Texnikanın düşməni, orqanizmin “dostu”
Paytaxt müxtəlif mənbələrdən su ilə təmin olunduğundan codluq göstəriciləri ərazilər üzrə fərqlənir. Lakin suyun cod olması onun keyfiyyətsiz və ya içməyə yararsız olduğu mənasına gəlmir.
Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hansı ərazilərində su daha cod hesab olunur?
“Ərp suyun mineral tərkibi ilə bağlıdır”
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji kəşfiyyat fakültəsinin müəllimi, hidrogeoloq Allahverdi Tağıyev bildirir ki, kran suyunun qaynadılmasından sonra çaydanın dibində və divarlarında yaranan ağ çöküntünün əsas səbəbi suyun codluğudur: “Suyun codluğu əsasən onun tərkibində həll olmuş kalsium və maqnezium ionlarının miqdarı ilə müəyyən edilir. Xüsusilə hidrokarbonatlarla zəngin su qızdırıldıqda və ya qaynadıldıqda kalsium karbonat kimi az həll olan birləşmələr çökür və məişətdə “ərp” adlandırdığımız təbəqə yaranır. Sadə desək, çaydanda gördüyümüz ağ ərp əksər hallarda xlor deyil, suyun təbii mineral tərkibinin nəticəsidir. Məsələn, kalsium hidrokarbonat qızdırıldıqda kalsium karbonata çevrilərək çökə bilir. Buna görə də eyni su soyuq halda şəffaf görünsə də, qaynadıldıqdan sonra qabın dibində ağ çöküntü yarana bilər”.
“Bakıda suyun codluğu mənbədən asılıdır”
A.Tağıyevin sözlərinə görə, Bakının bəzi ərazilərində kran suyunda ərpin daha çox yaranmasının əsas səbəbi həmin əraziyə daxil olan suyun mənbəyinin və mineral tərkibinin fərqli olmasıdır: “Bakı və Abşeron vahid bir mənbədən su almır. Hazırda paytaxtın su təminatında Ceyranbatan, Kür, Oğuz-Qəbələ-Bakı, Şollar və Xaçmaz kimi müxtəlif mənbələr iştirak edir. Bu mənbələrin hidrogeoloji şəraiti və kimyəvi tərkibi eyni olmadığı üçün onların codluq göstəriciləri də fərqlənir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin açıqladığı orta göstəricilərə görə, ümumi codluq Ceyranbatan mənbəyində təxminən 213-215 mg/l, Oğuz-Qəbələ-Bakı suyunda 242 mg/l, Şollar suyunda 294 mg/l, Xaçmaz suyunda 314 mg/l, Kür mənbəyindən təmizlənən suda isə təxminən 346 mg/l-dir”.
Konkret rayonları isə “ən cod su olan rayonlar” kimi sıralamaq düzgün olmaz: “Bakı və Abşeronun su şəbəkəsi qarşılıqlı əlaqələndirilmiş sistemdir. Mənbə göstəricilərinə əsasən Kür, Xaçmaz və Şollar suyunun payı yüksək olan şəbəkə sahələrində ərpin daha tez əmələ gəlməsi mümkündür. Rəsmi məlumatlarda Ceyranbatan sisteminin Xəzər, Sabunçu və Suraxanı rayonlarının əksər hissələrini və Abşeron ərazisini, Oğuz-Qəbələ-Bakı suyunun isə Abşeronla yanaşı Yasamal, Nəsimi və Səbail rayonlarının müəyyən hissələrini təmin etdiyi göstərilir”.
“Köhnə borular ərpin əsas səbəbi deyil”
Hidrogeoloq bildirir ki, boru şəbəkəsinin köhnə olması adətən suyun kalsium-maqnezium codluğunu kəskin artırmır: “Köhnə və korroziyaya uğramış borular suya dəmir birləşmələri, pas hissəcikləri və əvvəllər borunun daxilində toplanmış çöküntülər verə bilər. Bu halda rəngli və ya mexaniki çöküntü müşahidə olunur”.
Ərpdən necə qorunaq?
