• cümə, 29 Mart, 00:30
  • Baku Bakı 7°C

“Vesti nedeli” proqramında Azərbaycanla bağlı REPORTAJ + VIDEO

21.06.22 11:00 1005
“Vesti nedeli” proqramında Azərbaycanla bağlı REPORTAJ + VIDEO

“Rossiya 1” telekanalında tanınmış jurnalist Dmitri Kiselyovun müəllifi və aparıcısı olduğu “Vesti nedeli” proqramında Azərbaycanla bağlı reportaj yayımlanıb. AZƏRTAC həmin reportajı təqdim edir.

Dmitri Kiselyov: Çərşənbə günü - iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd edilib. Bu bayram 1993-cü ilin həmin günündə baş vermiş hadisələr haqqında xatirə günü kimi təsis edilib. Həmin gün Heydər Əliyev xalqın çağırışına cavab olaraq hakimiyyətə qayıdıb, Azərbaycan Ali Sovetinə başçılıq edib, ölkəni parçalanmaqdan və vətəndaş müharibəsindən xilas edib. Rusiya və Azərbaycan postsovet məkanında etibarlı müttəfiqlərdir. İyunun 23-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri planlaşdırılır. Səfər çərçivəsində onun Prezident İlham Əliyevlə də görüşü olacaq.

Müxbir Aleksandr Buzaladze Azərbaycandan reportaj hazırlayıb: Bakı öz memarlığı və dinamikası ilə möhtəşəmdir, müasirdir. Əlbəttə, Azərbaycanın bu fenomeni barədə danışmalı olsaq, bunu ölkə üçün ən mühüm bayramdan – Milli Qurtuluş günündən dərhal sonra və buradan, Bakının ən yüksək nöqtəsi sayılan Dağüstü parkdan etmək daha yaxşı olar. Bütün bu möhtəşəm mənzərəyə nəzər salanda, Heydər Əliyevin və Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevin bu məsələdə necə mühüm rol oynadığını başa düşürsən.

Əynində qar kimi ağ köynək olan professor, Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi Səlhəb Məmmədov maşına doğru gedir. O, Moskvaya, Rostova, Krıma, Pribaltikaya bu maşınla gedib.

Səlhəb Məmmədov: Həyatımda çox mühüm məqamlar olub.

Aleksandr Buzaladze: Yadınızdadır?

Səlhəb Məmmədov: Bəli, əlbəttə.

Aleksandr Buzaladze: Kiminlə gedirdiniz?

Səlhəb Məmmədov: Bilirsiniz, həyat yoldaşım və iki övladımla. Tarixi məqamda yaşamaq böyük xoşbəxtlikdir.

Aleksandr Buzaladze: 1993-cü il Azərbaycanda dönüş dövrü olub. Gəncədə hərbi qiyam, dövlət xadimlərinin hərbçilər tərəfindən girov götürülməsi, ölkə hər an öz dövlətçiliyini itirmək həddindədir.

Səlhəb Məmmədov: Əlbəttə, xalq Heydər Əliyevin qayıtmasını tələb edirdi. Xalq bunu tələb edir, istəyirdi. Onlar özləri də görürdülər ki, artıq dünya dəyişib. Yeganə ağıllı addım bu oldu ki, onlar Heydər Əliyevi dəvət etdilər, dedilər ki, o gəlsin. Onlar başa düşürdülər ki, ölkəni xilas etmək lazımdır.

Aleksandr Buzaladze: Heydər Əliyev Naxçıvandan paytaxtda gəldi və bu andan Azərbaycanda yeni həyat başlandı. Artıq müasir geosiyasi reallıqlarda Azərbaycan siyasi və iqtisadi sabitliyin zirvəsindədir, indi müttəfiqlik həmişəkindən daha çox vacibdir.

Bakı Politoloqlar klubunun rəhbəri Zaur Məmmədov: Sevindirici haldır ki, bu gün Rusiya-Azərbaycan münasibətləri durmadan inkişaf edir. Əlbəttə, bu münasibətlər iki ölkənin prezidentlərinin səyləri və münasibətləri sayəsində inkişaf edir. Bu il biz artıq ikitərəfli münasibətlərin yeni mərhələsinə keçmişik, daha dəqiq desək Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Azərbaycan Prezidenti İlham Əliyev bununla əlaqədar deyib ki, Bəyannamə xüsusi əhəmiyyət kəsb edir, çünki o, bizim münasibətlərimizi müttəfiqlik səviyyəsinə çatdırır.

Aleksandr Buzaladze: Rusiyada olduğu kimi, Azərbaycan məktəblərində də bu yay günlərində tədris ili başa çatır. Rusdilli siniflər ciddi hazırlıq keçiblər, belə məktəblərdən birinin 11-ci sinif məzunları.

Arif Vəliyev adına 258 nömrəli ümumtəhsil məktəbinin 11-ci sinif məzunu Cəmilə Həsənzadə: İndi mən sərbəst danışa, öz fikirlərimi sərbəst ifadə edə bilirəm. Bizim məktəbimiz sayəsində, rus dili sayəsində imtahanları yaxşı verdim.

Aleksandr Buzaladze: Azərbaycanda təqribən 3,5 min məktəb var. Bu məktəblərin 340-da tədris rus dilindədir. Bu, 10 faiz deməkdir. Təhsilini Rusiyada davam etdirmək arzusunda olanlar üçün bu, əla nəticədir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr sektorunun müdiri İlham Dadaşov: Bundan əlavə, 3 mindən çox məktəbdə rus dili xarici dil kimi tədris olunur, yəni kifayət qədər geniş imkanlar var.

Aleksandr Buzaladze: Meysəri Azərbaycanın Şamaxı rayonunda kənd adıdır. Əziz Qasımov üzümçülük üzrə bələdçimizdir. O, üzümün necə çiçəkləndiyini bizə göstərir.

Bələdçi Əziz Qasımov: Üçhərfli “mey” sözü ədəbi fars dilində şərab deməkdir. Ömər Xəyyamın şerlərində bu söz çox istifadə edilir. Ona görə də Rusiya mağazalarının piştaxtalarında “Meysəri” axtarın.

Aleksandr Buzaladze: Azərbaycanlı şərabçılar analoji keyfiyyətli məhsullarla, daha böyük mükafat potensialı və rəqabətli qiyməti olan məhsulla Rusiyaya, Fransaya, İtaliyaya inamla gedirlər.

“Meysəri Wİnes” şirkətinin marketinq üzrə direktoru Nəsrin Babayeva: İldə demək olar ki, üç-dörd dəfə Moskvada oluram. Moskvanı çox sevirəm. O, gözəl şəhərdir.

Aleksandr Buzaladze: Əlbəttə, köhnə Bakının lap mərkəzində çoxəsrlik şalbanbaşı döşənmiş küçələr, tuf daşından tikilmiş binalar və multikultural Azərbaycan cazı.

Azərbaycanın Xalq artisti, cazmen, pianoçu, bəstəkar Salman Qənbərov: Bəzən mən bunu çox milli tərzdə edirəm.

Aleksandr Buzaladze: İndi bunu eşidəcəyikmi?

Salman Qənbərov: Eşidəcəksiniz.

Aleksandr Buzaladze: Azərbaycan və Xəzər sahilləri yeni trenddir, burada servis Avropadakından heç də pis deyil.

Emin Ağalarov (developer, “Sea Breeze Resort” kurort qəsəbəsinin sahibi): Bu günə qədər layihəyə investisiyaların ümumi məbləği təqribən 400 milyon dollar olub. Bəlkə də 300-400 min kvadratmetr sahəyə malik olan müxtəlif daşınmaz əmlak inşa edilib.

Aleksandr Buzaladze: Buraya gəlmək və Azərbaycanın bu Xəzər brizi kimi tamamilə yeni, təravətli ruhunu duymaq lazımdır. Bir neçə kilometr uzunluğunda, əla təchiz olunmuş çimərliklər son vaxtlar rusiyalı turistlər üçün cəlbedici yer olub.

Əgər gələn il rusiyalı Formula 1 həvəskarları, turistlər buraya gəlsələr burada ən yaxşı yerlər hansıdır?

Kurort qəsəbəsinin işçisi: Biz həmin məkandayıq – “Abşeron” tribunası.

Aleksandr Buzaladze: Bakı indi Formula 1-in ən parlaq mərhələlərindən biridir. Yarış başa çatandan sonra yerli həvəskarlar özləri bu trasda böyük həvəslə yürüş keçirirlər. Rusdilli beynəlxalq CBC telekanalında baxış reytinqləri, necə deyərlər, kəllə-çarxa vurur.

Jurnalist, CBC telekanalının aparıcısı Emin Əhmədov: Bizim Bakı yürüşü 2017-2018-ci illər mövsümünün ən yaxşı yürüşü və sonrakı illərdə ən yaxşı yürüşlərdən biri hesab edilib.

Aleksandr Buzaladze: CBC kanalı regionda ən populyar kanallardan biridir. Balanslaşdırılmış və dəqiq xəbərlər, operativ informasiya, hər zövqə uyğun proqramlar.

CBC telekanalının ictimai-siyasi xəbərlər şöbəsinin baş redaktoru Nigar Əliyeva: Biz yayıma 2012-ci ildə başlamışıq. Bu, rus dilində yayım aparan, gecə-gündüz işləyən ilk beynəlxalq peyk kanalıdır. Biz Rusiyanın Avropa hissəsindən Hindistan yarımadasına qədər böyük bir ərazini əhatə edirik.

Aleksandr Buzaladze: Daha bir hadisə. Bunu milli toy adlandırmaq olardı. Amma yox, toy Azərbaycan toyudur, bəy və gəlin isə ruslardır. Burada onları dövlət səviyyəsində təbrik edirlər.

İlk növbədə, sizi təbrik edirik. Əhvalınız necədir?

Gəlin Regina Kovalyova: Çox sağ olun. Çox həyəcanlıyam.

Aleksandr Buzaladze: Dövlət qarşısında xüsusi xidmətlərinizə görə sizə böyük və geniş mənzilin açarları hədiyyə edilir.

Burada ruslar və azərbaycanlılar vəhdət təşkil edirlər.

Azərbaycan Rus İcmasının sədrinin müavini Anastasiya Lavrina: Biz həmişə deyirik ki, biz bir, vahid xalqıq. Biz azərbaycanlılarıq, tariximizi xatırlayırıq. Biz öz tarixi vətənimizi – Rusiyanı xatırlayırıq. Lakin bununla bərabər qürurla deyirik ki, biz azərbaycanlılarıq, bu millət həmişə vahid cəmiyyət kimi sıx birləşməyə hazırdır.

Aleksandr Buzaladze: Qarabağ ərazisi son 30 ilə yaxın müddətdə tamamilə xarabalığa çevrilib. Azərbaycanlılar, ilk növbədə, bu torpaqlara daxil oldular və yollar şəbəkəsini bərpa etdilər, aeroport tikdilər. Bax, bu yerdə “Yeni Füzuli” adlı ən yeni yaşayış kompleksinin tikilməsi planlaşdırılır.

Beynəlxalq aeroport artıq aviareysləri qəbul edir. Dağ yolu bərpa edilir və möhkəmləndirilir. Təmirçilər yağış sularının axması üçün tədbirlər görür, Azərbaycan polisi təhlükəsizliyi təmin edir.

Alınmaz qala olan Şuşa gəlin kimi bəzənib, iyun ayında yaşıllığa bürünüb. Apteklər açılır. Baxın, məncə bərbərxana da artıq işləyir. Baxaq görək içəridə kim var.

Bərbər Anar: Salaməleykum.

Aleksandr Buzaladze: Salam, işləriniz necədir? İşləyirsinizmi?

Bərbər Anarın yaradıcılıq missiyası Şuşada hamını xoşbəxt etməkdir.

Heç vaxt fikrimə gəlməzdi ki, qıvrım saçlarımı Şuşada qırxdıraram. Anar razı halda gülümsəyir. Onun daha bir xoşbəxt müştərisiyəm.

Şuşada bərpa işləri tam sürətlə gedir. Yeni inzibati binalar tikilir, şəhər meriyasının binası bərpa edilib. İnşaat texnikası gecə-gündüz işləyir.

Yanacaqdoldurma stansiyasında anşlaqdır.

Sürücü: Bir az bahadır, amma yol çəkiblər.

Aleksandr Buzaladze: Bu sürücü deyir ki, buranın yolu çox uzundur və yüksəklikdə yerləşir.

Şuşada bankomat da var, çoxdan işləyir.

Supermarket ərzaq məhsulları ilə doludur. Təzə süd, şirələr, kolbasalar, banan, təzə yerkökü, soğan, hətta turşməzə təzə gavalı da satılır.

Böyük Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyi. Bu, artıq bərpa olunmuş yerlərdən biridir.

 

banner

Oxşar Xəbərlər