Gözəllik arzusu faciəyə çevriləndə
Üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi. Baş verən hadisələr bir sıra suallara cavab istəyir.
Estetik əməliyyatlar son illərdə geniş yayılsa da, bu əməliyyatların yaratdığı risklər barədə məlumatlar hələ də cəmiyyətdə lazımi qədər ciddi qəbul olunmur. Bir tərəfdən estetik əməliyyatların ciddi tibbi müdaxilə olduğu, hər bir əməliyyatın müəyyən risk daşıdığı barədə maarifləndirmə aparılır, digər tərəfdən həkimlərin lisenziyasının olub-olmaması və ya peşəkarlıqları ilə bağlı birmənalı olmayan fikirlər səslənir. Bəzi pasiyentlər isə araşdırma aparmadan əməliyyat qərarı verməkdə davam edirlər. Məsələn, bir müddət əvvəl üç uşaq anasının estetik əməliyyatlardan sonra vəfat etməsi xəbəri bu sahədə nəzarətin gücləndirilməsinin, həkimlərin peşəkarlığının və pasiyentlərin düzgün məlumatlandırılmasının nə qədər vacib olduğunu bir daha gündəmə gətirdi.
Baş verən hadisələr - ölüm halları, uğursuz əməliyyatlar “Estetik əməliyyatlar zamanı ölüm və ağır fəsadlarla nəticələnən halların əsas səbəbləri nələrdir?”, “Mövcud nəzarət mexanizmləri kifayət qədər effektivdirmi?” kimi suallara cavab istəyir.
Tibbi və hüquqi araşdırma zərurəti
Professor Adil Qeybullanın fikrincə, tibbi müdaxilə zamanı xəstənin sağlamlığına ciddi zərər dəydikdə və ya ölüm baş verdikdə, ilk növbədə hadisənin səbəbləri araşdırılmalıdır: “Əgər tibbi müdaxiləni həyata keçirən şəxsin müvafiq lisenziyası varsa, onun fəaliyyətində səhlənkarlıq və ya peşəkar səhv olub-olmaması müəyyən edilməlidir. Və ya əgər müdaxilə qeyri-peşəkar və ya müvafiq hüquqi səlahiyyəti olmayan şəxs tərəfindən həyata keçirilibsə, bu zaman hüquqi məsuliyyət məsələsi də gündəmə gəlir”. Professor bildirir ki, xüsusilə, genişhəcmli estetik əməliyyatlardan, o cümlədən abdominoplastika, liposaksiya və kontur plastikası kimi müdaxilələrdən sonra xəstənin vəziyyətinə nəzarət mühüm əhəmiyyət daşıyır: “Belə əməliyyatlardan sonra orqanizmdə su-elektrolit balansının pozulması, susuzlaşma, tromboz və digər ciddi ağırlaşmalar yarana bilər. Bu səbəbdən əməliyyatdan sonra xəstəyə lazımi infuzion və dəstəkləyici müalicənin göstərilməsi, eləcə də onun müəyyən müddət tibbi nəzarətdə saxlanılması vacibdir. Xəstənin vəziyyəti tam qiymətləndirilmədən və lazımi nəzarət təmin edilmədən erkən evə buraxılması ciddi fəsadların yaranmasına səbəb ola bilər. Belə hallarda ölüm və ya ağırlaşmanın məhz hansı səbəbdən baş verdiyi - əməliyyatın özünün yaratdığı risklər, xəstənin fərdi vəziyyəti, əməliyyatdan sonrakı nəzarət və müalicə, yaxud həkimin səhlənkarlığı ilə bağlı olub-olmaması - tibbi və hüquqi araşdırma nəticəsində müəyyən edilməlidir”.
Əməliyyata qərar verməzdən öncə...
Hüquqşünas Ruslan Vəliyevin sözlərinə görə, estetik əməliyyat və ya kosmetoloji müdaxilə zamanı hər hansı ağırlaşma və ya ölüm baş verdikdə, ilk növbədə məsuliyyətin həkimin üzərinə düşüb-düşmədiyi araşdırılmalıdır: “Həkimin lazımi tibbi tədbirləri görüb-görmədiyini müəyyən etmək üçün müvafiq ekspertiza keçirilməlidir. Əgər ekspertiza nəticəsində hadisənin həkimin qarşısını almaq imkanında olmadığı, fors-major vəziyyət səbəbindən baş verdiyi müəyyən olunarsa, bu halda onun məsuliyyətdən azad edilməsi mümkün ola bilər. Həmçinin əgər həkimin həmin əməliyyatı həyata keçirmək üçün lazımi icazəsi, kvalifikasiyası və təcrübəsi olmadığı müəyyən edilərsə, bu hal məsuliyyəti ağırlaşdıran amil kimi qiymətləndirilə və daha sərt hüquqi sanksiyalara səbəb ola bilər”. Hüquqşünasın sözlərinə görə, klinikanın da maddi zərərə görə məsuliyyəti yarana bilər: “Vətəndaş dəymiş maddi zərərin ödənilməsini həm klinikadan, həm də həkimdən tələb edə bilər. İnzibati və cinayət məsuliyyəti isə əsasən tibbi müdaxiləni birbaşa həyata keçirən şəxsin hərəkətləri ilə bağlı qiymətləndirilir”. R.Vəliyev vətəndaşların da bu məsələlərdə diqqətli və məlumatlı olmasının vacibliyini vurğulayır: “İnsanlar hər hansı estetik əməliyyata qərar verməzdən əvvəl həkim haqqında kifayət qədər məlumat toplamalı, onun peşəkarlığını, təcrübəsini və müvafiq icazələrinin olub-olmadığını araşdırmalıdırlar”. Hüquqşünas hesab edir ki, vətəndaşların özlərinin də hüquqi məsuliyyət və təhlükəsizlik məsələlərinə diqqətli yanaşması, qanunsuz fəaliyyət halları ilə qarşılaşdıqda aidiyyəti dövlət qurumlarına məlumat verməsi vacibdir: “Hüquq mədəniyyətinin formalaşdığı cəmiyyətlərdə vətəndaşlar gördükləri hüquq pozuntuları barədə aidiyyəti qurumlara məlumat verməkdən çəkinmirlər. Əks halda, problem aşkar edilən zaman artıq ciddi və geridönməz nəticələr ortaya çıxa bilər”.
“Görünüşümü dəyişsəm, həyatım da dəyişəcək”
Psixoloq Nigar Məmmədova hesab edir ki, insanların estetik əməliyyata müraciət etməsinin səbəbi yalnız gözəllik arzusu deyil. Bu qərarın arxasında müəyyən psixoloji amillər də dayanır: “Bəzi insanlar xarici görünüşlərində dəyişiklik etməklə özlərini daha rahat və güvənli hiss edəcəklərinə, daha çox diqqət görəcəklərinə inanırlar”. Psixoloqun fikrincə, sosial medianın da bu prosesə təsiri az deyil: “İnsanlar ideal görünüşlərlə tez-tez qarşılaşdıqda özlərini başqaları ilə müqayisə edir və xarici görünüşlərindən narazı qala bilirlər. Nəticədə estetik əməliyyatı özləri üçün daha cəlbedici görünüşə çatmağın yolu kimi görürlər. Bəzi hallarda isə insanda “görünüşümü dəyişsəm, həyatım da dəyişəcək” düşüncəsi yaranır”.
Bununla belə, psixoloq hesab edir ki, hər estetik əməliyyatın arxasında psixoloji problem axtarmaq doğru deyil: “Bəzi hallarda insanlar tibbi ehtiyac və ya xəstəliklə əlaqədar estetik müdaxilələrə müraciət edirlər”. Psixoloq hesab edir ki, estetik əməliyyatdan əvvəl və sonra psixoloji müayinənin aparılması faydalıdır: “Xüsusilə insanın əməliyyatdan gözləntiləri, öz görünüşü ilə bağlı narazılığının səbəbləri və qərarının həqiqi istəkdən qaynaqlanıb-qaynaqlanmadığı müəyyən edilməlidir. İnsan görünüşünü dəyişdirdikdən sonra da özündən narazı qala və təkrar əməliyyatlara ehtiyac duya bilər. Buna görə əsas diqqət insanın özünəinamının artırılmasına və özünü qəbul etməsinə yönəldilməlidir”.
Təranə Məhərrəmova