• cümə axşamı, 20 mart, 09:11
  • Baku Bakı 6°C

Xatirələrini bədənlərinə döydürənlər

20.03.25 01:17 105
Xatirələrini bədənlərinə döydürənlər

Bu gün əvvəlki illərlə müqayisədə Azərbaycan gənclərinin döyməyə marağı yüksəkdir. Zamanla zövqlər də dəyişib. İndi insanlar daha anlamlı mövzularla bağlı döymə ustalarına yaxınlaşırlar.

Azərbaycan cəmiyyəti uzun illər “döyməli” insanlara yaxşı münasibət bəsləməyib. Onları ya oğru dünyasının, ya da qaranlıq işlərin adamları sayıblar. Ona görə bəziləri döymə etdirsələr də, onu gizlətməyə çalışıblar. Lakin zaman ötdükcə bu stereotiplər aradan qalxmağa başlayıb. İndi şəhərin küçələrində qolunda, boynunda, əlinin üstündə müxtəlif məzmunlu döymələr olanlar sərbəst şəkildə gəzib-dolaşırlar. Onların çoxu da gənclərdir.

Bəs, görəsən, gənclərin döymə zövqü necə dəyişib? On il əvvəllə müqayisədə hansısa dəyişiklik varmı? Ən çox hansı döymələr istənilir? Tələbat və qiymətlər necədir?

Hələ də döyməyə pis baxanlar var

19 yaşlı Aygün tələbədir. O, qolunun görünən yerinə ay və günəş rəsmi döydürüb. Xalq artisti Aygün Kazımovanın pərəstişkarı olan gənc qız hələ orta məktəb illərindən elə onun qolundakı döymədən çəkdirmək arzusunda olub. Amma ailəsi buna razılıq verməyib. Arzusunu universitetə qəbul olduqdan sonra reallaşdırıb. Hətta qrup yoldaşlarından bir neçə qız da ona qoşularaq bədənlərinin müxtəlif yerlərinə döymə etdiriblər.

Deyir ki, tələbə olsa da, universitetdə buna görə kimdənsə irad eşitməyib: “İndiyədək hansısa iradla qarşılaşmamışam. Tatu artıq gənclər arasında trend halına gəlib. Çoxları bu trendə qoşulub. Lakin bəzi insanlar hələ də buna yaxşı baxmırlar. Tatu etdirən şəxslərlə bağlı pis fikirdədirlər. Amma burada pis heç nə yoxdur. Bu da bir növ sənət əsəridir. Başqa məna axtarmaq doğru deyil”.

Gənclərin döyməyə marağı yüksəkdir

Bu işin bilicilərindən olan Çingiz Eyvazov 1990-cı illərdən döymə sənəti ilə məşğuldur. O, 30 ilə yaxın Türkiyədə fəaliyyət göstərib. Müştəriləri arasında Cem Yılmaz, Şafak Sezer kimi məşhurlar olub. Hazırda Bakının mərkəzində yerləşən döymə studiyasında fəaliyyətini davam etdirir: “Uşaqlıqdan şəkillərə, tatuya marağım var idi. Türkiyədə görürdüm ki, rokmenlərin əllərində müxtəlif tatular var. Amma baxırdım ki, bəziləri yaxşı vurulmayıb. Əlimdəki tatuları dostlar görüb, çox bəyənirdilər”.

Onun sözlərinə görə, bu gün əvvəlki illərlə müqayisədə Azərbaycan gənclərinin döyməyə marağı yüksəkdir: “Demək olar ki, zamanla zövqlər də dəyişib. Məsələn, əvvəllər mənə çoxu hazır şəkillə müraciət edirdi. Amma gətirdiyi şəklin anlamını bilmirdi. Deyirdi ki, sadəcə şəkil xoşuma gəldiyindən onu döymə etdirmək istəyirəm. İndi insanlar daha anlamlı mövzularla bağlı yaxınlaşırlar. Adam var, gəlir deyir ki heç kimdə olmayan tatu istəyir, öz düşüncə və fikirlərini danışmağa başlayır. Xüsusilə daxillərində yığılıb qalanları, xatirələrini bədənlərinə yazdırmaq istəyirlər. Yəni, işə sənət kimi baxırlar. Baxırsan, elə şəkil və ya düşüncə ilə gəlirlər ki, həqiqətən də çox anlamlı olur. Biz də oturub onların düşüncələri əsasında mövzunu işləyirik. Bunun üçün insanın psixoloji durumunu müəyyən etməyi, onu dinləməyi və duymağı bacarmaq lazımdır”.

