• bazar ertəsi, 23 dekabr, 02:14
  • Baku Bakı 9°C

Yataqxana yox, kirayə də baha - PROBLEM

02.09.23 05:00 3352
Yataqxana yox, kirayə də baha - PROBLEM

Mövsümi olaraq avqust və sentyabrın ilk ongünlüyündə Bakıda kirayə mənzillərə olan tələbat artır. Demək olar ki, hər il tələbələrin kirayə mənzil tapa bilməməsi problemi ilə qarşılaşırıq. Hazırda kirayə mənzil bazarında tələb və təklif balansı pozulub.


Tədris ili yaxınlaşanda valideynlərin ənənəvi problemləri başlayır. Orta məktəblərdə məktəbli forması, ali məktəblərdə kirayə mənzil dərdi. Hər kəs istəyir ki, axtardığını büdcəsinə uyğun, ucuz, amma keyfiyyətli tapsın. Regionlardan ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin valideynləri isə lap çox narahatdırlar. Uzaq, nabələd yerdə valideynlər uşaqlarının kirayəçi ilə birlikdə yaşamasını istəsələr də, tələbələr özləri buna qarşıdır. Universitetə yaxın, metro çıxışlarında mənzillərə isə yaxın durmaq mümkün deyil. 

“Evi qaytaranda aldığımızdan çox təmirinə pul xərcləyirik”

Metronun “İnşaatçılar” stansiyası yaxınlığında yerləşən binada mənzilini kirayə verən şəxs deyir ki, bir neçə il öncə tələbə oğlanlar mənzili yaman günə salıb: “Mənim də oğlum var, lakin o, heç bir kirayə qaldığı mənzilə bu cür laqeyd yanaşmayıb. Bir neçə il öncə 3 tələbə oğlan mənzil axtararkən mənimlə əlaqə saxladı. Evim 2 otaqlıdır. Metro yaxınlığında olmasını istədiklərini dedilər. Dəvət etdim, gəlib baxdılar. Öncədən səliqəli saxlamalarını, öz evləri kimi yanaşmalarını desəm də, il sonunda vəziyyət ürəkaçan olmadı.

Döşəmə cızıq-cızıq, soyuducu xarab, kondisionerin pultu çilik-çilik, hamam otağında səliqəsizlik... Məsələ burasındadır ki, mənim kimi bir çox mənzil sahibləri sırf bu problemə görə insanlardan sənəd istəyir, sorğu-sual edir. Çalışırıq insanın necə biri olduğunu anlayaq. 400-500 manata kirayə verdiyimiz evi geri təhvil alanda aldığımızdan çox təmirinə pul xərcləyirik. Qiyməti də qaldıranda deyirlər bahadır, insafsızlıq edirsiniz. Qızlar nisbətən səliqəli baxır evə, amma onlarda da ayrı problem yaşayırıq. Evi 3 nəfərə kirayə veririk, 6 nəfər qalırlar. Tələbə yoldaşlarını da gətirirlər, kirayə pulu daha az olsun deyə. Tələbələr kirayə mənzil tapmır, amma kirayə mənzillərdən gəlir götürən şəxslər də normal kirayənişin tapa bilmirlər”.

“Heç bir ay öncədən də kirayə üçün ev tapa bilmədik”

 Bu il Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olan N.Zeynalova deyir ki, bir ay öncədən ev axtarmağa başlayıb: “Zaqatalada yaşayıram və ali təhsil almaq üçün Bakıya gəlmişəm. Qəbul olunduğumu eşidəndə sevindim, amma kirayə mənzil problemi ürəyimi sıxdı. Hər kəs deyirdi ki 1 ay öncədən ev tapmaq lazımdır, yoxsa tapa bilməyəcəksən. İnanın ki, heç 1 ay öncədən də tapa bilmədik. Metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında mənzil axtardım, amma 600 manatdan aşağı yoxdur. Olanlar isə çox səliqəsiz, təchizatsız mənzillərdir, aylıq 450 manat kirayə haqqı istəyirlər. Otaq yoldaşı tapmaq da çətindir. İnsan hər kəslə eyni mənzili bölüşə bilmir. Bir nəfər güc-bəla ilə tapırıq, onda da aylıq ödəniş çox olur. Universitetlərə yataqxanalar ayrılsaydı, yaxşı olardı”.

Ekspertlər isə düşünürlər ki, son dövrlərdə paytaxta gələn qonaqların sayının artması, yay fəsli ilə bağlı istirahətə gələnlər, eləcə də ölkənin investisiya cəhətdən diqqət mərkəzində olması bu problemlərə təsir edən amillərdəndir. 

Ekspert Türkiyə təcrübəsini təklif edir 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc deyir ki, müharibədən qalib çıxan bir ölkə olaraq Azərbaycanın investisiya cazibədarlığı daha da artıb: “Digər tərəfdən, mövsümi olaraq avqust və sentyabr ayının ilk on günlüyündə kirayə mənzillərə tələbat artır. Hər il biz tələbələrin kirayə mənzil tapa bilməməsi problemi ilə qarşılaşırıq. Hazırda kirayə mənzil bazarında tələb və təklif balansı pozulub. Bu məsələnin digər alternativ yollarla həllinə çalışılmalıdır. Həll yolu isə Türkiyə təcrübəsində olduğu kimi tələbə yurdları, sovet dövründəki kimi tələbə yataqxanaları inşa etməkdir. Çünki bu gün tələbələrin tək yaşamaq imkanı yoxdur. Şəraitsiz, birotaqlı mənzilin kirayəsi 400-500 manat aralığında dəyişir. Tələbələr bir araya gəlib ödənişi öz aralarında bölməyə çalışırlar. Lakin mənzil sahibləri də bir otaqlı evdə çox tələbənin qalmasını istəmirlər”.

Komfort istəyənin əli cibində gərək

Ekspert onu da əlavə edib ki, bu gün kirayə bazarında qiymətlər bahalaşıb: “Qiymətlər həyət evləri üçün 300-350 manat aralığında, köhnə tikililərdə 450-500, yeni tikililərdə isə komfort səviyyəsindən asılı olaraq 600-700 manat arasında dəyişir. Metro çıxışlarına yaxın, eləcə də şəhər mərkəzində tam əşyalı kirayə mənzillərin 800 manat və daha baha qiymətə təklif edildiyini görürük. Ən çox tələb olunan mənzillər qanuni bir otaq olub, iki otağa düzəldilən mənzillərdir. Bəzi mənzillər isə xarici vətəndaşlar üçün nəzərdə tutulur və kirayə haqları təxminən 1500 manatdan başlayır. Bu mənzillərin kirayəsi ilə bir qrup şəxslər məşğul olur. Bu mənzillər kirayə bazarında cüzi bir hissəni təşkil edir. Makler köməyi ilə əldə edilən mənzillərin aylıq kirayə haqqından əlavə onlara da müvafiq ödənişlər edilir. Bu da mənzil axtaranlara o qədər də sərf etmir”.

V.Oruc bildirdi ki, ailələr övladlarına tək qalması üçün kirayə mənzil tapa bilmirsə, alternativ yollara baş vururlar: “Daha uzaq ərazilərdə mənzil axtarmağa başlayırlar. Bu halda da yol xərci, digər xərclər qaçılmaz olur. Yaxşı olar ki, ailələr kirayə mənzil axtarışına bir qədər erkən başlasınlar. Amma bu problemin həlli üçün dövlət səviyyəsində müdaxilə mütləqdir”.

Tələbə yataqxanasını biznesə çevirmək olar

Özəl tikinti şirkətlərinin, sahibkarların bu sferada yeni biznes növü yarada biləcəklərinə diqqət çəkən ekspert qeyd edib ki, bir yataqxana tikib mütəmadi gəlir mənbəyi kimi biznesə çevirmək mümkündür: “Bir binanı inşa edib satmaq ayrı biznesdir, bir şəhərcik, yataqxana inşa edib onu güzəştli şərtlərlə istifadəyə vermək isə ayrı biznes növüdür. Bu da özəl biznes nümayəndələrini maraqlandırar. Bu həm problemin həllinə, həm də biznes sahəsində yeni inkişaf qollarının, istiqamətlərin yaranmasına töhfə verə bilər”.

Könül Cəfərli

 

banner

Oxşar Xəbərlər