Uduzdular, amma yenə də ümid var
İlk oyunlar göstərdi ki, həm “Orxus”, həm də “Dinamo” keçiləsi rəqiblərdir. Xüsusilə, “Sabah” sərgilədiyi üstün oyunla danimarkalıların qorxulu komanda olmadığını sübuta yetirdi.
Avrokubokların yeni mövsümündə ilk mərhələdən sonra azərbaycanlı azarkeşlərin klublara inamı daha böyük idi. İkinci raund “Zirə” və “Neftçi”nin sıradan çıxması ilə nəticələndi. Üstəlik daha böyük gözləntilərin olduğu “Qarabağ” da Avropa Liqasında (AL) Bolqarıstan təmsilçisi ÇSKA ilə duellərdən məğlub ayrıldı. Beləliklə, ağdamlılar “köhnə qitə”nin səviyyəcə üçüncü yarışı olan Konfrans Liqasına (KL) yollandılar. Onları avrokubok kampaniyasında “Sabah” müşayiət edir.
Danimarkada ümidverici oyun
Çempionumuz “Sabah” davam edən avrokubok mövsümündə ən uğurlu təmsilçimizdir. Çempionlar Liqasında (ÇL) yarışan Valdas Dambrauskasın komandası ilk iki mərhələni dörd qələbə ilə birnəfəsə keçərək artıq Konfrans Liqasının liqa mərhələsini özü üçün təmin edib. Lakin “futuristlər”in iddiası daha böyükdür. Komanda iddiasına uyğun oyun da oynayır, nəticə əldə etməyi də bacarır.
“Sabah” ilk dəfə iştirak etdiyi ÇL-in pley-off mərhələsinin bir addımlığındadır. Komanda bu həftə üçüncü təsnifat mərhələsinin ilk oyununa çıxdı. “Bayquşlar”ın budəfəki rəqibi Danimarka çempionu “Orxus” ikinci təsnifat mərhələsində Polşa “Lex”inə qarşı etdiyi geridönüşlə artıq Avropada diqqət çəkməyi bacarıb və möhkəm komanda olduğunu sübuta yetirib.
“Sabah” ilə “Orxus” arasında Danimarkada baş tutan ilk oyunun nəticəsi gedişatı tam əks etdirmədi. Azarkeşlər bu fikirdə həmfikirdirlər ki, meydanda daha yaxşı olan tərəf Azərbaycan çempionu idi. Düzdür, qarşılaşmanın ilk 20 dəqiqəsində meydan sahibləri üstün görünürdülər. Lakin “Sabah” tezliklə oyunda balans yaratmağı bacardı. Elə bu anlarda rəqibin hesabı açması, ikinci hissədə daha bir qol vurması da çempionumuzu ruhdan salmadı. “Sabah” Velyko Simiçin qolu ilə fərqi minimuma endirərək cavab oyununa azarkeşlərin daha ümidli yanaşmasına şərait yaratdı.
Ümumiyyətlə, “Sabah” Danimarka çempionuna qarşı çox inamlı oyun göstərdi. Komanda məğlub olsa da, meydanda daha üstün tərəf idi. Bu, özünü həm təhlükəli vəziyyətlərin sayında, həm ümumən oyuna nəzarətdə göstərirdi. Rəqibə demək olar ki, şans verməyən paytaxt klubunun buraxdığı qollar bir oyunçunun fərdi ustalığından, bir az da bəxt amilindən yaranırdı. Əvəzində “Sabah”ın dirəkdən, tirdən qayıdan zərbələri, ümumən çoxlu qol vəziyyətləri oldu. İlk oyun göstərdi ki, “Orxus” “Lex”ə qarşı ikinci oyunda göründüyü qədər qorxulu komanda deyil. Xüsusən, rəqib müdafiə xətti təzyiq altında çoxlu səhvlər edir. Bakıdakı cavab oyununda bunlardan daha yaxşı yararlanmaqla vəziyyəti xeyrimizə çevirmək mümkündür.
