• cümə, 22 Noyabr, 18:29
  • Baku Bakı 13°C

Su anbarları xəstəlik mənbəyi rolunda

23.12.23 02:22 4149
Su anbarları xəstəlik mənbəyi rolunda

Binaların ehtiyat su anbarları ən azı ildə bir dəfə yuyulmalıdır. Dövlətin balansında olan binaların anbarlarında bu qaydaya əməl edilir. MTK-lar tərəfindən idarə edilən binalardakı su anbarlarının yuyulması isə idarəedicilərin insafına qalıb. 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb ki, 2023-cü ilin Tədbirlər Planına uyğun olaraq Bakı şəhəri və Abşeron yarımadasında, həmçinin regionlarda ümumi həcmi 790 min kubmetrdən çox olan 987 anbarın yuyulub təmizlənməsi nəzərdə tutulub. Məlum olduğu kimi, çoxmənzilli binalarda da içməli suyun yığılması üçün anbarlar mövcuddur. Dövlət balansında olan binaların su anbarlarındakı təmizlənmə işləri mütəmadi olaraq həyata keçirilir. Bəs özəl MTK-larda bu iş necə tənzimlənir?

Agentlik və MTK-nın öhdəliyi

Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin balansında olmayan və mənzil-tikinti kooperativlərinə məxsus su anbarları da ildə ən azı bir dəfə yuyulub təmizlənməlidir. Bununla bağlı mənzil tikinti kooperativləri məlumatlandırılır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün anbarların yuyulub-təmizlənməsinin zəruriliyi onların diqqətinə çatdırılır. Agentliyin öhdəliyi anbara qədər suyun gətirilməsidir. Nasosxananın, anbarın və binadaxili su təchizatı və kanalizasiya sistemlərinin işlək vəziyyətdə saxlanılmasına isə cavabdehliyi MTK özü daşıyır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi kənar təşkilatlara anbaryuma xidməti göstərmir. Bunun üçün MTK-lar özəl şirkətlərə müraciət etməlidir. 

Xüsusi lisenziyası olan şirkətlər

Binaların idarə edilməsi məsələləri üzrə ekspert Elxan Orucov bildirdi ki, özəl binalardakı su anbarlarının təmizləmə işlərini MTK-lar özləri tənzimləməlidir: “Azərbaycanda mənzil fondu üç yerə - özəl, dövlət və bələdiyyə fondlarına bölünür. Özəl mənzil fondu mülkiyyətçilərin ödədiyi vəsait hesabına formalaşır. Bütün xərclər sakinlərin ödədiyi kommunal vəsaitlər hesabına maliyyələşdirilir. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qoyulan məcburi tələbə görə, ildə bir dəfə binalarda yerləşən su anbarları dezinfeksiya olunmalı və yuyulmalıdır. Məsələn, biz idarə etdiyimiz binalarda mütəmadi olaraq ildə bir dəfə olmaq şərti ilə həmin anbarları xüsusi lisenziyası olan şirkətlərə yuduzdururuq”. 

Nəzarət mexanizmi yoxdur

Ekspertin fikrincə, sakinlər özləri də sağlamlıqları üçün bunu MTK-dan tələb etməlidirlər: “Amma bir çox binalarda su anbarlarında təmizliyə əməl olunmur. Bu, birbaşa insan sağlamlığı üçün təhlükəli məsələdir. Zaman-zaman bu məsələ gündəmə gətirilir, amma heç bir effekti olmur. Sakinlər özləri sağlamlıqlarını fikirləşməlidirlər. Təəssüflər olsun ki, buna nəzarət mexanizmi yoxdur. Dövlət tərəfindən tövsiyə olunur ki, yuyulsun. Amma özəl mənzil fondu olduğuna görə, işin görülməsi vəsaitə bağlı məsələdir. Anbarların yuyulması üçün müəyyən pul ödənilməlidir”. 

Əsas məsuliyyət idarəedicilərin üzərinə düşür

E.Orucov dedi ki, burada əsas məsuliyyət idarəedicilərin üzərinə düşür: “Çünki vətəndaşlar kommunal xidmət haqlarını, binanın saxlanması xərclərini ödəyirlər. Bu məsələni idarəedicilər özləri təşkil etməlidirlər. Lakin bu sahə yaxşı vəziyyətdə deyil. İnsanlar da laqeydlik göstərib tələb etmirlər. Bir çox binalar MTK-lar tərəfindən idarə olunduğuna görə, bu məsələlərə diqqət yetirilmir”. 

Müsahibimiz qeyd etdi ki, su anbarlarının yuyulması üçün iki seçim mövcuddur: “Bir variant belədir ki, rayonların tərkibindəki gigiyena idarələri ilə ödənişli əsaslarla müqavilə bağlanmalı, anbardan laborator analizlər götürülüb,  müayinələr aparılmalı və yuyulmalıdır. Yaxud Respublika Gigiyena və Epidemiologiya Mərkəzi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən xüsusi lisenziyası olan şirkətlərlə binanın idarəediciləri müqavilə bağlayırlar. Müqavilə əsasında da xidmət təşkil olunur”. 

Su anbarlarını yuduzdurmaq istəyirlərsə...

Su anbarlarının təmizlənməsi və dezinfeksiyası ilə məşğul olan şirkətlərin birinin direktoru Sabir Abdurəhmanov bildirdi ki, bəzən çox pis vəziyyətdə olan anbarlara da rast gəlirlər: “Qaydalara əsasən, ildə ən azı bir dəfə su anbarları təmizlənib dezinfeksiya olunmalıdır. 6 ayda bir dəfə isə sadəcə dezinfeksiya edilməlidir. Əgər MTK-lar su anbarlarını yuduzdurmaq istəyirlərsə, müraciət edirlər və orada texniki baxış keçiririk, sonuncu dəfə nə vaxt yuyulması, anbarın təxliyə xətti, anbara girib-çıxmaq, meyllilik səviyyəsi, suyun axıdılacaq yeri, yaxınlığı və uzaqlığı - bunlar hər biri ölçüldükdən sonra qiymət təklifi veririk. Əgər razılaşırlarsa, icra edirik. Elə binalar var ki, gedirik və anbarların bərbad vəziyyətdə olduğunu görürük”.  

S.Abdurəhmanovun sözlərinə görə, su nə qədər təmiz də olsa, anbarda saxlanılanda çöküntülər əmələ gəlir: “Bunlar ehtiyat su anbarı hesab olunur, yəni su gəlib oraya tökülür, oradan da binaya paylanılır. Bir il ərzində lil qatı əmələ gəlir. Lil qatı da qaldığı müddətdə bakteriyalar, bağırsaq çöpləri yaranır. Bu da insanların sağlamlığı üçün təhlükəlidir”. 

Vəba, digər təhlükəli xəstəliklər

İnfeksionist-hepatoloq Mərdan Əliyev isə qeyd etdi ki, təhlükəli epidemioloji xəstəliklər də su vasitəsilə yarana bilər: “Su çənləri, su anbarları vaxtaşırı təmizlənməli, xlorlanmalı, dezinfeksiya olunmalıdır.  Müxtəlif xəstəliklər var ki, içməli su vasitəsilə yoluxur. Məsələn, illər öncə vəba kimi pandemiyalar olub ki, su vasitəsilə yayılıb. Bakterial infeksiyaların bir çoxu məhz su vasitəsilə yoluxa bilir. Virus infeksiyalarından rotavirus var ki, o da su ilə yaranır. Bu, xüsusən uşaqlar arasında yayılan infeksiyadır. Belə xəstəlikləri nəzərə alaraq anbarlar tez-tez xlorlanmalı və təmizlənməlidir”.  

Zərif Salmanlı

banner

Oxşar Xəbərlər