Utilizasiyanın bir ayı
İndiyə qədər 40-a yaxın avtomobil utilizasiyaya təqdim edilib. Gələcəkdə regionlarda da utilizasiya ilə bağlı toplama məntəqələri qurula bilər.
Artıq bir aydan çoxdur ki, Azərbaycanda köhnə avtomobillərin utilizasiyası həyata keçirilməkdədir. Bu addım ölkədə havanın ekoloji cəhətdən çirklənməsində əsas pay sahibi olan köhnə avtomobillərin sıradan çıxarılması və avtomobil parkının yenilənməsi təşəbbüsü çərçivəsində gerçəkləşdirilir. Maraqlıdır, köhnə avtomobil sahibləri utilizasiyaya nə dərəcədə maraq göstərir? Bu zamana kimi neçə avtomobil utilizasiyaya verilib?
11 avtomobil utilizasiyaya qəbul edilib
"Təmiz Şəhər"ASC-nin şöbə müdiri Mirzə Laçınov "Report"a açıqlamasında bildirib ki, Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyasına başlanılan bu ilin noyabr ayından artıq 11 avtomobil utilizasiyaya qəbul edilib. Buna görə 11 550 manat ödəniş edilib. Onun sözlərinə görə, ümumilikdə indiyə qədər 40-a yaxın avtomobil utilizasiyaya təqdim edilib. "Gələcəkdə ölkənin regionlarında utilizasiya ilə bağlı toplama məntəqələri qurula bilər. Bu, müraciətlər əsasında reallaşa bilər. Utilizatorlar müstəqil sahibkarlardır", - deyə "Təmiz Şəhər" rəsmisi əlavə edib.
Vəziyyətdən səmərəli çıxış yolu
M.Laçınovun sözlərinə görə, Bakıda atmosferə atılan zəhərli qazların 75%-i məhz nəqliyyat vasitələrinin payına düşür. Mirzə Laçınov bildirib ki, yararsız və istismar müddəti bitmiş avtomobillərin tullantıya çevrilərək ətraf mühiti çirkləndirməsi hazırda bütün dünyada ciddi problem sayılır: "Əksər ölkələr bu cür nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi istiqamətində müxtəlif proqramlar tətbiq edir. Vəziyyətdən səmərəli çıxış yollarından biri də həmin avtomobillərin utilizasiyasıdır".
Ciddi nəzarətdə saxlanılmalıdır
M.Laçınovun sözlərinə görə, utilizasiya proqramlarının dövlət səviyyəsində həyata keçirilməsi ətraf mühitin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir: “Bunu zəruri edən əsas səbəb köhnəlmiş və yararsız nəqliyyat vasitələrinin havanın, o cümlədən torpağın və su mənbələrinin çirklənməsində payının artması, onların zəruri ekoloji tələblərə əməl edilmədən pərakəndə utilizasiyası zamanı ətraf mühitə dəyən ziyandır. Tədqiqatlar göstərir ki, ölkəmizdə nəqliyyat vasitələrindən atmosferə atılan təkcə karbon oksidlərinin miqdarı il ərzində 700 min tona yaxındır. Bu isə nəqliyyat vasitələrinin ekoloji normalara cavab verməsinin ciddi nəzarətdə saxlanmasını tələb edir".
Müasir dövrün tələbi
"Təmiz Şəhər"in şöbə müdiri deyib ki, köhnəlmiş nəqliyyat vasitələri hərəkətin təhlükəsizliyi baxımından da risklər yaradır: "Texniki təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələri yol-nəqliyyat hadisələrinin, o cümlədən bədbəxt hadisələrin sayının artmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq, onların utilizasiyasının dövlət səviyyəsində idarə edilməsi artıq müasir dövrün tələbidir. Hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür".