Yaşlı nəsil rəqəmsal dünyada
Rəqəmsallaşma gənc nəsil üçün vaxt və rahatlıq deməkdir. Lakin illərlə fərqli qaydada yaşayan yaşlılar üçün rəqəmsal xidmətlərə keçid heç də həmişə asan olmur. Onlar həm texniki, həm də psixoloji çətinliklərlə üzləşirlər.
Əvvəllər təqaüd vaxtı çatanda və ya kommunal xərclərin ödənilməsi zamanı böyüklərimiz səhər tezdən evdən çıxar, poçta və ya banka gedər, növbədə dayanıb işlərini həll edərdilər. İllərlə formalaşmış bu qayda onlar üçün artıq ənənəyə çevrilmişdi. İndi isə həmin işlərin böyük hissəsini evdən çıxmadan, mobil tətbiqlər və digər rəqəmsal platformalar vasitəsilə həyata keçirmək mümkündür. Təqaüdlər kartlara köçürülür, kommunal ödənişlər onlayn edilir, bank əməliyyatlarından həkim qəbuluna yazılmağa qədər bir çox xidmət rəqəmsal mühitə keçir. Gənc nəsil üçün bu, vaxt və rahatlıq deməkdir. Lakin illərlə fərqli qaydada yaşayan yaşlılar üçün rəqəmsal xidmətlərə keçid heç də həmişə asan olmur. Bəs yaşlı nəsil bu sürətli dəyişikliklərə necə uyğunlaşır? Rəqəmsal xidmətlərdən istifadə zamanı onları hansı çətinliklər və təhlükələr gözləyir?
Yaşlı nəslin mürəkkəb labirinti...
“Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” İctimai Birliyinin eksperti, Xəzər Universitetinin İT departamentinin rəhbəri Fərid Musayev deyir ki, illərlə işlərini kassa önündə canlı ünsiyyətlə həll etməyə, pullarını elə oradaca nağd şəkildə əllərində hiss etməyə alışmış bir nəsil üçün smartfon ekranı, QR və OTP kodları rahatlıq deyil, əksinə, mürəkkəb bir labirintdir: “Onlar rəqəmsallaşmaya öz istəkləri ilə deyil, zamanın tələbi ilə məcburən adaptasiya olunmağa çalışırlar. Yaşlı insanlar rəqəmsal ekosistemdə əsasən üç istiqamətdə çətinlik çəkirlər: interfeysin mürəkkəbliyi, terminologiya və texniki ehtiyatlılıq. Bank tətbiqlərindəki kiçik şriftlər, çoxmərhələli və mürəkkəb menyu strukturları, həmçinin “skan”, “autentifikasiya”, “QR-kod” kimi texniki terminlərin gündəlik dildə qarşılığının olmaması istifadəni çətinləşdirir. Bundan əlavə, rəqəmsal əməliyyatın anlıq və geri dönməz olması, məsələn, səhvən yanlış hesaba pul göndərmək qorxusu onlarda ciddi psixoloji təzyiq yaradır”.
“Yaşlı istifadəçilər sosial mühəndisliyin qurbanı olurlar”
Mütəxəssis bildirir ki, rəqəmsal savadlılığın aşağı olması yaşlı insanları kiberdələduzluq qarşısında “açıq hədəf” halına gətirir: “Kibercinayətkarlar məhz texnoloji proseslərin necə işlədiyini bilməyən bu qrupun zəif nöqtələrindən istifadə edirlər. Onlayn mühitin “virtual” olması, fiziki dünyadakı təhlükəsizlik qaydalarının rəqəmsal mühitdə necə dəyişdiyini anlamamaq onları manipulyasiyalara daha həssas edir. Təcrübə göstərir ki, yaşlı istifadəçilər əsasən sosial mühəndisliyin qurbanı olurlar. Yəni telefonda özünü rəsmi şəxs, məsələn, bank əməkdaşı və ya polis kimi təqdim edən şəxslərə şəxsi məlumatlarını, parol və PİN kodlarını verirlər. Digər səhvlərdən biri güclü parollardan istifadə etməmələridir. Sadə, təxmin edilə bilən və ya eyni parolu bütün platformalarda istifadə edirlər. Üçüncü məsələ isə şübhəli linklərə klikləmələridir. “Hədiyyə qazandınız” və ya “Hesabınız bloklanıb” tipli saxta mesajlardakı linklər vasitəsilə məlumatlarının oğurlanmasına şərait yaradırlar”.