Dişsiz görünən “Qarabağ”
Bu yay heyətini yeniləyən “Qarabağ” isə hələ ki, ondan gözlənilən oyunu göstərməyi bacarmır. AL ilə vidalaşan “atlılar” KL-də də ilk oyunu məğlubiyyətlə başa vurdu. III təsnifat mərhələsində rəqib olan Kiyev “Dinamo”su ad olaraq çox böyük səslənsə də, komandaların mövcud vəziyyəti bu cütdə “Qarabağ”ı daha üstün saymağa imkan verir. Lakin ağdamlılar heç də ötən mövsüm ÇL-də parlaq nəticələr əldə edən komandaya bənzəmir.
“Dinamo” ilə Polşada baş tutan ilk oyun Azərbaycan təmsilçisinin ifasında son illər izlədiyimiz qarşılaşmalara bənzəmirdi. Həmişə hücum edən, aktiv və sürətli oynayan, kimliyindən asılı olmayaraq rəqib qapısını təzyiqdə saxlayan “Qarabağ” kiyevliləri ciddi heç nə ilə təəccübləndirə bilmədi. Düzdür, topa nəzarət, qapıya ümumi zərbələrin sayında komandamızın üstünlüyü oldu, lakin ağdamlıların yüz faizlik qol imkanının olduğunu iddia etmək çətindir. Əvəzində Ukrayna təmsilçisi əlinə düşən imkanlardan birini qola çevirdi. Əslində, həmin qol zamanı “Qarabağ” futbolçularının da “əməyi” az olmadı. Abdulla Zubirlə başlayan səhvlər dalğası Bense Varkonyi ilə davam etdi, Mateuş Silva və adaşı Koxalski isə rəqib hücumçuya mane olmağı bacarmadılar. 11-ci dəqiqədəki bu epizoddan sonra “Qarabağ” nə qədər çalışsa da, nəinki geridönüş edə bilmədi, heç bərabərliyi təmin etməyi də bacarmadı.
“Qarabağ” artıq üç oyundur, avrokuboklarda qol vurmağı bacarmır. Komandanın sonuncu dəfə nə zaman belə vəziyyətlə üzləşdiyini xatırlamaq çətindir. Bu, ağdamlıların hücumda necə sıxıntı yaşadığının aşkar göstəricisidir. Kamilo Duranın yerinə transfer edilən Zakariya Savonun zədələnməsi komandanı çətin vəziyyətə salıb. “Ağdamlılar” “Dinamo” qarşısına nominal hücumçusuz çıxmışdılar. Aleksey Kaşşuk irəli xətdə yer alsa da, effektiv ola bilmədi.
Hələ heç nə bitməyib
İlk oyunlar göstərdi ki, həm “Orxus”, həm də “Dinamo” keçiləsi rəqiblərdir. Xüsusilə, “Sabah” sərgilədiyi üstün oyunla danimarkalıların qorxulu komanda olmadığını sübuta yetirdi. Əksinə, indi çəkinməli olan tərəf məhz “Orxus”dur. Əlavə heç nəyə ehtiyac yoxdur: “Sabah” ilk oyundakı performansı təkrarlasa, Bakıda nəinki minimal hesablı geriliyi aradan qaldırmaq mümkündür, hətta 90 dəqiqə ərzində pley-off üçün lazım olan nəticəni əldə edə də bilərik. Elə “Qarabağ” da toparlanaraq hücumda kəskinliyi artırsa, “Dinamo”nu asanlıqla məğlub edə bilər. Kiyev klubunun əvvəlki gücündən əsər-əlamət qalmayıb. İlk qarşılaşmadakı məğlubiyyətə baxmayaraq, “Qarabağ” cütün favoritidir və doğma publika qarşısında lazımi nəticəni qazanmaq ehtimalı çoxdur.
“Sabah” “Orxus” səddini aşacağı təqdirdə ÇL-in pley-offunda “Hapoel” (Beer-Şeva, İsrail) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan çempionu məğlub olacağı halda AL-in pley-offunda “Benfika” (Portuqaliya) - “Harts” (Şotlandiya) cütünün güclüsü ilə qarşılaşacaq. “Qarabağ” isə KL-də liqa mərhələsinə düşmək üçün “Dinamo”nun ardınca “Tvente” (Niderland) - “DAC 1904” (Slovakiya) cütünü qalibini də mübarizədən kənarlaşdırmalıdır.