• şənbə, 24 Fevral, 00:48
  • Baku Bakı 4°C

Yanlış seçim ağır faciəyə yol aça bilər

20.01.24 02:10 2300
Yanlış seçim ağır faciəyə yol aça bilər

Bəzən sürücülər “dörd fəsil” təkərləri almağa üstünlük verirlər. Amma, nəzərə almaq lazımdır ki, bu təkərlər qarlı havada elastikliyini itirir. Qış təkərləri isə, xüsusi materialdan hazırlanır və qarlı havada keyfiyyətini itirmir. 


Son illərdə Azərbaycanda qış sərt keçmir. İl ərzində maksimum 5-10 gün qarlı-şaxtalı hava olar, ya olmaz. Bu il  Bakı da daxil olmaqla, ölkəmizin hər bir yerində bir neçə günlük güclü qar və şaxtalı hava müşahidə edilir. Belə hava şəraitində müvafiq dövlət qurumlarının avtomobil sürücülərinə çoxsaylı müraciətlərini eşidirik. Sürət həddinin aşağı salınması, qarlı və boranlı havalarda yolların buzlu olması səbəbindən şəxsi avtomobillərdən minimum istifadə, ən başlıcası isə avtomobil şinlərinin mövsümə uyğun olaraq dəyişdirilməsi.   
Lakin, yuxarıda qeyd etdiyimiz kimi, qışın əksər vaxt mülayim keçməsi sürücülər arasında qış təkərlərinə keçidi aktuallaşdırmır. Başqa sözlə desək, sürücülər 5-6 günə görə böyük məbləğdə xərcə düşmək istəmirlər. Amma nəticədə qarlı-buzlu günlərdə xeyli qəzalar baş verir. Bu zaman isə nəqliyyat vasitəsinə dəyən ziyan təkərlərin qiymətindən baha olur.

Bəs nə etmək lazımdır? Sürücüləri mövsümə uyğun təkərləri dəyişməyə sövq etmək üçün hansı addımlar atılmalıdır?

“Sən vurmasan da, səni vuracaqlar”

Doqquz ildir sükan arxasında olan sürücü Samir İsayev deyir ki, Azərbaycanda qışın sərt keçib-keçməməsindən asılı olmayaraq, qış təkərlərinə üstünlük verir: “Bu, həm təhlükəsizlik, həm də rahatlıq üçün çox vacibdir. Bəzən gözləmədiyimiz anda havalar kəskin soyuya bilər. Belə zamanlarda heç bir narahatlıq keçirmədən avtomobilimi idarə edəcəyimi düşünürəm. Burada da bir problem var. Əksər sürücülər “dörd fəsil” şinlərdən istifadə edirlər. Bəziləri isə ümumiyyətlə yay şinlərinə üstünlük verirlər. Bu da qarlı və şaxtalı hava şəraitində onların özləri ilə bərabər, mənim kimi qış təkərlərindən istifadə edənlərə də ciddi təhlükələr yaradır. Bu səbəbdən qarlı havalarda sürücülərin bir deyimi ortaya çıxıb: “Sən vurmasan da, səni vuracaqlar”. Ona görə də, digər sürücülərə qış fəslində mövsümə uyğun şinlərdən istifadəni tövsiyə edirəm. Belə olan halda həm özlərini, həm də digər nəqliyyat iştirakçılarını təhlükədən sığortalamış olacaqlar”.

Yanvar ayında yay təkəri?

Təkər satışı ilə məşğul olan şəxslər isə qeyd edirlər ki, təkər bazarında illərlə çox yanlış maariflənmə aparılır. “Dörd fəsil” təkəri anlayışı insanlarda çaşqınlıq yaradıb. Əslində isə yay təkərləri +7 dərəcədən +45 dərəcəyədək, “dörd fəsil” təkərlər 0-25 dərəcə aralığında, qış təkərləri isə +7 dərəcədən aşağı temperaturlarda istifadə olunmalıdır. Bakıda yanvar ayında 10-12 dərəcə isti hava şəraitinin hökm sürdüyünü nəzərə alsaq, ən ideal təkərlər məhz yay təkərləridir.

“Qarda vurulan maşın düzəlmir”

Sürücülərin bir çoxu isə düşünür ki, Azərbaycanda üç ildən bir yağacaq 2 günlük qar üçün ən az büdcə ilə hesablasaq, qış təkərlərinə (yalnız iki ədəd nəzərdə tutulur) 300 manat pul verməyinə dəyməz: “Məcbur deyil ki, qarlı havada şəxsi nəqliyyat vasitəsilə ilə yola çıxaq. Maksimum 20-30 manat taksi xərcimiz çıxacaq. Azərbaycanda cəmi 2-3 gün qar yağır. Sonra hava yenidən əvvəlki temperatura qayıdır. Qış təkərinə minimum 300 manat verməkdənsə, taksiyə 20-30 manat pul vermək daha sərfəlidir. Sürücülər arasında belə bir deyim də var: “Qarda vurulan maşın düzəlmir”. Odur ki, mən heç vaxt dəyişməmişəm”.

Elə sürücülər də var ki, “dörd fəsil” təkərlərdən istifadə etdiklərini və bunun onları qane etdiyini deyirlər. 

Şaxtalı havada qış təkərlərinin üstünlükləri

Bir çoxları düşünür ki, qış təkərləri şaxtalı havaya dözümlüdürlər, digərləri isə yox. Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirib ki, qış Azərbaycanda elə də xoş keçmir:

“Paytaxt Bakıda qış nisbətən mülayim olur deyə, ölkədə ümumilikdə qış fəslinin sərt keçmədiyini söyləmək doğru deyil. Bölgələrimizdə qışda havalar şaxtalı olur. Ona görə də biz həmişə sürücülərə tövsiyə edirik ki, mövsümə uyğun qış təkərləri alsınlar. Düzdür, bəzən sürücülər “dörd fəsil” təkərləri almağa üstünlük verirlər. Amma nəzərə almaq lazımdır ki, bu təkərlər qarlı havada elastikliyini itirir. Qış təkərləri isə xüsusi materialdan hazırlanır və qarlı havada keyfiyyətini itirmir. Şaxtaya dözümlülük baxımından digərlərindən üstündür.
Digər təkərlər şaxtalı havada keyfiyyətini itirdiyi üçün yollarda həm özünüzə, həm də digər hərəkət iştirakçılarına təhlükə yarada bilərsiniz”.

Könül Cəfərli 

banner

Oxşar Xəbərlər