• çərşənbə, 16 Oktyabr, 02:01
  • Baku Bakı 16°C

Subsidiyalar artırıldı, bəs məhsuldarlıq?

04.11.23 03:00 2187
Subsidiyalar artırıldı, bəs məhsuldarlıq?

 Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir. Bəzi məhsullar var ki, onlara verilən subsidiya məbləğləri regionlar üzrə müəyyənləşib.

Aqrar Subsidiya Şurası 2024-cü il üçün subsidiya əmsallarını açıqlayıb. Qərara əsasən, çəltiyin əsas əkinlərinə görə əkin subsidiyası 360 manatdan 380 manata, yoncaya görə 50 manatdan 70 manata, giləmeyvələrə (2023-cü il sentyabrın 1-dən 2024-cü il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi və moruq bağları, habelə 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları istisna olmaqla) görə isə 230 manatdan 240 manata qədər artırılıb. Həmçinin, 2023-cü ilin məhsuluna görə fermerlərin tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə məhsul subsidiyasının 180 manatdan 190 manata, Virciniya sortu üzrə yaş tütünün hər tonuna isə 30 manatdan 34 manata qədər artırılması ilə bağlı qərar qəbul edilib. Bəs subsidiyalar üzrə əmsalların artırılması aqrar sahəyə necə təsir edəcək?

Stimullaşdırma və daxili tələbatın ödənilməsi

Aqrar Kredit və İnkişaf Agentliyindən “Kaspi”yə verilən məlumata görə, ölkədə istehlak olunan düyünün böyük əksəriyyəti idxal hesabına təmin edilir. Çəltiyin istehsalı əsasən daxili tələbatın ödənilməsi baxımından əhəmiyyətlidir: “Bu baxımdan çəltikçiliyin stimullaşdırılması məqsədilə çəltik əkinlərinə görə verilən əkin subsidiyası 20 manat artırılıb”. Qurumdan bildirilir ki, son illər ölkədə yoncanın əkin sahələrinin azalması müşahidə olunurdu. Bu da heyvandarlıqda yem bazasının məhdudlaşması demək idi. Məhz bu baxımdan yem bitkilərinin əsasını təşkil edən yoncaya görə verilən əkin subsidiyası 20 manat artırılıb. Həmçinin ölkədə yerli istehsal daxili çay istehlakının cüzi hissəsini (təqribən 2 faizini) təşkil edir. Keçən ildə çay plantasiyalarının məhsuldarlığı aşağı, yəni 12.2 s/ha olmuşdu. Bu baxımdan çayçılığın stimullaşdırılması məqsədilə çay plantasiyalarının salınmasına 12 min manat məbləğində əkin subsidiyası veriləcək.

Fermerlərin əkinə olan marağı artır

Qurumdan verilən məlumata görə, pambığın subsidiyasının artırılması da pambıq istehsalında artan xərclərin kompensasiya edilməsi məqsədini daşıyır. Həmçinin, subsidiyanın artırılması fermerlərin əkinə olan marağını artırır, bu da məhsuldarlığa müsbət mənada təsir edir: “2024-cü ildə ölkədə ənənəvi meyvə bağlarında sudan qənaətlə istifadənin stimullaşdırılması məqsədilə damcı suvarma sistemi tətbiq edilən bağların bir hektarına görə əkin subsidiyası 250 manatdan 300 manata qədər artırılıb. Damcı ilə suvarma üsulu suvarma suyuna qənaətlə yanaşı, torpağın humus qatının qorunması, gübrələrin suvarma suyunun lokal şəkildə verilməsi, mineral gübrələrdən səmərəli istifadə baxımından da əhəmiyyətlidir. Bu üsuldan istifadə bağların məhsuldarlığının yüksəlməsinə səbəb olur”.

Məhsulların qiyməti stabilləşəcək?

İqtisadçı ekspert Cəfər İbrahimli deyir ki, kənd təsərrüfatında subsidiyalar əsasən, aqrotexniki gübrə və digər məhsullara aqrotexniki xərcləmələr üçün verilir. Mütəxəssisin sözlərinə görə, bu da məhsuldarlığa müsbət təsir edir: “Aqrar sahəyə ayrılan subsidiyaların məqsədi kənd təsərrüfatı məhsulları üzrə istehsal xərclərini tənzimləmək, fermerlərin gəlirini artırmaq, ərzaq məhsullarının qiymətlərini stabilləşdirmək və lazım olan qədər ərzaq məhsulları istehsalını təşviq etməkdir. Bəzi məhsullar var ki, onlara verilən subsidiya məbləğləri regionlar üzrə müəyyənləşib. Çünki məhz həmin regionda məhsuldarlığın yüksək olması mümkündür. Buna görə də, o məhsullar ancaq o regionlar üzrə subsidiyalaşdırılır”.

Mütəxəssis bu qərarlardan sonra növbəti ildən məhsuldarlığın artacağını düşünür: “Subsidiyaların artırılması aqrar sahənin inkişafını stimullaşdırır. Ümumi vəziyyəti nəzərə alaraq, növbəti illərdə də kənd təsərrüfatının subsidiyalaşması davam edəcək. 2024-cü ildə də subsidiyaların faydalı sərf olunacağını və məhsuldarlığın artacağını düşünürəm”.

Qeyri-neft sektoru və aqrar sahə

Lənkəran Dövlət Universiteti "Aqrar və mühəndislik" fakültəsinin müəllimi Nahid Əzizli deyir ki, qeyri-neft sektorunda aqrar sahə xüsusi önəm daşıyır. Məhz bu sahəyə olan diqqət yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafına səbəb olacaq: “Aqrar sahənin inkişafını həmişə diqqətdə saxlayan dövlət başçısı İlham Əliyevin Kənd Təsərrüfatı məhsullarının istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımı göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar sektorun ildən ilə böyüməsinə, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsinə təsir edir. Aqrar sahəyə dövlət dəstəyinin əsas aləti isə aqrar subsidiyalardır. Fermerlərin fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində dövlət daim dəstək göstərir”.

Subsidiyalardan necə istifadə etməli?

Mütəxəssis vurğulayır ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər: “Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa imkan verir. Üstəlik, fermerlər onlara ayrılan, amma istifadə etmədikləri vəsaitləri həmin il ərzində aparılan növbəti əkinlər üçün də xərcləyə bilirlər. Subsidiyaların məbləğinin artırılması kənd təsərrüfatı ilə məşğul olan fermerlərin kənd təsərrüfatına olan marağını artırıb. Yaxın gələcəkdə də dövlət dəstəyinin davam etdirilməsi bu sahənin inkişafına təkan verəcək”.

Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər