• cümə axşamı, 25 aprel, 15:05
  • Baku Bakı 23°C

Əziz Ələkbərli: Birgəyaşayışın Ermənistanda da təmin edilməsi şərt olmalıdır

28.12.22 12:19 1387
Əziz Ələkbərli: Birgəyaşayışın Ermənistanda da təmin edilməsi şərt olmalıdır

Dekabrın 24-də Azərbaycan və dünya ictimaiyyəti Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin növbəti qətiyyətli, gələcəyə hədəflənmiş tarixi addımının şahidi oldu.

Bu fikri Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib.

O qeyd edib ki, indiyə qədərki doğum günlərini illərlə yurd-yuvasından didərgin salınmış məcburi köçkünlərimizin arasında keçirən Prezidentimiz bu dəfə 34 il əvvəl erməni vandalizminin qurbanı olmuş Qərbi Azərbaycan qaçqınlarının yanında olmağı tərcih etdi. Həm də əvvəllər Qarabağ icmasının yerləşdiyi və bu gün Qərbi Azərbaycan İcmasının istifadəsinə verilmiş binada. Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində: “Mən hesab edirəm ki, ən düzgün yer, ən düzgün qərargah məhz bu bina olmalıdır, burada vaxtilə yerləşmiş Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”, – deyərək bununla işğalçı Ermənistana və onun havadarlarına öz qəti mesajını verdi.

Qərbi Azərbaycan ərazisinin əzəli Azərbaycan torpaqları olması barədə tarixi həqiqətləri dilə gətirən Prezident son iki yüz ildə ermənilər tərəfindən dəfələrlə deportasiya, soyqırımı və etnik təmizləmələrə məruz qalan soydaşlarımızın tarixi-mənəvi haqqının bərpa olunmasınının bütün beynəlxalq konvensiyalara uyğun olduğunu diqqətə çatdırdı.

Prezident İlham Əliyev çıxışında Qərbi Azərbaycan İcmasının qarşısında duran vəzifələr üzərində xüsusi dayanaraq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması tapşırığını verdi və bildirdi ki, indi bizim gündəliyimizdə duran əsas məsələ budur.

“Qərbi Azərbaycan həqiqətlərinin üzə çıxarılmasından, dünya ictimaiyyətinə çatdırılmasından, bununla da erməni faşizminin əsl yırtıcı mahiyyətinin aşkar olunacağından qorxuya düşən erməni cameəsi artıq bir neçə gündür ki, vahimə içindədir, ənənəvi olaraq qara-qışqırıq salmaqdadır. Halbuki biz elə də çox şey istəmirik. Doğulub boya-başa çatdığımız elə və evə dönmək istəyirik. Əcdadlarımızın gözü yolda qalan məzarlarını ziyarət etmək istəyirik. Əgər Azərbaycan ərazisində azərbaycanlılarla ermənilərin birgəyaşayışı mümkün olacaqsa, belə birgəyaşayışın Ermənistanda da təmin edilməsi şərt olmalıdır.

Verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizdə bizə yaratdığı hərtərəfli şəraitə görə möhtərəm Prezidentimizə, Müzəffər Ali Baş Komandanımıza Qərbi Azərbaycan İcmasının bütün üzvləri adından öz təşəkkürümüzü bildiririk. Şübhə etmirik ki, xalqımız, dünya azərbaycanlıları və bütün Türk dünyası 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi birliyi, həmrəyliyi bizim bu haqq işimiz uğrundakı mübarizəmizdə də nümayiş etdirəcək və tarixi torpaqlarımıza qayıdış uğrundakı mübarizəmizdə İcmamızın yanında olacaqdır. Heç bir qüvvə bizi bu yoldan döndərə bilməz. Çünki bu yol Vətən yoludur, Azərbaycanın bütövlüyünə aparan yoldur! Biz bu yola artıq çıxmışıq və bu yolun geriyə dönüşü yoxdur”, - deyə Ə.Ələkbərli fikrini yekunlaşdırıb. (Azərtac)

banner

Oxşar Xəbərlər