• şənbə, 26 Sentyabr, 02:09
  • Baku Bakı 22°C

"Vətən daşı" filmi təqdim olundu

26.09.26 00:48 29
"Vətən daşı" filmi təqdim olundu

Filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

"Global Media Group" və "Report" İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini tamaşaçılara təqdim edib.

“Bu kimi layihələr mütəmadi olmalıdır”

Təqdimat mərasimində çıxış edən "Report" İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev bildirib ki, Azərbaycan hər zaman torpaqlarının azad olunmasına, şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır.

Direktor qeyd edib ki, Vətən müharibəsi və antiterror tədbirlərində Azərbaycan xalqının fədakarlığı, ordunun şücaəti və Ali Baş Komandanın liderliyi barədə layihələr mütəmadi olmalıdır.

Fuad Hüseynəliyev həmçinin "Global Media Group"un rəhbəri Elnur Abdullayevə belə layihələrin təşkilində yaxından iştirak etməsi və dəstəyinə görə təşəkkür edib.

“İndi Qarabağda dirçəliş mərhələsindəyik”

"Report" İnformasiya Agentliyinin baş redaktoru, filmin ssenari müəllifi Namiq Mayılov nümayiş vaxtının təsadüfi seçilmədiyini bildirib. O, sentyabrın 24-də şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun anım günü olduğunu qeyd edib.
Namiq Mayılov artıq müharibənin arxada qaldığına, hazırda bölgədə bərpa-quruculuq işləri getdiyinə diqqət çəkib: "Bu gün biz artıq Qarabağdayıq, orada bərpa-quruculuq işləri həyata keçiririk. İndi Qarabağda dirçəliş mərhələsindəyik".
Şəhid Əkrəm Şadmanovun atası Yunus Şadmanov da öz növbəsində layihədə əməyi keçənlərə təşəkkür edib. O qeyd edib ki, Azərbaycan xalqı yaşadıqca, inkişaf etdikcə, Qarabağı yenidən qurduqca şəhidlərin ruhu şad olacaq.

Polkovnik-leytenant Əkrəm Şadmanovun həyat hekayəsi

Qeyd edək ki, filmdə antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanov və onun ailəsinin həyat hekayəsindən bəhs edilir.

Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından sonra məcburi köçkün taleyi ilə üz-üzə qalmış Şadmanovlar ailəsi, məhrumiyyətlərə baxmayaraq, doğma yurdlarına qayıtmaq ümidlərini itirmir. Torpaqlarımızı düşməndən azad etmək amalı ilə ailədə iki peşəkar hərbçi böyüyür.

44 günlük Vətən müharibəsi, həmçinin antiterror tədbirləri zamanı Şadmanov qardaşları qəhrəmancasına döyüşərək, bir sıra rayon və kəndlərimizin azad olunmasında fəal iştirak edir, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə orden və medallarla təltif olunurlar. Lakin 2023-cü il sentyabrın 24-də düşməndən azad edilmiş mövqelərə baş çəkməyə gedərkən qardaşlardan biri - polkovnik-leytenant Əkrəm Şadmanov mina partlayışı nəticəsində şəhid olur.

Vətən eşqi və Qələbə sevinci

"Vətən daşı" filmində Əkrəm Şadmanov və ailəsinin həyat hekayəsi üzərindən Azərbaycan xalqının yazdığı qəhrəmanlıq salnaməsi ilə yanaşı, Vətən eşqi və Qələbə sevinci, doğma torpaqları qurub yaratmaq əzmi öz əksini tapıb.
Filmin ideya və ssenari müəllifi Namiq Mayılov, quruluşçu rejissoru Niyam Şirinov, quruluşçu operator və montaj rejissoru Səbuhi Sadiq, baş prodüseri Fuad Hüseynəliyevdir.

"Nizami" Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, "Global Media Group" 2017-ci ildə təsis edilən aparıcı media şirkətlər qrupudur. Qrupa Azərbaycanda və ölkə xaricində fəaliyyət göstərən televiziya kanalları, informasiya agentlikləri, xəbər portalları, qəzetlər və digər media resursları daxildir.

 

banner

Oxşar Xəbərlər