• bazar ertəsi, 10 noyabr, 02:12
  • Baku Bakı 14°C

“Zəfərə gedən yolu heç vaxt unutmamalıyıq” - MƏKTƏBDƏ

09.11.25 02:29 254
“Zəfərə gedən yolu heç vaxt unutmamalıyıq” - MƏKTƏBDƏ

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi, ehtiyatda olan kapitan Elvin Hüseynov: “Bu Zəfər bizə milli kimliyimizi qaytardı, milli oyanışımıza təkan verdi. Suverenliyimizi, torpaqlarımızın bütövlüyünü bərpa etdi, qəddimizi dikəltdi. Bizi indi bütün dünyada tanıyır və qəbul edirlər”.

”Vətən Müharibəsi xalqımızın nə qədər vətənpərvər, böyük olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı”. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə “Kaspi” qəzetinin birgə reallaşdırdığı “Məktəbdə” layihəsi çərçivəsində  paytaxtdakı 151 nömrəli tam orta məktəbdə keçirilən tədbir böyük Zəfərimizin 5 illik yubileyinə təsadüf etdi. 

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi, ehtiyatda olan kapitan Elvin Hüseynov şagirdlərə müharibə xatirələrindən, rəhbərlik etdiyi fondun fəaliyyətindən və Zəfərin dəyərindən danışdı.

“Bu, bizim üçün böyük şərəfdir”

E.Hüseynov özü haqqında məlumat verərək Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, daha sonra isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil aldığını bildirdi: “2006-2007-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Zabit İxtisas Kursunu müvəffəqiyyətlə bitirib, müxtəlif hərbi hissələrdə, daha sonra Xüsusi Təyinatlı Qüvvələrdə hərbi xidmətimi davam etdirmişəm”. Müharibə qazisi Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xüsusi döyüş əməliyyatlarını yerinə yetirərkən 2 dəfə yaralanıb, səhhəti ilə bağlı ehtiyata buraxılıb. Prezidentin Sərəncamı ilə “İgidliyə görə” və digər medallarla təltif edilib: “Zəfərdən bir ay sonra Prezidentin fərmanı ilə yaradılan “YAŞAT” Fonduna rəhbər təyin olundum. Mənim ən yaxın silahdaşlarım müharibədə şəhid və qazi oldular. Bu gün ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olaraq şəhidlərimizin ailələrinə və qazilərimizə dəstək göstəririk. Bu, bizim üçün böyük şərəfdir”.

“Onların əsas amalı torpaqlarımızın azadlığı olub”

Qonaq “Mən monoloqdan çox dialoqu xoşlayıram”, - deyə məktəbliləri maraqlandıran sualları cavablandırmağa hazır olduğunu bildirdi. 

E.Hüseynov qeyd etdi ki, qəhrəmanlar təkcə döyüş meydanında yetişmir: “Ötən ilin dekabr ayında Azərbaycana məxsus təyyarə Qazaxıstanda qəzaya uğradı. O zaman ekipaj üzvləri əsl qəhrəmanlıq göstərərək qəzalı vəziyyətdə olan təyyarənin sərnişinlərinin əksəriyyətini xilas edə bildilər. Ekipaj üzvləri isə qəhrəmanlıqla həlak oldular. Onlara Milli Qəhrəman adı verildi. Düzdür, döyüş meydanında daha çox insanlar qəhrəmanlıq göstərirlər. Bizim Himnimizə nəzər salın: ”Hüququndan keçən əsgər” misrası var. İnsanın ən ali hüququ yaşamaq hüququdur. Bizim qəhrəmanlarımız könüllü surətdə bu hüquqlarından məhrum olub, Vətənin azadlığı uğrunda canlarını fəda ediblər. İndi əlil arabasına məhkum olan, sağlamlığını itirən nə qədər qazimiz var. Onların əsas amalı torpaqlarımızın azadlığı olub”. E.Hüseynov qeyd etdi ki, hər bir insan çalışdığı sahəyə töhfə verərsə, bu, qəhrəmanlıqdır: “Sizin hər biriniz sabah orta məktəbi bitirib işlədiyiniz sahədə Vətənə öz layiqli töhfənizi verə bilərsiniz. Bu, elə Vətənə xidmət deməkdir”. Qonaq əlavə etdi: “Hələ hərbi liseydə oxuyanda biz bilirdik ki, torpaqlarımız işğal altındadır və biz onun azad olunması üçün hər an hazır olmalıyıq. Biz bunun üçün döyüş, fiziki və taktiki hazırlıqlarımızı daim təkmilləşdirirdik. Bilirdik ki, cənab Prezident nə vaxt əmr versə, döyüşə hazır olmalıyıq. Müharibədə mənim ən yaxın silahdaşlarım iştirak edirdilər. “Biz onlar üçün nə edə bilərik?”- deyə düşünürdük. Sonra özümüz də müharibə iştirakçısı kimi Vətənə xidmətimizi göstərdik. Xatirələrimiz qürurludur. İndi Zəfərimizin 5 illiyidir. Amma mənim bir gözüm gülürsə, bir gözüm ağlayır. Çünki mən müharibədə ən yaxın silahdaşlarımı itirmişəm”. E.Hüseynov müharibə xatirələrinin həmişə yaddaşında oyaq olduğunu bildirdi: “Müharibədə dostunu itirmək, yoldaşlarının yaralandığını görmək çox dəhşətlidir. Təsəvvür edin, 20 il bir yerdə olduğun dostunu itirirsən. Amma sənin missiyan var. Düşmənə nifrət, Vətənə sevgi ilə döyüşə getməlisən...” Qonaq qeyd etdi ki müharibədəki döyüş savaş filmlərindəki kimi deyil: “Filmlərdə Rembo təkbaşına bir ordunu məhv edə bilir. Amma real müharibə, savaş meydanı dəhşətlidir. Orada döyüşənlər, qan-qadanı gözləri ilə görənlər qəhrəmanlığın nə olduğunu daha yaxşı bilirlər”. 

“Ən böyük qəhrəmanlar bizim şəhidlərimizdir” 

“YAŞAT”ın rəhbəri dedi ki, torpaqlarımız işğaldan azad olunandan, böyük Zəfər qazanılandan sonra bizimlə bütün dünya hesablaşır: “Bu Zəfər bizə milli kimliyimizi qaytardı, milli oyanışımıza təkan verdi. Suverenliyimizi, torpaqlarımızın bütövlüyünü bərpa etdi, qəddimizi dikəltdi. Bizi indi bütün dünyada tanıyır və qəbul edirlər. Biz güclü xalqın nümayəndəsiyik. Biz Zəfəri qeyd etməliyik, amma Zəfərə gedən yolu heç vaxt unutmamalıyıq. Müharibədə vuruşanların əksəriyyəti gənclər idi. Onlar elə tərbiyə almışdılar ki, Vətən uğrunda savaşı canlarından üstün tutdular. Biz nə qədər qəhrəman olsaq da, bu, şəhidlərimizin igidliyi qarşısında geri qalır. Biz onlardan öyrənməliyik. Təsəvvür edin, müharibədən sonra 120 şəhid övladı dünyaya gəlib. Məgər onlar müharibəyə yollananda övladlarının doğulacağını bilmirdilər? Əmin olun, bilirdilər. Ancaq onlar Ana Vətənin çağırışına getdilər. Biz “YAŞAT” Fondu olaraq daim onların yanındayıq. Şəhid ailələri ilə görüşmək həmişə çətindir. Amma o uşaqlar heç vaxt atalarını görməyəcəklər. Onların ataları xalqımız, dövlətimiz üçün canlarını fəda edib. Ən böyük qəhrəmanlar bizim şəhidlərimizdir”.  

E.Hüseynov rəhbərlik etdiyi fondun fəaliyyəti haqqında danışaraq, “YAŞAT”ın əsas dörd fəaliyyət istiqaməti olduğunu bildirdi: “Şəhid ailələrinin və qazilərimizin məişət şəraitinin yaxşılaşdırılması, istehlak kreditləri, tibb və təhsil. Ailələr hər dörd istiqamət üzrə müraciət etmə hüququna malikdirlər. Vətəndaş hansı müraciətin daha tez həll olunmasını istəyirsə, ilk növbədə o məsələ həllini tapır. Digər müraciətlərə isə növbə ilə baxılır”. “YAŞAT” rəhbəri fondun ilkin fəaliyyət göstərdiyi vaxtlara qayıdaraq o zaman ianə kampaniyasının daha güclü olduğunu da qeyd etdi: “Müharibə dövründə ordumuzun maddi-texniki təminatının yüksək səviyyədə təşkil olunmasına baxmayaraq, Azərbaycan xalqı “hər şey cəbhə üçün” deyib, orduya gücü çatan qədər köməklik göstərdi. Uşaqdan böyüyə, hər kəs qələbədə öz payının olmasını istəyirdi. Xalqımız ordumuzun yanında idi.  