Şir, canavar, əjdaha istəyənlər azalıb

Usta bildirir ki, Azərbaycanda döyməyə əsasən kişilər meyillidirlər: “Son illər döymə etdirən xanımların da sayı artıb. Amma kişilər yenə də üstünlük təşkil edirlər. Bir vaxtlar şir, əjdaha və canavar şəkillərinə tələbat çox idi. Bu döyməni də əsasən kişilər istəyirdi. İndi buna tələbat nisbətən azalıb”.

Dünyanın ən dəli işi

Həmsöhbətimiz deyir ki, döymə etmək arzusunda olanlar mütləq ustanın peşəkarlığına diqqət yetirməlidirlər: “İnsan meyil etdiyi sənətin dərinliklərini, incəliklərini ətraflı öyrənməlidir. Hər hansı rəsm çəkildiyi zaman incəliklərə fikir verməlidir. Bizim sahədə də qeyri-peşəkarlar var. Ona görə döymə etdirmək istəyən şəxs ustanın peşəkar olub-olmadığına diqqət yetirməlidir. Bu sənət dünyanın ən dəli işidir. Çünki tərpənən bir bədəndə əsər yaradırsan, insan dərisi üzərində işləyirsən. Bunun geri dönüşü yoxdur. Alınmadı, dayan silim, yenidən başlayım, - belə şey yoxdur”.

O, həmçinin döymənin steril şəraitdə vurulmasının vacibliyini də vurğulayır: “Müştəri bütün alətlərlə tanış edilməli, iynələr göstərilməlidir. İstifadə edilən ləvazimatların hamısı gərək bir dəfə işlədilsin. Rənglər, iynələr və s. ikinci dəfə istifadə edilə bilməz”.

Qiymət 50 manatdan başlayır

Qiymətə gəlincə, Çingiz usta bildirir ki, qiymət şəklin çətinliyinə, ayrıntılarına, incəliyinə görə dəyişir: “Burada boya da rol oynayır. Portretlər ən bahalı iş sayılır. Döymə böyüdükcə qiymət artır. Xaricdə isə qiymətlər sərf olunan vaxta görə tənzimlənir. Elə döymə ola bilər ki, sən onu 4-5 saata qurtara bilərsən. Müştəriyə deyirsən ki, mən bilmirəm, nə zaman qurtaracaq. Çünki müştəri onsuz da həmin işin qiymətini təxmini olaraq aşağı-yuxarı bilir. Rəsmi sevib, bilir ki, çətindir. Tatu var onu 50 manata edərsən, tatu da olar ki, 2000-2500 manata. Peşəkar döyməçilərin maşınkanı açılış qiyməti standart olaraq 50 manatdır. Hansı ki, bu qiymətə bir dənə nöqtə də etdirə bilərsiniz, imza da, 7-8 santimetrlik yazı da. Necə ki, adətən xanımlar son zamanlar yanaqlarına xal etdirirlər”.

"Ustanın əli yüngüldürsə…"

Kiçik və böyük döymələr üçün bədənə nə qədər iynənin yeridildiyinə gəlincə, usta deyir ki, kiçik döyməni üçlü və beşli iynələrlə bitirmək mümkündür: “Böyük döymələr üçün daha çox iynə lazım olur. Belə ki, üçlü və beşli iynələrlə əvvəlcə xətlər vurulur. Daha sonra fırça iynələrlə iş davam etdirilir. Böyük döymələrdə əsasən 25-li fırça iynələr açılır. Sonra 15-li, 13-lü və s. fırça iynələrdən istifadə edilir. Ümumiyyətlə, döymə müəyyən qədər ağrılı bir prosedurdur. Amma ustadan da çox şey asılıdır. Əgər ustanın əli yüngüldürsə, proses də asan keçir”.

Sevinc Abbasova 

 

banner

Oxşar Xəbərlər