Yeniyetmələri zəhərləyən yeni trend
Bugünlərdə Ombudsman energetik içkilərin uşaqlara təsiri ilə bağlı çağırış edib. Çağırışda energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri uzun illərdir ki, uşaqlar və yeniyetmələr tərəfindən enerji içkilərinin istehlakının sağlamlığa ciddi zərər verməsi barədə xəbərdarlıq edirlər. Son vaxtlar aparılan tədqiqatlar da enerji içkilərinin məktəblərdə yeniyetmələr arasında davranış problemlərinin və zorakılığın artmasında, riskli davranışlarda əhəmiyyətli rol oynadığını göstərir.
Bugünlərdə energetik içkilərin uşaqlar tərəfindən istifadəsi ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) açıqlaması da bu tip narahatlıqlardan qaynaqlanır. Ombudsmanın müstəqil monitorinq mexanizmi ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında yetkinlik yaşına çatmayan şəxslərin energetik içkilərdən istifadəsinin sistemli xarakter aldığını qeydə alıb. Bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları, avtomatlaşdırılmış satış terminalları və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki olaraq tətbiq olunmadığı müşahidə olunub.
Ombudsman vəziyyətlə bağlı çağırış edərək bu kimi halların davam etməsinin uşaqların konstitusion hüquqlarının, xüsusilə sağlamlıq hüquqlarının təmin olunmasında maneələr yaratdığını bildirib. Çağırışda energetik içkilərin uşaqlar tərəfindən istifadəsinin qarşısının alınması üçün qüvvədə olan qanunvericiliyin və bununla bağlı mövcud nəzarət mexanizmlərin təkmilləşdirilməsinə ehtiyac olduğunu da bildirib.
Səhiyyə işçiləri, psixoloqlar və digər ekspertlər də problemin kifayət qədər ciddi olduğunu bildirirlər.
“Uşaqların yuxuları pozulur, akademik göstəriciləri aşağı düşür”
Azərbaycan Tibb Universitetinin (ATU) uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri Şəhla Balayeva hesab edir ki, 16 yaşa qədər uşaqların energetik içkilərdən istifadə etməsi ümumiyyətlə, düzgün deyil: “Bu içkilər ürək-qan damar sisteminə güclü mənfi təsir göstərir. Maddələr mübadiləsinin pozulmasına, həyəcanlılığın artmasına, sinir sisteminin pozuntusuna səbəb olur. Uşaqların yuxuları pozulur, akademik göstəriciləri aşağı düşür. İstifadənin dövriyyəsindən və uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq təsirlər dəyişir. Energetik içki içən adamlarda qəfil ürək dayanmasının baş verməsi ilə bağlı çoxlu nümunələr var”. Ş.Balayeva hesab edir ki, bu içkilər yeniyetmələrə satılmamalıdır: “Bununla bağlı ilk növbədə profilaktik maarifləndirmə işi aparılmalıdır. Hazırda energetik içkilərin reklamı çox güclüdür. Əslində bu içkilərin kiçik yaşlı uşaqlara satışı qadağan olunmalı, reklamının qarşısı alınmalıdır. Cəmiyyətdə hörməti olan insanların bu içkiləri reklam etməsi onların uşaqlar arasında geniş yayılmasının əsas səbəblərindən biridir. Təəssüf ki, alkoqollu içkilərin, siqaretin reklamı qadağan edilsə də, bu məhdudiyyət hələ energetik içkilərə gəlib çatmayıb”.
“Uşaqlara satışına qadağa qoyulmalıdır”
Həkim-terapevt Məlahət Abbasovanın sözlərinə görə, energetik içkilər orqanizmdəki enerji balansını pozur: “Bu içkilər böyüklərə də ziyandır, amma uşaqlara daha çox zərər verir. Çünki uşaqların orqanizmi tam formalaşmayıb. Energetik içkilər hormon balansının pozuntusuna səbəb olur, onlarda kofein asılılığı yaradır. Uzun müddət qəbul edəndə onlarda əsəbilik, yuxusuzluq, orqanizmin bərpa prosesinin ləngiməsi, psixoloji hallar kimi fəsadlar meydana çıxır. Qız uşaqları bu içkilərdən istifadə edirlərsə, dünyaya sağlam uşaq gətirə bilməzlər”. M.Abbasova hesab edir ki, ilk növbədə valideynlər uşaqlarına nəzarəti gücləndirməlidirlər: “Fikrimcə, bu məsələyə aidiyyəti qurumların da nəzarəti güclənməlidir. Əgər bu içkilər böyüyən nəslə ziyandırsa, onun satışı nizamlanmalı, müəyyən yaş uşaqlara satışına qadağa qoyulmalıdır”.
“Uşağa ilk növbədə energetik içkinin tərkibi izah olunmalıdır”
Psixoloq Aysel Həsənova yeniyetməlik dövrünün insan həyatında həm fizioloji, həm psixoloji, həm də sosial olaraq ağır və böhran dövrü olduğunu bildirir: “Bu dövrdə uşaqlar daha çox emosiya və hisslərlə hərəkət edirlər. Ona görə bu içkilər onlarda mənfi nəticələrə səbəb ola bilir. Nəzərə almaq lazımdır ki, yuxu pozuntusundan əziyyət çəkən, diqqətində problem yaranan, akademik təzyiq altında olan, emosional dəstəyi az olan uşaqlar daha çox risk qrupun daxil olur”. Psixoloq tövsiyə edir ki, içkinin zərərini başa salmaq üçün uşağı qorxutmaq yox, maarifləndirmək lazımdır:
“Uşağa ilk növbədə energetik içkinin tərkibi izah olunmalıdır. Uşaqlar bilməlidirlər ki, “için, qanadlanın!” kimi reklamlar mifdir. Mövzu ilə bağlı müzakirələr, psixoloji seminarlar keçirilməli, sağlam alternativlər, müsbət rol modellər olmalıdır”.
Həm əhali, həm dövlət orqanları çalışmalıdır
Hüquqşünas Ruslan Vəliyev enerji içkiləri ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sanitar norma və qaydalarının müəyyən olunduğunu bildirir: “Enerji içkilərində olan komponentlərin miqdarı həmin qaydalardan kənardırsa, AQTA həmin mallara dair istehsalçılara və ölkəyə idxala qadağa qoymalı, ya da satışdan çıxarılmalıdır”. Hüquqşünas hesab edir ki, Ombudsmanın çağırışı dövlət qurumlarına təsir etməlidir: “AQTA energetik işçilərin özünün təsdiq etdiyi norma və qaydalara uyğunluğunu yoxlamalıdır. Ombudsmanın belə tədbirlər görmək səlahiyyəti olmadığı üçün ümumi çağırış edib: həm əhali buna bir az həssas yanaşsın, həm də dövlət orqanları lazımı addımlar atsın. Hesab edirəm ki, bu çağırışdan sonra enerji içkilərinin ölkəyə idxalına və istehsalına nəzarət artırılmalıdır”.
Təranə Məhərrəmova