• çərşənbə, 24 Iyul, 22:34
  • Baku Bakı 30°C

Taksi qiymətləri kəskin artacaq?

22.06.24 05:11 2680
Taksi qiymətləri kəskin artacaq?

İyulun 1-dən etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Lakin indiyə qədər cəmi 5131 sürücü taksi fəaliyyəti üçün icazə alıb. Yəni rəsmi olaraq Bakıda hələlik bu qədər taksi fəaliyyət göstərə bilər. 

Taksilərlə bağlı yeni qaydaların qüvvəyə minməsinə cəmi iki həftə qalıb. İyul ayının 1-dən etibarən Azərbaycanda taksilər yeni qaydalarla fəaliyyət göstərməlidirlər. Qaydalardan ən vacibi isə taksi sürücülərinin təlimlərdən keçməsi və sürücülük fəaliyyəti üçün icazə (buraxılış kartı, buraxılış vəsiqəsi) kağızlarının alınmasıdır.

Məlumat üçün bildirək ki, ötən ilin avqust ayından etibarən, taksi sürücüləri təlimlərə cəlb edilir. Lakin indiyə qədər cəmi 5 131 sürücü taksi fəaliyyəti üçün icazə alıb. Bu statistikanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) açıqlayıb. Agentlikdən verilən məlumata görə, təlim keçən sürücülərin sayı isə 21 879-a çatıb. 

Yeni qaydalarla taksi icazəsi alanlar ölkədəki ümumi taksi sayının cəmi səkkiz faizini təşkil edir. Maraqlıdır, bu rəqəm Bakıda taksi yükünü qaldırmağa kifayət edirmi? Belə davam edərsə, taksi fəaliyyəti ilə bağlı vəziyyət necə olacaq? Sərnişinlər hansı “sürprizlər”lə qarşılaşa bilər?

Qaydalar hazırlanıb, amma çatışmazlıqlar var

Texnika elmləri üzrə fəlsəfə doktoru, nəqliyyat eksperti Fərhad Eyyubov “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, taksi xidmətindəki çatışmazlıqları azaltmaq üçün görülən tədbirlər sistemi kompleks şəkildə aparılmır və burada narazılıqların olması qaçılmazdır: “Taksi daşımaları ilə bağlı çox ciddi problemlər var idi. İstər media, istərsə də cəmiyyətdə bu məsələlər daim müzakirə olunur, çıxış yolları axtarılırdı. İndi vəziyyətdən çıxış yolu üçün müəyyən qaydalar hazırlanıb, amma çatışmazlıqlar var. İlk olaraq Bakı şəhərində nə qədər taksinin olması müəyyənləşdirilməlidir. Bəzi böyük şəhərlərdə əhalinin sayı bir milyondan artıqdırsa, bunların 7-10 faizi taksi xidmətindən istifadə edir. Əgər həmin şəhərlərdə ictimai nəqliyyat sistemi zəif işləyirsə, tələbatı ödəyə bilmirsə, bu faiz daha da artır. Bizdə hələ bu say dəqiq müəyyən olunmayıb. Hətta Bakıda nə qədər taksinin olması da dəqiq deyil. Bəzən 50-60, bəzən də 100 min taksi olduğu deyilir. Amma qeydiyyatdan keçənlərin sayı beş mindir. Bu, azdır”.

“Böyük narazılıq yaranacaq”

Mütəxəssis deyir ki, dövlət qurumları taksi problemini həll etmək üçün ciddi addımlar atır və məsələləri dərhal həll etməyə çalışırlar: “Qanuni şəkildə problemlər tənzimlənməlidir. Amma bu zaman həm nəqliyyat vasitələri, həm də sürücülər tələblərə cavab verməlidir. Çünki taksi daşımalarının elmi cəhətdən əsaslandırılması mütləq lazımdır. Əlbəttə, tələbat çox olduğu üçün həm xidmətlərin keyfiyyətində, həm də taksi sayı və qiymətlərlə bağlı böyük narazılıq yaranacaq”.

“Əhali buna hazır olmalıdır”

Mütəxəssis vurğulayır ki, hazırda görülən tədbirləri birmənalı şəkildə pisləmək olmaz. Biz bu yolu getməliyik və xidmətlərdə qayda-qanun olmalıdır. Amma təbii ki, buna dərhal keçid mümkünsüzdür: “Bu sistemə tədricən keçmək lazımdır. İndi beş min taksi qeydiyyatdan keçib, iki həftəyə maksimum 15-20 min icazə kağızı olsa belə, yenə də narazılıq yaranacaq. Çünki say tələbatı ödəməyəcək. Əsaslı dəyişikliklər edərkən, çatışmayan cəhətlərin olması mümkündür. Ancaq bunlar əhalini narazı salmadan yerinə yetirilməlidir. Məncə, taksi problemi qısa müddətə öz həllini tapmayacaq. Həll olunması üçün çalışmaq lazımdır. Həm əhali buna hazır olmalıdır, həm də taksidən istifadə edən sərnişinlərin və sürücülərin xidmət mədəniyyəti artırılmalıdır”.

Tələblərə uyğun sürücülər azdır

İcazə kağızı alan taksi sürücülərinin sayının az olma səbəblərinə gəldikdə isə, həmsöhbətimiz vurğulayır ki, tələblərə uyğun sürücülər azdır: “Taksi sürücüləri tələbləri ödəməyəndə ona qeydiyyat sənədi verilmir. Taksi sürücüləri yol hərəkət qaydalarını bilən, sağlam, insanlarla normal rəftar quran, şəhəri tanıyan olmalıdır. Belə sürücülər təəssüf ki, azdır. Kadrlar az olduğu üçün, bu çətinliklərlə qarşılaşırıq”

Yeni maşın əvəzinə köhnə “Prius” gəlir...

Nəqliyyat eksperti Adil Nəbiyev isə deyir ki, yeni sistem ciddi şəkildə bahalaşmaya səbəb olacaq: “Azərbaycanda 100 min taksi var, onun 70 minə yaxını Bakıdadır. 20 min taksi təlimlərdən keçib, cəmi beş min taksi icazə ala bilib. Bu gün Bakıda taksilərin az olmasının səbəbi budur. Bununla bağlı onlarla şikayət var. Taksi sifariş verirsən gəlmir, yaxud gələn taksinin də qiymət 3-4 qat baha olur. Neqativ hallar bununla kifayətlənmir. Məsələn, sən yeni maşın gözləyirsən, çünki taksi şirkətində təzə maşın kimi qeydiyyatdan keçib, amma ardınca yenə köhnə “Prius” gəlir. Başqa nömrə, fərqli maşın. Bu, çox təhlükəli məqamdır və sürücülər bundan istifadə edirlər. Bizdə bu sahədə çoxlu boşluqlar var və nəzarət sıfıra bərabərdir. Xaricdə bu hallara görə ciddi cərimələr nəzərdə tutulur, bizdə isə bunu rahatlıqla edə bilirlər”.

Qaydalar ciddiləşsə də...

Mütəxəssis deyir ki, beş min rəsmi rəqəmdir, qanunsuz şəkildə kifayət qədər taksi fəaliyyət göstərir: “Bu gedişlə ilin sonuna kimi taksilərin yarısı belə, icazə kağızı almayacaq. Bu da qiymət artımına gətirib çıxaracaq. Bu normaldır, say azaldıqca qiymət artmalıdır. Keyfiyyətdə isə hələ üstünlük müşahidə olunmur. Fikrimcə, problem həll olunmayacaq, vaxtı uzatmaq məcburiyyətində qalacaqlar. Çünki çox adam işsiz qalır və istənilən yollara əl atırlar ki, iyulun 1-dən sonra fəaliyyət göstərə bilsinlər. Qaydalar ciddiləşsə də, sayın azalması bahalaşmaya gətirib çıxaracaq”.

Qeyd edək ki, Nazirlər Kabinetinin taksi minik avtomobilinə dair müəyyənləşdirdiyi çoxsaylı tələblər arasında taksi avtomobillərinin yalnız ağ və qırmızı rəngdə olması, minimum “Avro-5” standartına cavab verməsi, istehsal tarixinin 15 ildən artıq olmaması, taksilərdə daşıyıcı və sürücü haqqında məlumat lövhəsi, taksometr, gediş haqqının nağdsız ödənilməsi üçün POS-terminalın olması var. 

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər