• bazar ertəsi, 16 sentyabr, 23:03
  • Baku Bakı 25°C

“Zadəgan içkisi”nə artan maraq 

17.08.24 04:45 2252
“Zadəgan içkisi”nə artan maraq 

Bu ilin əvvəlindən başlayaraq Azərbaycanda viski istehsalı ciddi şəkildə artmağa başlayıb. Ekspertlər istehsalın artmasında ölkədə içki zövqünün dəyişməsinin və Rusiya və Belarusa qarşı sanksiyaların xüsusi rol oynadığı qənaətindədirlər. 

Azərbaycanda viski istehsalı üç dəfəyədək artıb. Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında ölkədə 311,4 min dkl viski istehsal edilib. Dövlət Statistika Komitəsinin hesabatında bildirilir ki,  ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 192,4 min dkl və ya 2,6 dəfə artıb.
Bəs viski istehsalının artmasının səbəbi nədir? Azərbaycanda viskiyə tələbat artıb?

Rus idxalçıları Azərbaycana üz tutur

Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Elçin Mədətov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, son dövrlərdə viski istehsalının artımı Rusiya və Belarusa tətbiq olunan sanksiyalarla bağlıdır: “Viskinin klassik istehsalçıları ABŞ və İngiltərə Rusiyaya sanksiyalar tətbiq edirlər. Rus idxalçıları bu tələbatlarını ödəmək üçün Azərbaycan və Orta Asiya ölkələrinə üz tuturlar. Statistikadakı artım sırf bununla bağlıdır”.

Azərbaycan viskisinə tələbat yoxdur?

Assosiasiya sədrinin sözlərinə görə, Azərbaycan viskisinə dünyada və ölkəmizdə tələbat istənilən səviyyədə deyil: “Ümumiyyətlə, öz istehsalımız olan viskinin şərabımız kimi dünyada məşhurluq qazanacağına inanmıram. Azərbaycan şərab istehsalçısı kimi postsovet ölkələrində kifayət qədər tanınır, amma dünya alkoqol istehsalçıları xəritəsində viski istehsalçısı kimi məşhurlaşmayıb. Viski deyəndə Şotlandiya, İngiltərə və ABŞ yada düşür. Rusiya öz tələbatını ABŞ və Avropadan təmin edə bilmədiyi üçün Azərbaycana üz tutur, bu da statistikada özünü göstərir”.

Əhali tədricən araqdan uzaqlaşır

Mütəxəssis vurğulayır ki, dünyada əhali tədricən araqdan uzaqlaşır, elit içkilərə maraq artır: “İxrac statistikasına nəzər saldıqda da görəcəyik ki, istehsalın üç dəfə artması sırf ixracla bağlıdır. Amma o demək deyil ki, ölkə daxilində viskiyə tələbat yoxdur. Tələbat var, amma bu, hələ ki, stabildir. Ümumiyyətlə, dünyada elit içkilərə maraq artır. Yəni əhali tədricən araqdan və digər içkilərdən uzaqlaşıb viski, tekila, rom kimi spirtli içkilərə maraq göstərir”.

Zadəgan içkisi desert kimi təqdim edilir

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Teymur Musayev isə bildirir ki, viski zadəgan içkisi sayılır və əyləncə yerlərində gənclərin ən çox müraciət etdiyi içkidir: “Hazırda yay fəslidir və dəniz mövsümüdür. Viski buz və meyvə ilə təqdim edildiyi üçün xüsusilə bu dövrlər daha çox içilir. Çimərliklərdə desert kimi təqdim edilir. Şərab klassik içkidir, viski isə sırf əyləncə xarakterlidir. Ona görə də statistikada fərqin olmasını normal hesab edirəm”.

Viski istehsalı istənilən səviyyədə deyil

Şərabçılıq üzrə mütəxəssis vurğulayır ki, ölkədə təbii yollarla istehsal edilən viski yox dərəcəsindədir: “Azərbaycanda viski istehsalı istənilən səviyyədə deyil. Hazırda xaricdən gətirilən inqrediyentlər sayəsində istehsal edilir. Təbii yolla, sırf Azərbaycan məhsulları ilə istehsal edilən viski demək olar ki, yoxdur. Çünki viski qarğıdalı, çovdar və yaxud şəkərləndirilmiş arpadan hazırlanır. Hazırlıq prosesində 70 faiz qarğıdalıdan, 30 faizi isə digər dənli bitkilərdən istifadə olunur. Sırf öz istehsalımız azdır, çünki maya dəyəri baha başa gəlir. Hazırlanma prosesi çətindir və hazırda ölkə bazarı üçün bu spirtli içkini istehsal etmək asan deyil”.

Artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var...

İqtisadçı ekspert Fuad İbrahimov deyir ki, artıq ənənəvi içkilərlə yanaşı viskiyə də tələbat var, amma bunu hələ ciddi artım kimi qiymətləndirə bilmərik: “Viski istehsalının həcminin üç dəfəyədək artmasını bu sahədə ciddi sıçrayış kimi hesab edə bilmərik. Sadəcə olaraq, əvvəlki dövrlərdə daha az istehsal olunurdu, indi tələbat qismən artıb. Spirtli içkilərlə bağlı nəzərə almaq lazımdır ki, sovet dövründən Azərbaycanda bu sahədə istehsal olub, şampan, araq, şərab, pivə kimi ənənəvi içkilər bizim cəmiyyətdə qəbul olunub. Sovetlər ərazisində kifayət qədər tanınan brendlərimiz var idi. Bu gün də Rusiya bazarında bizim spirtli içkilər öz yerini tutub. Amma viski ənənəvi içkilərimizlə müqayisədə daha çox qərbyönümlü içki kimi qəbul olunur. Bu içki növü müstəqillik əldə etdikdən sonra postsovet məkanına daxil oldu”.

Viskinin populyarlaşması proqnozlaşdırılır 

İqtisadçı bildirir ki, biz müasir dövrdə müşahidə edirik ki, məclislərdə viskidən istifadə edənlərin sayı artır, hətta bəzən ənənəvi içkiləri üstələyir: “Müsbət hal odur ki, artıq viski yerli istehsal formatında bazara daxil olub və xaricdən gələn digər məhsullarla sağlam rəqabət apara bilir. Hazırda viskinin digər içkilərdən daha çox istifadəsi proqnozlaşdırılır və bu, mərhələli şəkildə artacaq. Çünki yerli istehsal olduğu üçün qiymət əlçatanlığı da insanların istifadə imkanlarını reallaşdırır”.

Aygün Əziz

 

banner

Oxşar Xəbərlər