A.Tağıyev qeyd edir ki, çaydanda ərpin yaranması özlüyündə suyun içməyə yararsız və ya standartdan kənar olduğunu göstərmir. Onun sözlərinə görə, yüksək codluq əsasən məişətdə problem yaradır: “Çaydan, kombi, su qızdırıcısı, paltaryuyan və qabyuyan maşınlarda ərpləşməni artırır, enerji sərfiyyatına və avadanlığın işləmə müddətinə mənfi təsir göstərir. Məişət texnikası üçün suyun codluğuna uyğun ion-mübadilə əsaslı yumşaldıcı sistemlərdən və ya konkret avadanlıq üçün nəzərdə tutulmuş ərpə qarşı vasitələrdən istifadə etmək mümkündür. Sadə mexaniki və aktiv karbon filtrləri isə kalsium və maqnezium ionlarını sudan əhəmiyyətli dərəcədə çıxarmır. İçməli su üçün codluğun azaldılması tələb olunursa, ion-mübadilə və ya əks-osmos texnologiyaları daha effektivdir”.
“Codluq suyun keyfiyyətsiz olması demək deyil”
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov da suyun codluğu ilə keyfiyyəti arasında birbaşa əlaqə olmadığını bildirir: “Codluğu yüksək olan su keyfiyyətsiz su hesab olunmur. Suyun keyfiyyətini müəyyən edən başqa göstəricilər var. Bunlara əsasən bakterioloji və digər kimyəvi göstəricilər daxildir. Bakıya dörd-beş mənbədən su gəlir və bu suların ümumi codluğu təxminən 200-350 milliqram/litr arasında dəyişir”.
“Kalsium və maqnezium insan orqanizmi üçün lazımlıdır”
R.Abbasov qeyd edir ki, cod sular içmək üçün yararlıdır: “Suyun tərkibində olan kalsium və maqnezium ionları insan orqanizmi üçün lazımlı minerallardır. Bəzi insanlar evdə cod suyu içməyərək yumşaldılmış və təmizlənmiş suya üstünlük verirlər, eyni zamanda aptekdən də maqnezium və kalsium alırlar. Halbuki bu minerallar suyun özündə də mövcuddur. Yalnız codluğuna görə sudan narahat olmaq düzgün deyil. Cod suyun dadı bir qədər xoşagəlməz ola bilər, amma bu, onun sağlamlıq üçün təhlükəli olduğu anlamına gəlmir”.
“Suyun keyfiyyəti daim nəzarətdə saxlanılır”
İri Şəhərlərin Su Təchizatı QSC bildirir ki, məişət avadanlıqlarında ərpin yaranması suyun tərkibində təbii şəkildə mövcud olan kalsium və maqnezium kimi mineral maddələrlə əlaqəlidir: “İçməli suyun tərkibi, o cümlədən codluq göstəricisi müəyyən edilmiş normativ tələblərə uyğun olaraq tənzimlənir və nəzarətdə saxlanılır. İçməli suyun keyfiyyəti çoxsaylı fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə kompleks şəkildə qiymətləndirilir və müəyyən edilmiş tələblərə uyğunluğu mütəmadi laborator müayinələrlə yoxlanılır”.
Qurumun məlumatına görə, suyun keyfiyyətinə mənbədən istehlakçıya qədər daim nəzarət edilir: “Bakı şəhəri, Abşeron yarımadası və regionların su təchizatı sistemlərində mənbələrdən - yerüstü və yeraltı sulardan - qəbul edilən suyun içməli su səviyyəsinə çatdırılması və təhlükəsizliyinin təmin olunması məqsədilə su təmizləyici və zərərsizləşdirici qurğular, həmçinin kimyəvi-bakterioloji təhlil laboratoriyaları fəaliyyət göstərir. Bu prosesdə dövlət standartının tələblərinə riayət olunur. Əhaliyə verilən içməli su əvvəlcə mexaniki təmizləyici üsulla qum süzgəcindən, daha sonra isə mərhələli şəkildə ultrasüzgəcli qurğulardan keçirilir. Su əhaliyə verildikdən sonra da kənd, qəsəbə və şəhərlər üzrə mütəmadi analizlər aparılır”.
Zərif Salmanlı