• şənbə, 17 Oktyabr, 02:35
  • Baku Bakı 21°C

Mətbuat Şurasının yeni sədri seçildi 

17.10.26 01:47 20
Mətbuat Şurasının yeni sədri seçildi 

Azərbaycan jurnalistlərinin IX qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi də formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

Bakıda, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Mətbuat Şurasının IX Qurultayı keçirilib. Qurultayda Azərbaycan Mətbuat Şurası sədrinin və Nəzarət-Təftiş Komissiyasının hesabatları dinlənilib, Şuranın İdarə Heyətinin yeni tərkibi seçilib. 

Ümumilikdə 815 şikayət daxil olub

Mətbuat Şurasının sədri Rəşad Məcid çıxışı zamanı bildirib ki, son dörd il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub. Onların böyük bir qismi – 691-i həllini tapıb, tərəflər arasında razılığa gəlinib. Digər 124 şikayət üzrə razılığa gəlinmədiyindən toplanmış materiallar baxılmaq üçün Şuranın şikayətlər üzrə komissiyasına təqdim edilib. "Şikayətlər üzrə komissiyada baxılan 124 məsələdən 86-sı komissiya səviyyəsində həllini tapıb. 38 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün İdarə Heyətinə təqdim edilib. Beləliklə, şuranın İdarə Heyəti qurultaylararası dövrdə ümumilikdə 38 qərar çıxarıb”.

Etik Davranış Kodeksinə yeni prinsip əlavə ediləcək

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli qeyd edib ki, Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi qaydalarına süni intellektlə bağlı yeni prinsipin əlavə edilməsi istiqamətində iş aparılır. Onun sözlərinə görə, yeni prinsip media subyektlərinin fəaliyyətində süni intellektdən istifadə qaydalarını müəyyənləşdirəcək: "Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir. Bu qaydalarda süni intellektdən istifadənin məqsədləri, sərhədləri, yoxlama prosedurları və redaksiyanın məsuliyyəti aydın şəkildə müəyyənləşdirilir. Redaksiyalar öz əməkdaşlarının süni intellektdən istifadə bacarıqlarının artırılması üçün müvafiq şərait yaratmalıdırlar".

M.Ələsgərli bildirib ki, süni intellekt sistemlərindən istifadə jurnalistin təşəbbüs və mühakiməsini, redaksiya müstəqilliyini və insan nəzarətini əvəz etməməlidir.

Dövrün tələblərinə cavab verən aparıcı sahə

Media və Yayım Şurasının şöbə müdiri Natiq Məmmədli bildirib ki, jurnalistika hər zaman, tarix boyu dövrün tələblərinə cavab verən aparıcı sahə olub: "Biz hazırda rəqəmsal dövrdə yaşayırıq. Hal-hazırda bizim jurnalistlər rəqəmsal mühitdə də Azərbaycan səsinin yerli və beynəlxalq arenalarda çatdırılmasında müstəsna rol oynayırlar”. 

Yeni sədr Vüqar Zifəroğlu oldu

Çıxışlardan sonra qurultayda Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir. İdarə Heyətinin seçilən üzvləri aşağıdakılardır: Hacıbəy Heydərli, Orxan Amaşov, Səadət Məmmədova, Nurşən Quliyev, Vüqar Rəhimzadə, Elşad Eyvazlı, Seyfəddin Hüseynli, Qalib İbrahimoğlu, Fərid Şahbazlı, Elçin Alıoğlu, Anar Tahirov, Vəfa Həmzəyeva, Elmira Musazadə, Hümbət Musayev, Vüqar Zifəroğlu, Müşfiq Ələsgərli, Əminə Yusifqızı, Bəhruz Məmmədzadə, Ayaz Mirzəyev, Fərid Pərdəşünas, Könül Niftəliyeva, Azər Həsrət, Yeganə Hacıyeva.

Toplantıda Mətbuat Şurasının sədri vəzifəsinə Vüqar Zifəroğlunun namizədliyi irəli sürülüb. O, yekdilliklə quruma yeni sədr seçilib.

F.Abasoğlu

 

banner

Oxşar Xəbərlər