Rəqəmsal izolyasiya riski
Ekspertin sözlərinə görə, xidmətlərin tamamilə onlayn olması bu qrup üçün “rəqəmsal kənarlaşma” riskini artıra bilər: “Bu, ciddi sosial problemdir. Dövlət xidmətləri, nəqliyyat, bankçılıq kimi sahələrin tamamilə onlaynlaşdırılması texnologiyaya adaptasiya ola bilməyən yaşlı insanların “rəqəmsal izolyasiyaya” düşməsinə səbəb ola bilər. Əgər fiziki ofislər və canlı dəstək xidmətləri minimuma endirilərsə, bu qrup əsas ehtiyaclarını qarşılamaq üçün ya yaxınlarından tam asılı vəziyyətə düşəcək, ya da sosial və iqtisadi proseslərdən geri qalacaq”.
“Tətbiqlər sadə, böyük şriftli hazırlanmalıdır”
F.Musayev vurğulayır ki, problemin həlli həm texnoloji, həm də təhsil yönümlü yanaşma tələb edir: “Texnoloji şirkətlər tətbiqləri yaşlılar üçün daha sadə, böyük şriftli, səslə idarə oluna bilən və minimal addımlı hazırlamalıdırlar. Xüsusi təlim proqramları tətbiq edilməli, dövlət və özəl sektor tərəfindən yaşlılar üçün sadə dildə keçirilən kibersavadlılıq dərsləri təşkil olunmalıdır. Banklar və dövlət qurumları isə yaşlı istifadəçilər üçün daha yavaş, daha izahlı və əlavə təhlükəsizlik imkanları olan sistemlər qurmalıdırlar. Məsələn, şübhəli əməliyyat zamanı əlavə səsli təsdiq tələb edən mexanizmlərdən istifadə oluna bilər”.
“Özlərini yetərsiz hiss edirlər”
Mövzunun psixoloji tərəfinə toxunan psixoloq Aysel Qafarova hesab edir ki, rəqəmsal dünyaya uyğunlaşmaqda çətinlik çəkmək bu qrupda özünəinamın azalmasına və sosial təcrid hissinin güclənməsinə səbəb ola bilər: “Yaşlılar rəqəmsal dünyaya uyğunlaşmaq və gündəlik ehtiyaclarını müstəqil şəkildə qarşılamaq istəyirlər. Bacarmadıqlarında özlərini yetərsiz hiss edə bilərlər. Xarakterindən asılı olaraq, bu vəziyyət müxtəlif psixoloji və sosial çətinliklərə, hətta insanın özünü təcrid etməsinə səbəb olur”.
Psixoloqun sözlərinə görə, rəqəmsal mühitdə yaşanan çətinliklər yalnız texniki bacarıqlarla bağlı deyil: “Uyğunlaşmaqda çətinlik çəkənlər digər insanlardan asılı vəziyyətə də düşə bilərlər. “Bacarmıram” hissi yaşamağa başlayırlar və bu da özünəinamın azalmasına səbəb olur. 2025-ci ildə Böyük Britaniyada 65 yaşdan yuxarı 3 300 nəfərin iştirakı ilə aparılan araşdırmada respondentlərin 17 faizi rəqəmsal olaraq tam təcrid olunmuş, 30 faizi isə internetdən məhdud istifadə edən qrup kimi müəyyənləşdirilib”.
“Dövr dəyişsə də, mən də bu dövrdə varam”
A.Qafarova qeyd edir ki, keçmişdə yaşanan kiberdələduzluq halları ilə bağlı xəbərlər də bu qrupda narahatlığı artırır: “Bizim dəstəyimiz yalnız onları istiqamətləndirmək və ya onların yerinə hansısa işi həll etməkdən ibarət olmamalıdır. Əsas məqsəd onların öz ehtiyaclarını sərbəst şəkildə qarşılamaq üçün rəqəmsal dünyaya inteqrasiya olmasına imkan yaratmaqdır. Bu zaman onlar özlərini təcrid etməz və “dövr dəyişsə də, mən də bu dövrdə varam” hissini yaşayarlar”.
Psixoloq hesab edir ki, rəqəmsal adaptasiya üçün canlı dəstək imkanları ilə yanaşı, praktiki təlimlərin təşkili də vacibdir.
Aygün Əziz