Strateji müttəfiqlikdən əbədi dostluğa
Prezident İlham Əliyevin Özbəkistana son səfəri göstərdi ki, iki ölkə arasında strateji müttəfiqlik, qarşılıqlı əlaqələr yeni müstəviyə qədəm qoyub. Bu münasibətlər hər iki ölkənin, o cümlədən bütövlükdə türk dünyasının hədəflərinə çatmasında önəmli rola malikdir.
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında qarşılıqlı münasibətlərdə son illərdə müşahidə olunan dinamik inkişafın növbəti mühüm mərhələsi kimi dəyərləndirilr. Bu səfər tək Bakı-Daşkənd əlaqələrinin dərinləşdirilməsini yox, həm də Azərbaycan-Mərkəzi Asiya vahid regionunun gələcək inkişaf perspektivlərinin reallığa çevrilməsini hədəfləyir.
“Bu, sadəcə bir sənəd deyil”
Qeyd edək ki, Prezident İlham Əliyev səfər çərçivəsində özbəkistanlı həmkarı Şavkat Mirziyoyevlə görüşüb. Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib. Bir çox təməlatma mərasimləri və açılışlar reallaşıb. İkitərəfli münasibətlərə dair qarşılıqlı sənədlər imzalanıb. Həmçinin Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”ni imzalayıblar. Bu sənəd iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha göstərir. Prezident Şavkat Mirziyoyev Əbədi dostluq haqqında Müqaviləni belə dəyərləndirib: “Bu gün biz Əbədi dostluq haqqında Müqavilə imzaladıq. Təsəvvür edirsinizmi, regionlar, biznes, hökumətlər və parlamentlərarası əlaqələr artıq nə qədər yüksək səviyyəyə çatıb. Bu, sadəcə bir sənəd deyil, qarşılıqlı əlaqələri dərinləşdirmək, əməkdaşlıq imkanlarını genişləndirmək və ümumi gələcək qurmaq istiqamətində birgə istəyimizin əksidir".
Azərbaycan və Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilə ikitərəfli münasibətlərin, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək. Bu müqavilə artıq formalaşmış münasibətlərin - möhkəm dostluğun, sıx əlaqələrin və yüksək səviyyəli qarşılıqlı etimadın məntiqi davamı kimi dəyərləndirilir.
Nəqliyyat və tranzit sahəsində əməkdaşlıq
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın strateji istiqamətlərindən biri də nəqliyyat-tranzit sahəsidir. Tərəflər Trans-Xəzər dəhlizinin potensialını birlikdə inkişaf etdirməyi, logistika infrastrukturunun səmərəliliyini artırmağı, daşımaları stimullaşdırmağı hədəfləyirlər. Bu məqsədlə Xəzər dənizində birgə donanmanın yaradılması da nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycan Mərkəzi Asiya üçün Qərbə açılan qapıdır. Ölkəmizin geosiyasi mövqeyi, iqtisadi və coğrafi imkanları, tranzit bağlantısı olması Orta Dəhlizin reallaşmasının ən mühüm həlqəsi sayılır. Özbəkistan üçün də Orta Dəhliz həyati əhəmiyyət daşıyan nəqliyyat arteriyasıdır. Ölkənin dəmir yollarının işinin Azərbaycanın nəqliyyat infrastrukturu ilə sinxronlaşdırılması Bakı Beynəlxalq Dəniz Limanının ötürmə qabiliyyətini genişləndirəcək və gələcəkdə “Çin–Qırğızıstan–Özbəkistan” dəmir yolu magistralı ilə yaranacaq vahid sistem iki ölkəni Avrasiyanın mərkəzi logistika qovşaqlarından birinə çevirəcək.
Bir milyard dollarlıq hədəf
Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında ticari-iqtisadi əlaqələrin konkret hədəflərlə yeni mərhələyə keçirilməsidir. Belə ki, qarşılıqlı ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard ABŞ dollarına çatdırılması, energetika, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil sənayesi, kənd təsərrüfatı, emal, bankçılıq və digər sahələrdə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Səfər çərçivəsində Azərbaycandan Özbəkistana yönələn investisiyaların miqyasının genişləndiyi də diqqət çəkdi. “Davr Bank”ın açılışı, gips zavodu və STEAM məktəbləri, SOCAR-ın yeni yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan”, “Baku City”, gümüş tərkibli filizin emalı fabriki və meyvə bağları kimi layihələrin açılış və təməlqoyma mərasimlərinin keçirilməsi artıq formalaşmış sabit, proqnozlaşdırılan müttəfiqlik münasibətləri fonunda iş adamlarının da qarşılıqlı investisiyaya marağının artdığını göstərir.
Səfər Azərbaycan-Mərkəzi Asiya münasibətləri fonunda
Bakı-Daşkənd əməkdaşlığı həm də Azərbaycan-Mərkəzi Asiya münasibətləri fonunda dəyərləndirilməlidir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur: “Bu böyük, hətta deyərdim ki, yenidən yaradılmış və artıq kifayət qədər inteqrasiya olunmuş regionun inkişafının ümumi müsbət dinamikası da bu halda Özbəkistan və Azərbaycan arasında sıx qarşılıqlı əlaqələrdən asılıdır”.
Beynəlxalq gərginliklər fonunda qlobal təchizat zəncirlərinin parçalanması bu əməkdaşlığı daha da zəruri edir. Bu baxımdan Azərbaycanın C5 formatına qoşulması yalnız diplomatik addım deyil, vahid regional təhlükəsizlik arxitekturasının və möhkəm iqtisadi körpünün yaradılması baxımından mühüm hadisədir. Belə inteqrasiya qlobal şoklar qarşısında Mərkəzi Asiya və Cənubi Qafqaz regionunun, həmçinin Türk dünyasının dayanıqlılığını daha da gücləndirir.
Qarabağa yatırılan özbək sərmayəsi
Qeyd edək ki, Özbəkistan bu gün Qarabağın bərpasına ən mühüm töhfələr verən ölkələr sırasındadır. Bu məqam Prezident İlham Əliyev tərəfindən də xüsusi vurğulanıb. Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikilməsi, Xankəndidə tikiş fabrikinə investisiya yatırılması və regionda digər layihələrin həyata keçirilməsi bunun konkret nümunələridir. İşğaldan azad edilmiş ərazilərə yatırılan özbək sərmayəsi iki xalq arasında yalnız siyasi deyil, həm də mənəvi həmrəyliyin göstəricisi kimi dəyərləndirilə bilər.
Beləliklə, Prezident İlham Əliyevin Özbəkistana son səfəri bir daha göstərdi ki, iki ölkə arasında strateji müttəfiqlik, qarşılıqlı əlaqələr konkret iqtisadi güc, regional əməkdaşlıq və yeni geoiqtisadi imkanlar fonunda tamamilə yeni müstəviyə qədəm qoyub. Bu münasibətlər hər iki ölkənin, o cümlədən bütövlükdə türk dünyasının hədəflərinə çatmasında önəmli rola malikdir.
Azad Əliyev