Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç
Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonunun bir sıra yaşayış məntəqələrinə 44 ailə qayıdıb. "Report" xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə olmaqla 34 nəfər, Xocalı rayonunun Ballıca kəndinə 2 ailə, 7 nəfər, Badara kəndinə 2 ailə, 5 nəfər, Xanabad kəndinə 2 ailə, 5 nəfər köçürülüb.
Eyni zamanda Ağdərə rayonunun Həsənriz kəndinə 53 nəfərdən ibarət 13 ailə, Çıldıran kəndinə də 13 ailə olmaqla 53 nəfər, Vəngli kəndinə isə 4 ailə - 23 nəfər köç edib. Sakinlər yaşayış məntəqələrində qarşılanaraq yeni mənzillərinin açarlarını təhvil alıblar.
Köçürülən ailələr indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış vətəndaşlar olub. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir, əhalinin rahat və təhlükəsiz yaşayışı üçün zəruri infrastruktur yaradılır.