Yeni dövr üçün yeni vəzifələr - TƏHLİL
Artıq ölkəmizin qarşısında yeni hədəflər, vəzifələr var. Prezident İlham Əliyevin andiçmə mərasimində açıqladığı bu məqamlar gələcək inkişafımızın əsas konturlarını təşkil edəcək.
Növbədənkənar seçkilərdə böyük səs çoxluğu ilə inamlı qələbə qazanan Prezident İlham Əliyev fevralın 14-də Milli Məclisdə and içərək rəsmən müstəqillik tariximizdə yeni dövrün başlandığını elan etdi. Dövlət başçısı çıxışında yeni dönəmdə qarşımızda duran əsas vəzifələr və hədəfləri də göstərdi. Prezident bildirdi ki, biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq: "Bu dövrün böyük nailiyyətləri olacaq, mən buna şübhə etmirəm". Dövlət başçısının çıxışından da göründüyü kimi, yeni dövrün əsas hədəfi yenə də güclü Azərbaycandır. Bu hədəfə çatmaq üçün atılacaq addımlar, görüləcək işlər hələ qabaqdadır.
Güclü ordu quruculuğu prosesi davam edəcək
Qüdrətli Azərbaycan həm də güclü ordu deməkdir. Təsadüfi deyil ki, Ali Baş Komandan qarşıda duran əsas vəzifələrdən danışarkən öncə məhz bu məqamı vurğuladı: "Bu gün Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, lazımi silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. Biz elə Ordu yaratmışıq ki, - bundan sonra da bu işlər davam edəcək, - heç kim bizə sataşa bilməz və gələcəkdə də belə bir fikirdə ola bilməz".
Təbii ki, güclü ordu quruculuğu prosesi bəzi kompleks addımların atılması zərurətini ortaya qoyur. Bu məsələdə əsas diqqət yetirilməli məqamlardan biri ölkənin müdafiə sənayesinin inkişafıdır. Prezident bildirib ki, Azərbaycan hazırda çox güclü hərbi sənaye kompleksi yaradıb, artıq bunun birinci mərhələsi başa çatıb: "İkinci mərhələsi daha genişmiqyaslı olacaq. Təkcə bu il bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq və biz özümüzü bundan sonra daha böyük həcmdə silah-sursatla, texnika ilə təmin edəcəyik, daha böyük həcmdə ixrac edəcəyik və bu sahədə də müəyyən dərəcədə, deyə bilərəm ki, böyük dərəcədə xarici asılılıqdan canımızı qurtaracağıq".
Sərhədlərimizin mühafizəsi gücləndiriləcək
Hər bir güclü dövlətin əsas göstəricilərindən biri xarici təhdidlərə qarşı müdafiə refleksi, önləyici tədbirləridir. Bu işdə xüsusi diqqət suveren dövlətin əsas atributlarından sayılan sərhədlərin mühafizəsinə yönəlir. Dövlət başçısının sözlərinə görə, yeni dönəmdə qarşımızda dayanan əsas vəzifələrdən biri də sərhədlərimizin müdafiəsinin gücləndirilməsidir: "Sərhədimiz elə möhkəm bağlı olmalıdır ki, bir quş belə uça bilməsin. Sərhədlərimizin qorunması, eyni zamanda, bizi xarici risklərdən qoruyacaq. Çünki ölkə daxilində risklər yoxdur. Bütün mümkün olan potensial risklər ölkəmizin hüdudlarından kənarda yerləşir və formalaşır. Təhlükəsizlik tədbirlərinin bundan sonra da görülməsi vacib vəzifə kimi qarşıya qoyulur".
Dövlət başçısı Azərbaycana xaricdən gələ biləcək təhdidlərin əsas hədəfini də göstərib - gənc nəsil. Prezident bu məqamın da təhlükəsizliyimiz baxımından çox mühüm olduğu qənaətindədir: "Biz elə bir gənc nəsil yetişdirməliyik ki, onlar da daim bizim kimi milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar, onların beyinləri saf olsun. Heç kim onların beyinlərini zəhərləmək istəyəndə uğura nail olmasın".
Qarabağ və Şərqi Zəngəzurun bərpası
Prezidentin də vurğuladığı kimi, yeni dövrdə növbəti önəmli vəzifə Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə yerləşdirilib və bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. "Bizim planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Biz Böyük Qayıdış proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq", - deyə dövlət başçısı vurğulayıb.
Sağlam təməl üzərində qurulan iqtisadi inkişaf
Təbii ki, bütün bu işlərin həyata keçirilməsinin əsasında güclü iqtisadiyyat dayanır. Ölkəmizin iqtisadi göstəriciləri hədəflərə çatmaq üçün iqtisadi bazisin sağlam təməllərə sahib olduğunu göstərir. Dövlət başçısının da vurğuladığı kimi, 2003-cü ildə bizim ümumi daxili məhsulumuz 7 milyard dollar idi, keçən ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollardır: "Bizim 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır və biz bu 20 il ərzində görün öz valyuta ehtiyatlarımızı nə qədər artırmışıq”.
Prezident qarşıda dayanan hədəflər sırasında vətəndaşların sosial rifah halının daha da yaxşılaşdırılmasını, yoxsulluq səviyyəsinin azaldılmasını, yeni iş yerlərinin açılmasını da xüsusi qeyd edib.
"Bizim ailəmiz Türk dünyasıdır"
Prezidentin çıxışında yeni dönəm xarici siyasət kursumuzun əsas istiqamətləri və hədəfləri də açıq şəkildə göstərilib. Azərbaycanın bundan sonrakı xarici siyasətində əsas istiqamətlərdən biri türk dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi olacaq. Bunun səbəblərini açıqlayan Prezidentin səsləndirdiyi arqumentlər isə tam əsaslı və məntiqlidir: "İlk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər və bunu artıq gizlətmirlər".
"Gedin, öz işinizlə məşğul olun"
Dövlət başçısının çıxışında ən çox diqqəti cəlb edən məqamlardan biri Azərbaycan-Ermənistan münasibətlərinə ən sonda toxunması idi. Prezident bunun səbəbini açıq mətnlə hər kəsin diqqətinə çatdırdı: "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən düşməlidir. Çünki yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir, gedin, öz işinizlə məşğul olun. Ona görə mən bu mövzuya, ümumiyyətlə, çox vaxt ayırmaq istəmirəm, çünki buna dəyməz. Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək".
Azad Əliyev