• şənbə, 29 Avqust, 02:56
  • Baku Bakı 26°C

Ermənistanda yeni siyasi gərginlik 

29.08.26 02:43 6
Ermənistanda yeni siyasi gərginlik 

Paşinyan hökuməti kənardan idarə olunan revanşist qüvvələrə və keçmiş Qarabağ klanına, böyük təsir imkanlarına malik oliqarxlara qarşı ciddi tədbirlər görməyə başlayıb. Bu tədbirlərin Rusiyanın Ermənistan daxilindəki mövqelərinin zəiflədilməsinə hesablandığı aşkardır. 

Ermənistanda keçirilən parlament seçkilərində Nikol Paşinyanın böyük üstünlüklə qalib gəlməsindən sonra ölkə daxilində yeni siyasi gərginliklər yaşanır. Azərbaycanın tarixi qələbəsinin Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar və seçkilərdə əldə edilən qələbənin verdiyi imkanlardan istifadə edən Nikol Paşinyan rəqiblərinə qarşı yeni hücum strategiyasına start verib.  

Münaqişə və sülh məntiqi

Hər şey Ermənistan parlamentinin hökumətin 2026–2031-ci illər üzrə proqramını təsdiqləməsi ilə başlayıb. Proqramın xarici siyasətə həsr olunmuş bölməsində qeyd edilib ki, hökumət Azərbaycanla sülhü rəsmiləşdirmək, Türkiyə ilə münasibətləri normallaşdırmaq, Avropa İttifaqı, ABŞ, İran və Gürcüstanla strateji əlaqələri, həmçinin Rusiya ilə çoxtərəfli münasibətləri inkişaf etdirmək niyyətindədir. Baş nazir qeyd edib ki, proqram tamamilə "Real Ermənistan" ideologiyasına və Dördüncü Respublika baxışına əsaslanır. Paşinyanın sözlərinə görə, Üçüncü Respublikanın Dördüncü Respublikadan nə ilə fərqləndiyini qeyd etmək vacibdir. "Üçüncü Respublika ilk gündən münaqişə məntiqinə əsaslanırdı, Dördüncü Respublika isə sülh məntiqi əsasında formalaşıb", - Baş nazir qeyd edib.

Paşinyan üçün ən böyük maneə

Paşinyanın hesablamalarına görə, növbəti iqtidar dönəmində qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində ən böyük maneə Ermənistan daxilində kənardan idarə olunan revanşist qüvvələr və keçmiş Qarabağ klanı, həmçinin böyük təsir imkanlarına malik oliqarxlardır. Burada kənar qüvvə dedikdə Rusiyanın nəzərdə tutulması heç kimə sirr deyil. Artıq Paşinyan hökuməti nəzərdə tutduğu bu maneənin aradan qaldırılması üçün əməli addımlar atmağa başlayıb.  

Köçəryanın həbsi, Sarqsyana ittiham 

Belə ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi ölkənin sabiq prezidenti, Xocalı qatili Robert Köçəryan haqqında iki ay müddətinə həbs qətimkan tədbiri seçib. R. Köçəryana külli miqdarda çirkli pulların yuyulması, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda rüşvət alma faktları üzrə ittihamlar irəli sürülüb. İstintaqın versiyasına görə, o, ölkə prezidenti olduğu dövrdə qulluq mövqeyindən istifadə edərək başqa şəxslərlə əlbir olub ictimai və iqtisadi əhəmiyyətli bir sıra obyektləri bazar qiymətindən aşağı qiymətə əldə edib. Cinayət icraatı çərçivəsində altı nəfər, o cümlədən Robert Köçəryan, onun oğlu və digər şəxslər saxlanılıb. Ermənistanın sabiq prezidenti, azərbaycanlılara qarşı soyqırımıların həyata keçirilməsinin ən fal iştirakçılarından olmuş Serj Sarqsyana isə ölkəni tərk etmək qadağan edilib. Serjə ölkənin ikinci prezidenti Robert Koçaryana qarşı başlanmış cinayət işi çərçivəsində vəzifə səlahiyyətlərindən sui-istifadə etmənin üç epizodu, xüsusilə külli miqdarda rüşvət almanın iki epizodu və xüsusilə külli miqdarda çirkli pulların yuyulmasının dörd epizodu üzrə ittihamlar irəli sürülüb. Bu sıraya Samvel Karapetyan və Tsarik Sarukyan kimi oliqarxlara qarşı başlanılmış cinayət işlərini də əlavə edə bilərik. 

Avropa İttifaqına üzvlük, KTMT-dən çıxmaq

Əslində bu həbslərin həm də Paşinyanın kənar qüvvə adlandırdığı Rusiyanın Ermənistan daxilindəki mövqelərinin zəiflədilməsinə hesablandığı aşkardır. Seçkilərdən sonra Moskvanın rəsmi səviyyədə Paşinyanı qələbə münasibəti ilə təbrik etməməsi, İrəvana qarşı tətbiq olunan iqtisadi təzyiqlər Ermənistan-Rusiya qarşıdurmasının daha da gərginləşəcəyinin ilkin anonsları idi. Bu gərginlik Paşinyanın son açıqlamaları fonunda yeni müstəviyə keçib. Baş nazir Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müraciət etməyə hazırlaşdığını bəyan edib. Həmçinin Rusiyaya Ermənistanın dəmir yollarının konsessiya hüququnu təxminən 400 milyon dollara satmağı təklif edib. 

Paşinyan bildirib ki, Ermənistan dəmir yollarının Rusiya tərəfindən idarə olunmasının davam etməsi Ermənistan üçün beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiya imkanlarını əldən vermək riski yaradır. Paşinyan ölkənin gələcək təhlükəsizlik arxitekturası ilə bağlı da açıqlamalar verib. Qeyd edib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq niyyətində deyil və oradan çıxarılmasını gözləyir. "Əgər Ermənistanı KTMT-dən xaric etmək qərarına gəlsələr, çox məmnun olacağam. Bu, bizi çıxmaq, yoxsa çıxmamaq seçimindən azad edəcək. Bizim KTMT-yə olan marağımız tükənib", - o əlavə edib.

“Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır"

Bütün bu açıqlamalar Rusiyanın Ermənistan siyasətində qırmızı xətlərin keçilməsi anlamına gəlir. Moskva hələlik Ermənistan daxilindəki siyasi dayaqları hesab olunan revanşistlərin həbsinə səssiz qalsa da, KTMT ilə bağlı mövqeyini ortaya qoyub. "Mən "çıxarılsaydı, məmnun olardım" ifadəsinin nə demək olduğunu anlamaqda çətinlik çəkirəm. Əgər İrəvan öz milli maraqları baxımından regional təhlükəsizliyin təmin edilməsi üzrə belə mühüm təşkilata üzvlüyə artıq ehtiyac duymursa, o zaman müvafiq qərar qəbul etməkdə və bu təşkilatı tərk etməkdə sərbəstdir", - deyə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Paşinyan isə daha da irəli gedərək müxalifətin Ermənistana KTMT sülhməramlılarının yeridilməsini istədiyini bildirib. "Sizin məqsədiniz odur ki, KTMT sülhməramlıları Ermənistana daxil olsun. