Yeni Bakı, köhnə binalar
Sıralama üzrə bütün köhnə binalar zaman keçdikcə yerini yenitikililərə verəcək. Burada əsas məsələ onların istismara yararlılıq müddətidir. Ekspertlər 1980-ci illərdə inşa olunan 7-9 mərtəbəli binaların istismar müddətinin hələ başa çatmadığını söyləyirlər.
Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Baş planda əksini tapan əsas məsələlərdən biri də köhnə binaların sökülməsidir. Belə ki, 2040-cı ilə qədər Bakıdakı köhnəlmiş mənzil fondunun ümumi sahəsinin iki dəfədən çox azaldılması nəzərdə tutulub. Əslində Bakıda köhnə mənzil fondunun yenilənməsi prosesi bir müddətdir davam edir. Tikinti şirkətləri “xruşşovka” layihəli köhnə beşmərtəbələri söküb yerində çoxmərtəbəli evlər tikirlər. Amma Baş planda köhnəlmiş mənzil fondunun yarısının yenilənməsi hədəf kimi qoyulursa, deməli, növbəti illərdə beşmərtəbəli binalarla yanaşı, digər binaların da sökülməsi reallaşa bilər. Bu halda köhnə 7-9 mərtəbəli binalar da bu plan çərçivəsində sökülə bilərmi?
Bu proses panel doqquzmərtəbələrə də keçə bilər
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirdi ki, ümumi mənzil fondunda köhnə tikililərin payı azalmaq üzrədir: “Müəyyən bir dövr olacaq ki, ümumiyyətlə Bakıda köhnə binalar qalmayacaq. Çünki müasir dövrün tələbi geniş otaqlar və işıqlı mənzillərdir. Hazırda, əsasən “xruşşovka”lar sökülür. Gələcəkdə bu proses panel doqquzmərtəbələrə də keçə bilər. Panel doqquzmərtəbələrin istismar müddəti bitməyib. Bir müddətdən sonra onların da yenilənməsinə ehtiyac duyulacaq. Sıralama üzrə bütün köhnə binalar yerini yenitikililərə verməlidir. Burada əsas məsələ onların istismar müddətidir. Elə tikililər var ki, 1980-ci illərdə tikilib. Həmin binalar istismara yararlıdırlar. 2040-cı illərdə onların istismar müddəti bitəcək və bu binalar da sökülməli olacaqlar”.
Həyət evləri də plandadır
V.Orucun sözlərinə görə, hazırda birmərtəbəli həyət evləri stilində tikilmiş və söküntü ərazisinə yaxın yerlərdəki mənzillərin də sökülməsi gözlənilir: “Eyni zamanda, 1940-cı illərdən sonra tikilmiş ikimərtəbəli və üçmərtəbəli binalar, italyan, alman layihələri, “stalinka”lar ardıcıl olaraq söküləcəklər. Onlardan nisbətən yenisi “Leninqrad” və “Minsk” layihələridir. Həmin binaların da istismar müddəti başa çatdıqdan sonra sökülmə ehtimalları yüksəlir. Həyət evləri də söküləcək mənzillər sırasına daxildir. Elə həyət evləri var ki, hasara alınıb və həyətyanı sahə əlavə olunub. Amma bu sahələr qanunsuzdur. Onların da söküləcəyi gözlənilir”.
Müasir tələblərə uyğunlaşdırmaq lazımdır
Müsahibimizin fikrincə, nə qədər ki, köhnə binalar sökülməyib, istismar müddəti tam bitməyib, onların yenilənməyə ehtiyacı var: “Məsələn, müasir dövrün tələblərinə uyğun kanalizasiya və su xətləri çəkmək olar. Təmir, bərpa-quruculuq işləri aparılmalı, köhnə binalar da müasir şərtlərə cavab verməlidir. Beləliklə, onların ömürlərini artırmaq, müasir tələblərə uyğunlaşdırmaq mümkündür. Amma zaman keçdikcə onların da əvəzlənməsinə ehtiyac olacaq”.
Bu binalarda yaşamaq təhlükəlidir
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd etdi ki, istismar müddətini bitirmiş, xüsusən də qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri 2016-cı ildən başlayaraq mərhələli şəkildə sökülərək, yenitikili binalarla əvəzlənir, yaxud həmin ərazilərdə park tipli komplekslər salınır: “Sökülən binaların böyük əksəriyyətinin yaşı 70-80 ili ötüb. Onların istismar müddəti maksimum 70 ilə qədərdir. Sökülən köhnə alman layihəli, “xruşşovka” və iki mərtəbədən ibarət olan yaşayış binalarında yaşamaq insan sağlamlığı üçün təhlükəlidir. Hazırda paytaxt ərazisində 11 minə yaxın istismar müddətini bitirmiş qəzalı bina var ki, onlar ən qısa müddətdə sökülməlidir”.
Daha çox azmərtəbəli binaları sökürlər
E.Fərzəliyev dedi ki, daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil: “Köhnə çoxmənzilli binalara 9-10 mərtəbəyə qədər olanlar aiddir. 1980-ci illərdən sonra tikilmiş binalar 7-10 mərtəbəli binalardır. Həmin çoxmərtəbəli, köhnə tikili binaların istismar müddətinin bitməsinə hələ var. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki, binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinin iflas etməsinə gətirib çıxarar”.
Fəlakətlər baş verməməsi üçün
Ekspertin sözlərinə görə, binaların tez zamanda sökülməsini həyata keçirmək lazımdır: “Söküntüdən əvvəl bütün köhnə yaşayış binalarında müayinələr aparılmalı, hansı binalar qəzalıdırsa, onların qısa müddətdə sökülməsinə start verilməlidir. Əgər qısa müddətdə sökülmələri mümkün deyilsə, həmin müddətə qədər tikinti-bərpa işləri aparmaq lazımdır ki, gələcəkdə hansısa fəlakət nəticəsində dağıntı, insan tələfatı baş verməsin. Binaların sökülüb yenitikili binalarla əvəzlənməsi bəzi ərazilərdə uyğunsuzluq yaradır. Yəni, sökülən hər 3-5 mərtəbəli binanın yerində 16 mərtəbəli bina tikmək binalararası məsafələrin, qaydaların pozulmasına gətirib çıxarır. Bu baxımdan, təsdiq olunmuş Baş Planda bütün bu binaların tikintisi üçün ayrılmış yerlər öz əksini tapmalıdır”.
Zərif Salmanlı