Əsgərlərimiz deyirdi ki, məktəblilərin yazdığı məktublar onlar üçün ən böyük motivasiya olub. Ayrı-ayrı şəxslər, təşkilatlar, dövlət və özəl şirkətlər fonda könüllü yardımlar göstərirdi. Sosial sifariş vardı. Vətəndaş cəmiyyətinin istəyi ilə vahid, mərkəzləşdirilmiş platforma yaradıldı. Prezident də bu istəyi nəzərə alaraq, 2020-ci ilin dekabrın 8-də “YAŞAT” Fondunun yaradılması haqqında fərman imzaladı. Dərhal struktur formalaşdırıldı. Bu fond dövlətin həyata keçirdiyi sosial layihələrə dəstək məqsədilə yaradıldı. İnsanlar və qurumlar fonda yardımlar edirdilər. İlk illərdə artım dinamikası daha yüksək idi. İndi həmin dinamika bir qədər zəifləyib. Fondun maliyyəsi ianə əsasında formalaşır. Biz ianə etməyi əlçatan etmişik. Dünya ölkələrində yaşayan azərbaycanlılar da şəhid ailələrinin və qazilərimizin ailələrinə, onların övladlarının təhsilinə yardım edirlər”.

“Həmişə xəyal qurun, hədəfləriniz böyük olsun”

E.Hüseynov “YAŞAT”ın təhsillə bağlı fəaliyyət istiqamətinə diqqət çəkdi: “Şəhid ailələri ali təhsil müəssisələrinə ödənişli əsaslarla qəbul olurlarsa, təhsil haqqı dövlət tərəfindən qarşılanır. Ölkə xaricində təhsil almaq istəyən şəhid ailəsi üzvü isə bizə müraciət edə bilər.

Dünyanın 100 ən yaxşı universitetindən birinə qəbul olan tələbənin təhsil haqqı “YAŞAT” Fondu tərəfindən tam qarşılanır. Eyni zamanda, fond özəl təhsil müəssisələri ilə əməkdaşlıq edir.  Bundan əlavə, “YAŞAT” Fondu tərəfindən dəstəklənən şəhid övladları var. Biz istəyirik ki, şəhid övladları ölkə xaricinə çıxsınlar, dünyanı görsünlər. Buraxılış imtahanlarının nəticələrinə görə ilk onluqda olan şəhid övladları nüfuzlu xarici universitetlərin kamplarına göndərilir. Bu, onların dünyagörüşlərinin genişlənməsinə təsir edir. Əgər həmin uşaqların potensialı imkan verərsə, qoy ABŞ, Kanada, İngiltərə universitetlərinə oxumağa getsinlər. Sonra da qayıdıb Vətənə xidmət etsinlər. Bu istiqamətdə fondumuz onlara bütün dəstəyini göstərir”. “YAŞAT”ın rəhbəri məktəblilərə tövsiyələrini də verdi: ”Heç vaxt təşəbbüskar olmaqdan çəkinməyin. Təşəbbüskarlıq sizin əsas bacarıqlarınızdan biri olmalıdır.

Çalışıb yeni yanaşma, ideya ilə çıxış edin. Hər şey təhsildən başlayır. Bu gün texnologiya dövrüdür. 4-cü Sənaye İnqilabında yaşayırıq. Siz istəsəniz, Azərbaycanı texnologiya ölkəsinə çevirə bilərsiniz. Necə ki, Estoniya vətəndaşları öz ölkələrini rəqəmsal ölkəyə çeviriblər”. E.Hüseynov şagirdlərə məsləhət gördü ki, peşə seçimində öz istəklərinə üstünlük versinlər: “Bəzən uşaqlar valideynin təhriki ilə hansısa ixtisası seçməli olurlar. Bu, sonradan peşmanlıq yaradır. Öz seçiminizi özünüz edin. Peşə seçərkən 10 ildən sonrakı əmək bazarını nəzərə alın. Unutmayın ki, bugünkü peşələrin çoxu 10 ildən sonra olmayacaq, əvəzində yüzlərlə yeni peşələr yaranacaq.

Siz buna hazır olmalısınız. Həmişə xəyal qurun, hədəfləriniz böyük olsun. Mütaliədən vaz keçməyin. Xarici dilləri öyrənin, amma əsas odur ki, öz dilimizi mükəmməl bilin, dilimizə sahib çıxın. Bu, sizin gələcəkdə mükəmməl və müasir bir vətəndaş kimi formalaşmanıza kömək edəcək. Qəhrəmanlıq həm də yüksək təhsilə, intellektə sahib şəxsiyyət kimi yetişərək Vətənə faydalı olmaqdır!”

Təranə Məhərrəmova   

 

banner

Oxşar Xəbərlər