• cümə, 15 Noyabr, 10:31
  • Baku Bakı 9°C

Tarixi binaya müasir yamaq?

15.07.23 04:00 3042
Tarixi binaya müasir yamaq?

Lənkəran şəhərində yerləşən Dairəvi qalada aparılan işlər narazılıqlara səbəb olub. Tarixi qalanın damının müasir dəmir örtüklə örtülməsi birmənalı qarşılanmayıb. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti isə narahatlıq üçün əsas görmür.

Lənkəranda yaşı əsrlərlə ölçülən bir qala var. Adına Zindan qalası və ya Dairəvi qala deyilir. Bu qalanın çox maraqlı tarixi var, XVIII əsrdə tikilmiş Lənkəran qalasının bir hissəsidir. Dairəvi qala və ona bənzəyən ikinci tikili isə Lənkəran Mayakıdır. Hər iki tikili vaxtilə şəhərin müdafiəsində qala sisteminin cənub və şimal dayaq məntəqələri rolunu oynayıblar. Mənbələrə görə, hər iki qala Lənkəran qalasının dayaq məntəqələri kimi Nadir şahın əmri ilə tikilib. Rus işğalından sonra Lənkəran qalası dağıdılıb, hərbi qala ləğv edilib və qalanın dayaq məntəqələri də bir-birindən aralı düşüb. 1869-cu ildə şimal dayaq məntəqəsi olan qalanın başına fənər quraşdırılıb və binadan mayak kimi istifadə edilməyə başlanılıb. Hazırda həmin mayak Xəzər Dəniz Gəmiçiliyinin tabeliyindədir.

Stalinin həbsdə yatdığı qala

Cənub dayaq məntəqəsi olan Zindan qalanın (hündürlüyü 20 metr, diametri 72 metr) statusu isə zaman-zaman dəyişib. Qala 1869-cu ildən 1959-cu ilə qədər həbsxana kimi istifadə olunub. Məhz buna görə də qalaya “Zindan qala” deyilir. Tarixi qalada hətta 1903-1904-cü illərdə poçt qatarını qarət etdiyinə görə həbs olunan İosif Stalin də dustaq olub. Lakin sonradan yoldaşlarının köməyi ilə həbsdən qaça bilib. Həbsxana 140 nəfər üçün nəzərdə tutulsa da, qalada 310 nəfərə qədər məhbus saxlanılıb. Dustaqlar buraya Dairəvi qala ilə Mayak arasında olan gizli yeraltı yol ilə gətirilirmişlər. Bu yeraltı yolda iki nəfər sərbəst hərəkət edə bilirmiş. Sonradan həmin yol yeraltı sularla dolduğuna görə hazırda istifadəsi mümkün deyil. 1970-1990-cı illərdə qalada tikiş sexi fəaliyyət göstərib.

Mühafizə altında olsa da...

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 saylı qərarı ilə Dairəvi qala memarlıq abidələri siyahısına daxil edilərək dövlət tərəfindən mühafizə olunur. Qala 2006-cı ildə “Regionların sosial-iqtisadi inkişafı planı”na əsasən təmir olunub. Əsaslı təmir iki il davam edib. Təmirdən sonra qalada şəkil qalereyası yerləşib. 2015-ci ilin fevral ayında güclü qar yağması nəticəsində qalanın dam örtüyü dağıldığından tarixi abidə qəzalı vəziyyətə düşüb. Sonrakı illər ərzində isə qala ümumiyyətlə, yaddan çıxıb və baxımsız vəziyyətə düşüb. Sonradan tarixi abidənin yenidən bərpası Mədəniyyət Nazirliyində 2020-2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısına daxil edilib.

Qalaya uyğun olmayan dam örtüyü

Qeyd edək ki, “Dairəvi qala”nın baxımsız vəziyyəti ilə bağlı sosial şəbəkələrdə paylaşımlardan, yerli sakinlərin narazılığından və əlaqədar qurumlara çoxsaylı müraciətlərdən sonra Mədəniyyət Nazirliyi qalanın təmirinə yenidən diqqət yönəldib. Bu ilin may ayından qalada başlanan təmir işləri hazırda davam edir. Ancaq tarixi qalanın damının müasir dəmir örtüklə örtülməsi ilə bağlı sosial şəbəkələrdə paylaşımlar diqqəti cəlb edir. Sosial şəbəkə istifadəçiləri XVIII əsr qalasının damına müasir dəmir örtüyün vurulmasını tikiliyə yamaq kimi qiymətləndirir, bunun qalanın tarixiliyinə xələl gətirdiyini bildirirlər. Sosial platformalarda “Görünür, qalanın tarixi tikili olduğunu bilmirlər” kimi fikirlər yer alıb. Əslində tarixi abidələrin əsaslı təmiri və restavrasiyası zamanı tikilinin keçmiş görkəminin qorunub saxlanması əsas tələblərdəndir.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov tarixi abidələrin bərpasında bu cür halların yolverilməz olduğunu bildirir: “Tarixi abidənin bərpası tamamilə fərqli həyata keçirilir. Çünki bərpa olunan zaman həmin abidənin tarixi, yeri, istifadə olunan materialların hamısı nəzərə alınmalıdır. Bərpaya başlayarkən materiallar laborator analizdən keçirilməlidir. Tikinti materialları harada istehsal olunubsa, həmin ərazilərdən əldə etmək lazımdır. Ən azından Lənkəran-Astara və ya Lerikdə bu tip kirəmitlər istifadə olunur. Həmin materiallardan qalanın dam örtüyündə istifadə etmək olar. Dəmir örtük isə tarixi qalaya qətiyyən uyğun deyil”.

F.İsmayılov məsələnin həllinə birbaşa aidiyyəti olan qurumun - Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətini qənaətbəxş hesab etmir: “Səbəb bu qurumda mütəxəssislərin yoxluğudur. Ümumiyyətlə, son onillikdə Azərbaycanda bərpaçılar hazırlanmır. Nə bir peşə məktəbi və ya ali məktəbdə belə bir fakültə yoxdur ki, bərpaçılar hazırlansın və onların abidədən anlayışı olsun. Bu da bu tip problemlərin ortaya çıxmasına səbəb olur”.

Müvəqqəti dam örtüyü?

Problemlə bağlı sorğumuzu cavablandıran Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti isə narahatlıq üçün əsas görmür: “Bir neçə il öncə Lənkəran şəhərində yerləşən Dairəvi qalanın (Zindan qala) dam örtüyünün çökməsi nəticəsində abidə qəzalı vəziyyətə düşüb. Hazırda daxili imkanlar hesabına qalanın ətrafında və içərisində təmizlik, abadlıq işləri görülür, qalanın mühafizəsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Həmçinin aparılacaq bərpa işlərinin başlanılmasına qədər tarixi tikilinin təbii təsirlərdən, yağıntılardan qorunması məqsədilə qalanın damı müvəqqəti örtüklə əvəz olunub”. Xatırladaq ki, tarixi binaların orijinal görkəminin qorunub saxlanılması və ya bərpası xüsusilə mövcudluğu tarixi əsrlərlə ölçülən şəhərlərdə yüksək qiymətləndirilir. Təcrübələr göstərir ki, qorunan, bərpa və ya təmir olunmuş tarixi tikililər turistləri cəlb edir, bölgəyə marağı artırmaqda böyük rol oynayır.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər