Professorun kulturologiya elminə töhfəsi
Professor Fuad Məmmədovun elmi irsi yalnız yazdığı əsərlərlə deyil, həm də yetişdirdiyi tədqiqatçılar, yaratdığı elmi mühit və formalaşdırdığı düşüncə ənənəsi ilə yaşayır.
Azərbaycanda kulturologiya elminin təşəkkülü və inkişafı professor Fuad Məmmədovun adı ilə sıx bağlıdır. Ölkəmizin müstəqillik tarixinin başlanğıcı ilə kulturologiya elminin inkişafı, demək olar ki, eyni dövrə təsadüf edir. Məhz Fuad Məmmədovun elmi fəaliyyəti, təşəbbüskarlığı və yaratdığı intellektual mühit sayəsində bir çox alim müasir dövrün mahiyyətini, cəmiyyətin inkişaf qanunauyğunluqlarını və mədəniyyətin ictimai həyatda rolunu daha dərindən öyrənməyə imkan verən kulturologiya elminin davamçılarına çevrildilər.
Gənc kulturoloqlar üçün mühüm elmi platforma
Fuad müəllimin ətrafında birləşən kulturoloqların elmi və yaradıcı potensialı “Simurq” Beynəlxalq Mədəniyyət Assosiasiyasında öz inkişafını tapdı. Onun təşəbbüsü ilə yaradılan bu qurum kulturologiya ideyalarının fərdi elmi fəaliyyət çərçivəsindən çıxaraq təşkilati və ictimai müstəvidə inkişaf etməsinə şərait yaratdı. “Simurq” Assosiasiyası sözün əsl mənasında, gənc kulturoloqlar üçün mühüm elmi və intellektual platformaya çevrildi. Müxtəlif mövzuları əhatə edən müzakirələr, elmi görüşlər və təşəbbüslər sayəsində burada özünəməxsus kulturoloji mühit formalaşdı.
Professor Fuad Məmmədova istinadən “Simurq” Assosiasiyasının fəlsəfəsindəki sərhəd bilməyən mədəniyyət şərti olaraq iki qanada bənzədilə bilər: birincisi mənəvi mədəniyyətdirsə, digəri intellektual mədəniyyətlə bağlıdır. Müasir dünyada elm, təhsil, texnologiyalar aparıcı qüvvə olduğu üçün intellekt tamamlayıcı amildir. İnsan, cəmiyyət mədəni ola bilər, ancaq onun mənəviyyatı intellektlə bağlı olarsa, o zaman uğur və yeniliklər əldə oluna bilər. Mənəvi mədəniyyət intellektlə bağlı olduqda o zaman kamilləşmə, rəqabət, qabiliyyət və davamlı inkişaf öz həllini tapacaqdır. Əlbəttə, uğurun başlanğıcının vətənpərvərlik ruhundan da asılı olması diqqətdən yayınmamalıdır.
Nəzəri biliklərlə praktiki fəaliyyət arasında mühüm əlaqə
Kulturologiya elminin nəzəri əsaslarının formalaşmasında amerikalı antropoloq Leslie White-ın xüsusi yeri vardır. Azərbaycanda bu elmin inkişafına mühüm töhfələr verən, onun nəzəri müddəalarını yerli elmi mühitdə inkişaf etdirən ilk görkəmli alimlərdən biri məhz professor Fuad Məmmədov olmuşdur. Onun kulturologiyanın müxtəlif aspektlərinə həsr etdiyi kitabları, xüsusilə idarəetmə mədəniyyəti ilə bağlı tədqiqatları nəzəri biliklərlə praktiki fəaliyyət arasında mühüm əlaqə yaratdı. Onun əsərləri mədəniyyətin yalnız mənəvi sərvət deyil, həm də idarəetmənin səmərəliliyinə, cəmiyyətin inkişafına və insan münasibətlərinin formalaşmasına təsir edən mühüm amil olduğunu göstərir.
