• şənbə, 06 Sentyabr, 13:51
  • Baku Bakı 26°C

Sürətli rəqəmsallaşma riskləri də artırır

06.09.25 00:23 202
Sürətli rəqəmsallaşma riskləri də artırır

Bu ilin ilk yarısında Azərbaycanda 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. Həmin şəxslərin 16 faizi admin səlahiyyətli əməkdaşlar olub.

Bakıda Dövlət Qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı keçirilib. Tədbir Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə reallaşıb. 

Kritik infrastruktur sistemlərinə qarşı hücum

Zirvə Toplantısında çıxış edən XRİTDX-nin rəis müavini Allahverən İsmayılov bildirib ki, informasiya təhlükəsizliyi artıq milli təhlükəsizlik, iqtisadi sabitlik və ictimai etimad məsələsidir. Onun sözlərinə görə, rəqəmsallaşmanın sürətlənməsi ilə risklər də artır: "Statistik göstəricilər son beş ildə dünyada kiberhücumların üç dəfədən çox artdığını göstərir. 2025-ci ilin yalnız ilk yarısında dövlət qurumlarına yönəlmiş hücumların 40 %-dən çoxu kritik infrastruktur sistemlərinə qarşı olub. Bu isə hər bir zəifliyin strateji riskə çevrilə biləcəyini göstərir".

“Əsas problemlərdən biri məlumatların sızmasıdır”

A.İsmayılov bildirib ki, Azərbaycan da bu qlobal tendensiyalardan kənarda deyil: "Dövlət informasiya ehtiyatlarında təhlükəsizlik insidentlərinin səbəblərini təhlil edərkən görürük ki, əsas problemlərdən biri hələ də məlumatların sızmasıdır. Bu, yalnız texniki boşluqlardan deyil, həm də idarəetmə proseslərindəki zəifliklərdən qaynaqlanır. Buna görə də təhlükəsizlik mədəniyyətinin bütün dövlət qurumlarında formalaşması və mütəmadi risk qiymətləndirmələrinin aparılması həyati əhəmiyyət daşıyır".

Rəis müavini həmçinin Azərbaycanda beynəlxalq təcrübəyə uyğun olaraq ilk dəfə həyata keçirilən "Bug Bounty" proqramını xüsusi vurğulayıb: "Bu təşəbbüs dövlət qurumlarının açıq və əməkdaşlığa əsaslanan yanaşmaya keçid etdiyini göstərir. Çünki müasir dünyada kibertəhlükəsizlik yalnız qapalı sistemlərin müdafiəsi deyil, həm də ekspert icmaları ilə əməkdaşlıq deməkdir".

95 əməkdaş haker hücumlarının qurbanına çevrilib

XRİTDX-nin idarə rəisi Tural Məmmədov bildirib ki, bu ilin ilk yarısında Azərbaycanda 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. Onun sözlərinə görə, həmin şəxslərin 16 %-i admin səlahiyyətli əməkdaşlar olublar: "Bu dövr ərzində dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq aşkarlanıb".

Tural Məmmədov qeyd edib ki, Bu ilin birinci yarısında Azərbaycanda demək olar ki, DDoS (Distributed Denial-of-Service - Dağıdılmış Xidmətin İnkaredilməsi) hücumlarının müşahidə olunmadığı gün olmayıb.

Onun sözlərinə görə, hesabat dövründə qarşısı alınmış DDoS hücumların ümumi həcmi 300 Tbps təşkil edib: "Həcmi 1 Gbps olan DDoS hücumlarının sayı 18 olub. Eyni dövrdə "AzStateNet" şəbəkəsi üzrə 262,92 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 milyon 366 min 400 zərərli məzmun, "Sandbox" mühafizə sistemi vasitəsilə isə 61 min 482 zərərli elektron sənəd bloklanıb".

İlin birinci yarısında qarşısı alınmış DDoS hücumların həcmi 300 Tbps olub 3. "AzStateNet" üzərindən 262,9 milyon zərərli keçid bloklanıb 4. Antivirus sistemi 12 milyondan çox zərərli məzmunun qarşısını alıb.

Estoniya kiberdiplomatiyanın inkişafını dəstəkləyəcək

Estoniya Elektron İdarəetmə Akademiyası Fondu ("eGA") Azərbaycanda kiberdiplomatiyanın inkişafını öyrənmək və dəstəkləmək niyyətindədir. Bu barədə isə "eGA"nın kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Nim bildirib.
Onun sözlərinə görə, Azərbaycan qurumları ilə əməkdaşlıq kibertəhlükəsizlik sahəsində beynəlxalq qarşılıqlı fəaliyyətin gücləndirilməsi və kritik infrastrukturun müdafiəsi üçün müasir mexanizmlərin formalaşdırılması üçün geniş perspektivlər açır.

 

banner

Oxşar Xəbərlər