Bahalı zövqə maraq artıb
Azərbaycana gətirilən siqarların sayı 49 faiz azalsa da, idxalın dəyəri 46 faiz artıb. Satıcılar premium məhsullara marağın gücləndiyini, iqtisadçılar isə bu artımın istehlakçı sayından çox, bazarın strukturundakı dəyişikliklərlə bağlı olduğunu bildirirlər.
Azərbaycanda siqar idxalında maraqlı mənzərə yaranıb. Ölkəyə gətirilən siqarların sayı azalsa da, onlara ödənilən vəsait artıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, bu ilin yanvar-iyul aylarında ölkəyə 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 46 faiz artım, kəmiyyət baxımından isə 49 faiz azalma deməkdir. İdxalın əsas istiqamətlərini Almaniya, Kuba, Dominikan Respublikası, Nikaraqua və Honduras təşkil edir. Bəs Azərbaycanda siqara maraq son dövrdə necə dəyişib?
“Siqara maraq artır”
Cigars.az-ın icraçı direktoru Tural İsmayılovun sözlərinə görə, son dövrdə Azərbaycanda siqarlara maraq artıb: “Xüsusilə siqarı həyat tərzi və premium təcrübənin bir hissəsi kimi qəbul edən müştərilərin sayında artım var. Seçimdə Kuba siqarları hələ də xüsusi yer tutur. Bununla yanaşı, Dominikan Respublikası və Nikaraqua mənşəli siqarlara da maraq var. Müştərilər artıq yalnız tanınmış markalara deyil, fərqli dad profillərinə və şəxsi zövqlərinə uyğun məhsullara da maraq göstərirlər. Siqar seçimində əsas amillər marka, keyfiyyət, mənşə ölkəsi və qiymətdir. Təcrübəli istifadəçilər daha çox tütünün keyfiyyətinə, dad profilinə, gücünə və ölçüsünə diqqət yetirirlər. Yeni başlayan müştərilər üçün isə marka və qiymət daha ön planda ola bilər”.
12 manatdan 1300 manatadək…
T.İsmayılovun fikrincə, qiymət baxımından bazarda geniş seçim mövcuddur. Həm orta qiymət seqmentinə, həm də premium və super-premium məhsullara tələbat var: “Son dövrdə daha yüksək qiymət seqmentində olan, keyfiyyətli məhsullara marağın artdığını müşahidə edirik. Qiymətlərin bir ədəd siqar üçün 12 manatdan başladığını və 1300 manatadək yüksəldiyini deyə bilərik”.
Bazar araşdırması
Bakıda araşdırılan məhsullar üzrə bir ədəd siqarın qiyməti təxminən 14 manatdan başlayaraq 135 manatadək yüksəlir. Nisbətən münasib qiymət seqmentində Kuba mənşəli “Quintero Favoritos” 14 manat, Nikaraqua mənşəli “Cusano Nicaragua Robusto” isə təxminən 16 manatdır. 20-35 manat aralığında da müxtəlif premium məhsullar təqdim olunur. Kuba mənşəli “H.Upmann Coronas Major” təxminən 24 manatdır. Daha yüksək qiymət seqmentində Nikaraqua mənşəli “AJ Fernandez” markasının müxtəlif modelləri 29-50 manat, “Aging Room” xəttinin bəzi məhsulları isə 48 manat civarında təklif olunur. “Villiger” markasının ayrı-ayrı modellərində qiymətlər 70-80 manata qədər yüksəlir. Kuba siqarlarında isə qiymət daha yüksəkdir. “Cohiba Siglo 2” təxminən 93 manat, “Cohiba Medio Siglo” isə 135 manat civarındadır.
İdxalın dəyəri niyə artır?
İqtisadçı Günay Hüseynovanın sözlərinə görə, burada diqqət edilməli əsas məqam idxalın fiziki həcmi azaldığı halda, dəyərinin artmasıdır. Bu, bir ədəd siqarın orta idxal qiymətinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir: “Bu vəziyyət bazarda sadəcə qiymət artımından daha çox, idxal olunan məhsulların strukturunda dəyişiklik ehtimalını gündəmə gətirir. Hesabat dövründə Almaniyadan idxal 1,17 milyon ədədə çatıb. Paralel olaraq, Dominikan Respublikasından idxalın dəyəri yeddi dəfə, Nikaraquadan idxalın dəyəri isə 11 dəfə artıb. Digər tərəfdən, Kubadan gətirilən siqarların həm dəyərində, həm də sayında azalma qeydə alınıb. Müxtəlif ölkələrdən gətirilən siqarların qiymət və keyfiyyət səviyyəsi eyni deyil. Ona görə də müəyyən ölkələrin və ya daha yüksək qiymət seqmentində olan məhsulların idxalda payının artması ümumi dəyəri yüksəldə bilər. Məsələnin digər tərəfi isə odur ki, logistika, daşınma və digər idxal xərclərindəki dəyişikliklər də məhsulun son maya dəyərinə təsir göstərir”.
G.Hüseynova premium siqarlara marağın artması ehtimalını da istisna etmir: “İdxalın ölkələr üzrə strukturunda baş verən dəyişiklik müəyyən analizlər aparmağa imkan verir. Dominikan Respublikası və Nikaraqua kimi siqar istehsalı ilə tanınan ölkələrdən idxalın artması bazarda daha fərqli və nisbətən yüksək qiymətli məhsullara marağın yarandığını göstərir. Bu da istehlakçı seçimlərində dəyişiklik ehtimalını gündəmə gətirir. Həmçinin ölkəmizdə siqar bazarının tədricən daha çox çeşidlənən və premium məhsulların yer aldığı bazara çevrilməsi ehtimalını artırır”.
“İdxal artımı istehlakçı sayını göstərmir”
İqtisadçı qeyd edir ki, idxal statistikasındakı artımı birbaşa siqar çəkənlərin sayının artması kimi qiymətləndirmək düzgün olmaz: “Siqardan istifadə edənlərin sayına dair ayrıca və dolğun statistika mövcud deyil. İdxalın dəyərinin artması istehlakçı sayının çoxalması ilə yanaşı, daha bahalı məhsulların idxalı, qiymət dəyişiklikləri və məhsul strukturunun dəyişməsi ilə də bağlı ola bilər. Hazırda bazarda siqarların qiymətləri məhsulun mənşəyindən, markasından və kateqoriyasından asılı olaraq geniş diapazonda dəyişir. Premium seqmentdə bir ədəd siqarın qiyməti adi tütün məhsulları ilə müqayisədə dəfələrlə yüksəkdir. Buna görə də say baxımından az miqdarda, lakin daha bahalı məhsulun idxalı ümumi idxal dəyərinin yüksəlməsinə ciddi təsir göstərə bilər”.
G.Hüseynovanın fikrincə, 2026-cı ilin ilk yeddi ayındakı statistikanı ölkəmizdə siqar bazarında kəmiyyət artımından daha çox, struktur dəyişiklikləri baxımından qiymətləndirmək olar: “Əsas məsələ siqarların sayının azalmasına baxmayaraq, idxalın dəyərinin yüksəlməsidir. Yəni mövcud rəqəmlər əsasında “siqar istehlakı kəskin artıb” nəticəsinə gəlməkdənsə, daha az sayda, lakin daha yüksək dəyərə malik məhsulların idxalının artdığını demək daha əsaslıdır. Bunun davamlı tendensiya olub-olmadığını isə ilin sonrakı aylarında və daha uzunmüddətli statistikada görmək mümkün olacaq”.
Zərif Salmanlı