Zəngin elmi irs
Bu məqaləni qələmə alarkən Fuad müəllimlə aramızda olan maraqlı bir oxşarlığı xatırladım. Hər ikimiz vaxtilə Azərbaycan Neft və Kimya İnstitutunu bitirsək də, sonradan texniki təfəkkürümüzü humanitar sahədəki fəaliyyətimizlə birləşdirdik. Texniki təhsilin formalaşdırdığı sistemli düşüncə tərzi bizi mədəniyyətin, cəmiyyətin və insan inkişafının problemlərini araşdırmağa yönəltdi. Nəticədə, hər ikimiz kulturologiya elminin inkişafına töhfə verməyə, eyni zamanda, gənc tədqiqatçıların yetişməsinə və yeni elmi nəslin formalaşmasına töhfəmizi verməyə çalışdıq.
Fuad müəllimin müxtəlif ölkələrdə keçirilən beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etməsi və kulturologiya ideyalarını beynəlxalq elmi ictimaiyyətə çatdırması onun fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Bu baxımdan, 2010-cu ildə Sankt-Peterburq şəhərində kulturoloqların konqresində onunla birlikdə iştirakımız mənim üçün xüsusi əhəmiyyət daşıyan, yaddaşımda xoş təəssüratlarla qalan hadisələrdəndir. Belə görüşlər yalnız elmi fikir mübadiləsi baxımından deyil, həm də ortaq elmi dəyərlərin və yaradıcılıq əlaqələrinin möhkəmlənməsi baxımından əhəmiyyətlidir.
Professor Fuad Məmmədovun elmi fəaliyyəti, təşkilatçılıq bacarığı və kulturologiya sahəsində göstərdiyi fədakarlıq Azərbaycan elmi və mədəniyyət tarixində xüsusi yer tutur. Onun yubileyi ərəfəsində yaradıcılığına və elmi irsinə həsr olunan məqalələrin ard-arda dərc edilməsi alimin çoxillik əməyinə verilən qiymətin, onun ideyalarına göstərilən ehtiramın ifadəsidir. Bu diqqət, eyni zamanda, kulturologiya elminin gələcək inkişafı üçün onun irsinin öyrənilməsinin və yeni nəsillərə çatdırılmasının nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Professor Fuad Məmmədovun elmi irsi yalnız yazdığı əsərlərlə deyil, həm də yetişdirdiyi tədqiqatçılar, yaratdığı elmi mühit və formalaşdırdığı düşüncə ənənəsi ilə yaşayır. Məhz bu baxımdan onun Azərbaycan kulturologiyasının inkişafına verdiyi töhfələr gələcək nəsillər üçün də mühüm əhəmiyyət kəsb edəcəkdir.
Fuad Teyyub oğlu Məmmədov - kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının professoru, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, “Simurq” beynəlxalq kulturoloji jurnalın (Dünya mədəniyyəti və sivilizasiyasının tarixi və nəzəri problemləri) təsisçisi və baş redaktoru, Beynəlxalq Humanitar “Avropa-Asiya” Akademiyasının vitse-prezidenti, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Zadəganlar məclisinin üzvü, Azərbaycan Respublikasının Bakı şəhəri Yasamal rayonunun Ağsaqqallar şurasının sədri.
Azərbaycan kulturologiyasının yaradıcısıdır. 300-dən artıq elmi əsərin və konsepsiyaların, o cümlədən beynəlxalq aləmdə tanınan monoqrafiyaların və dərs vəsaitlərinin müəllifidir.
Fuad Məmmədov Rusiyada, ABŞ-də, Almaniyada, Norveçdə, Fransada, Belçikada, Cənubi Koreyada, Tailandda, Misirdə, Yunanıstanda, Türkiyədə, İranda, Kosta-Rikada, Rumıniyada, Macarıstanda, Hindistanda və digər ölkələrdə beynəlxalq tədbirlərdə məruzələr və tezislərlə çıxış edib. Onun 1991-ci ildə Kosta-Rikada çıxışları sayəsində bu Mərkəzi Amerika dövləti Azərbaycan Respublikasının dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən olub.
Onun monoqrafiyalarının bəziləri Rusiya, ABŞ, Almaniya, Birləşmiş Krallıq, Yaponiya, Çin, Avstriya, Estoniya və başqa ölkələrin, həmçinin BMT, UNESCO, Roma Klubu, ABŞ Konqresinin kitabxanalarına göndərilib.
Professor Çingiz Abdullayev
Alman-Azərbaycan Cəmiyyətinin sədri
Kulturologiya elmləri doktoru