• şənbə, 05 Sentyabr, 05:00
  • Baku Bakı 24°C

Tibb işçilərini sevindirən təşəbbüs 

05.09.26 03:46 19
Tibb işçilərini sevindirən təşəbbüs 

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan tibb işçilərinin əməkhaqqı artırılır. Sentyabrın 1-dən tətbiq olunacaq artım tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sistemində çalışan tibb işçilərinin əməkhaqqı artırılır. Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək. 

TƏBİB-in icraçı direktoru Anar Bayramov bildirib ki, əməkhaqları artırılan tibb işçilərindən 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.

Təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevaya məxsusdur

Səhiyyə sistemində çalışanların sosial-iqtisadi rifah halının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və bu sahədə insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya məxsusdur. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib. Bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb. 

Əməkhaqqı artımı kimlərə şamil olunacaq?

Yeni qaydalara əsasən regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək və bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir. Yeni islahatla 36 041 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək. 

“Bu, çox zamanında verilmiş qərardır”

Əməkhaqqı artımı ilə bağlı TƏBİB sistemində çalışan tibb işçiləri tərəfindən böyük sevinclə qarşılanıb.  Respublika neyrocərahiyyə xəstəxanasının təcili tibbi yardım şöbəsinin müdiri Polina Əliyeva "Report"a bildirib ki, bu çox zamanında verilmiş qərardır. "Çox şadıq ki, bizim çətin, məsuliyyətli, riskli əməyimiz belə qiymətləndirilib", - o deyib. P. Əliyeva vurğulayıb ki, islahatlar sırasında daha çox işləyən həkimin daha çox qazancı olacağı məlumatı səhiyyə işçiləri arasında entuziazmla qarşılanıb: "Bundan əvvəl artıq iş saatının ödənilməsi çətinlik yaradırdı. Əlavə ödənişlərlə bağlı qaydalar dəqiq olmadığından bir sıra məhdudiyyətlər var idi. Yeni sistemə əsasən isə daha çox pasiyent qəbul edən, daha çox işləyən həkim daha çox qazanacaq. İnanıram ki, yaxın zamanlarda dəqiq meyarlar hazırlanacaq". 

Kadr çatışmazlığını aradan qaldıracaq

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "Report"a açıqlamasında deyib ki, TƏBİB sistemində çalışan 72 212 tibb işçisinin əməkhaqqı fondunun illik 189 milyon manat artırılması onların maddi rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm sosial addımdır. Deputatın fikrincə, əməkhaqlarının artırılması, eyni zamanda, səhiyyə sektorunda mövcud kadr çatışmazlığının aradan qaldırılması və iş yükünün daha ədalətli bölüşdürülməsi baxımından da əhəmiyyətlidir: "Xüsusilə, regionlarda səhiyyə xidmətlərinin əlçatanlığının təmin olunması üçün kadr potensialının gücləndirilməsi əsas məsələlərdən biridir. İlkin səhiyyə xidməti üzrə aparılmış araşdırmalar əlavə olaraq təxminən 1 500 tibb işçisinə ehtiyac olduğunu göstərir. Bu baxımdan, əməkhaqqının artırılması regionlarda çalışmaq üçün tibb işçiləri üçün daha əlverişli və rəqabətqabiliyyətli şərait yarada bilər”.

banner

Oxşar Xəbərlər