə bağlı son illər həyata keçirilən islahatların tərkib hissəsidir”.

“Səlahiyyətlər “əl dəyişir”

Ekspert vurğulayır ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun ləğvi dövlət proqramının həyata keçirilməsinə heç bir formada təsir etməyəcək: “Sadəcə, utilizasiya ilə bağlı səlahiyyətlər, belə demək mümkünsə, “əl dəyişir”. İndiyədək utilizasiya fondu vasitəçi qurum kimi çıxış edirdi. Bundan sonra belə vasitəçilik olmayacaq, utilizasiya prosesi çərçivəsində həm daxilolmalar, həm də xaricolmalar birbaşa büdcə səviyyəsində icra olunacaq”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər