Bakı–Balakən–Bakı qatarı bərpa edilir
Noyabrın 20-dən Bakı–Balakən–Bakı marşrutu üzrə müntəzəm sərnişindaşıma xidməti bərpa olunacaq. "Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.
Məlumata əsasən, qatar Bakıdan noyabrın 20-dən, Balakəndən isə 21-dən etibarən hərəkət edəcək. "Xatırladaq ki, bu marşrut üzrə sərnişindaşıma xidməti sel hadisəsindən zərər görmüş Qax-Zaqatala dəmir yol xəttinin təmiri ilə əlaqədar müvəqqəti dayandırılıb. Təmir işləri yekunlaşıb və qeyd olunan tarixlərdən Bakı-Balakən-Bakı marşrutu ilə səfərlərin bərpası təmin ediləcək", - ADY-dən qeyd edilib.
Bu il avqustun 1-də Bakı-Balakən-Bakı marşrutu üzrə sərnişin daşımaları müvəqqəti dayandırılmışdı.