• cümə axşamı, 04 iyun, 05:36
  • Baku Bakı 19°C

Yaddaşlarda yaşayan istiqlal fədaisi

28.02.26 01:03 743
Yaddaşlarda yaşayan istiqlal fədaisi

Rəhim bəy Vəkilov İstiqlal Bəyannaməsi mətninin katibi və onu imzalayanlardan biri olub. O, 1918-ci il dekabrın 7-də açılan Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ən gənc üzvü idi. 

Azərbaycan xalqının tanınmış ictimai-siyasi xadimlərindən biri də Rəhim bəy Vəkilovdur. Bu günədək onun həyat və fəaliyyəti haqqında ictimaiyyətə geniş məlumatlar təqdim edilməyib. R.Vəkilov haqqında yalnız Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Ensiklopediyasının ikinci cildində müəyyən məlumatlar yer alıb. R.Vəkilovun ictimai-siyasi fəaliyyətini əks etdirən bəzi arxiv materialları dövlət arxivlərində qayğı ilə qorunub saxlanılır.  

Hələ məktəbdən fəallığı ilə seçilib

R.Vəkilov 29 fevral 1897-ci ildə Qazax qəzasının Salahlı kəndində anadan olub. O, əvvəlcə ibtidai kənd məktəbində oxuyub, sonra isə təhsilini Bakı Realnı məktəbində davam etdirib. Bakı Realnı məktəbində oxuyarkən fəal həyat tərzi ilə seçilib. Şagird təşkilatının fəal üzvü olub. Sonrakı illərdə həmin şagird təşkilatı Ümumqafqaz Tələbə Təşkilatına çevrildikdən sonra Rəhim bəy də fəaliyyətini onun tərkibində davam etdirib. İlk milliyyətçi baxışları da məhz tələbə təşkilatlarında formalaşıb. O, 1916-cı ildən 9 saylı rus-tatar məktəbində müəllim işləyib. 

Müsəlman deputatlardan biri də Rəhim bəy olur

1917-ci ildə Çar Rusiyasında baş vermiş inqilabdan sonra  Ümumqafqaz Tələbə Təşkilatı milli əlamətlərinə görə parçalanır və həmin təşkilatın türk qrupu Müsavat Partiyasının tərkibinə daxil olur. Rəhim bəy də 1918-ci ilin əvvəllərində Müsavata üzv olaraq fəaliyyətini burada davam etdirir, siyasi işlər komissiyasının rəhbəri təyin olunur. 

1917-ci ilin oktyabrında oktyabr çevrilişindən sonra bolşeviklər Rusiyada hakimiyyəti ələ keçirirlər. Bolşeviklərin çevrilişi Zaqafqaziyada rəğbətlə qarşılanmır. Nəticədə Zaqafqaziyada J.P.Qeqeçkorinin başçılığı ilə Azərbaycan, gürcü və erməni xalqlarının nümayəndələrindən ibarət Zaqafqaziya komissarlığı yaradılır. 1917-ci il noyabrın 26-28-də Rusiya Müəssislər Məclisinə seçkilər keçirilir. Məclisə Zaqafqaziyadan 34 nəfər seçilir ki, onlardan 12 nəfəri müsəlman olur. Həmin müsəlman deputatlardan biri də Rəhim bəy olur. 

Müsəlman fraksiyasını yaradanlardan biri 

Lakin yollar bağlı olduğu üçün Zaqafqaziyadan Müəssislər Məclisinə seçilmiş deputatlar Petroqrada gedə bilmirlər. 1918-ci il fevralın 14-də onlar ölkədə Zaqafqaziya Seymini yaratmağı qərara alırlar. Zaqafqaziya Seymindəki 44 azərbaycanlı nümayəndə müsəlman fraksiyası yaradır. Fraksiyaya daxil olmuş 44 azərbaycanlıdan biri də Rəhim bəy olur. Müsəlman fraksiyasının ilk iclası M.Ə.Rəsulzadənin sədrliyi və R.Vəkilovun katibliyi ilə 16 mart 1917-ci ildə keçirilir. 

İstiqlal Bəyannaməsində də imzası vardı 

R.Vəkilov əvvəl seymdəki müsəlman fraksiyasının, 1918-ci il mayın 28-dən isə Azərbaycan Milli Şurasının üzvü və katibi olur. Milli Şuranın Tiflis şəhərində 28 may 1918-ci il tarixdə keçirilmiş iclasında Azərbaycanın müstəqil dövlət elan edilməsi haqqında İstiqlal  Bəyannaməsi qəbul edildi. Bəyannamənin qəbul edildiyi tarixi iclasda Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şaxtaxtinskiy, Camo bəy Hacinski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad bəy Məlik Yeqanov və Hacı Molla Səlim Axundzadə iştirak etmişdilər. 
Rəhim bəy İstiqlal Bəyannaməsi mətninin katibi və onu imzalayanlardan biri olub. O, Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi -Məbusanının təsisi haqqında” (1918, 19 noyabr) qanununa əsasən, AXC Parlamentinin də tərkibinə daxil edilmişdi. Burada o, Müsavat fraksiyasını təmsil edirdi. Parlamentin ən gənc üzvü olan R.Vəkilov 1918-ci il dekabrın 7-də Həsən bəy Ağayevin təklifi ilə qurumun katibi seçilir. 

Təzyiqlərə dözməyərək intihar edir

“1920-ci il üçün Azərbaycan  Respublikasının ünvan təqvimi” kitabında R.Vəkilovun rus dilində “Azərbaycan Respublikasının yaranma tarixi” adlı oçerki çap edilir. Həmin oçerk AXC tarixinə dair ilk ümumiləşdirici əsərlərdən biri kimi tariximizə düşür. 1920-ci ilin aprel işğalından sonra R.Vəkilov indiki Bakı Dövlət Universitetinin şərq fakültəsinə daxil olur. O, paralel olaraq Müsavatın gizli təşkilatında fəaliyyət göstərərək ziyalılar arasında iş aparır. Həmin fəaliyyətinə görə 1923-cü ilin iyun və oktyabr aylarında həbs edilir. 1924-cü ilin aprelində isə üç illik müddətə Rusiyanın Yaroslavl şəhərinə sürgün olunur. Az müddət sonra isə əfv edilərək vətənə qayıdır. 1926-cı ildə yenidən həbs edilir. 28 fevral 1927-ci il tarixdə yenidən sürgün edilir. Mübariz insan olaraq Rəhim bəy 1934-cü ildə vətəninə qayıdır və az sonra Tiflisə, oradan da müalicə üçün Borjomiyə gedir. Daha sonra Tiflisə qayıdaraq yaxın dostlarının evində yaşayır. Bu müddətdə o, hökumət orqanları tərəfindən amansız təqiblərə məruz qalır. Bu təqiblərə dözməyərək 1934-cü ildə intihar edərək həyatına son qoyur. Onun adı və xidmətləri xalqımız tərəfindən unudulmur, böyük hörmət və ehtiramla yad edilir. 

Rafiq Səfərov 

banner

Oxşar Xəbərlər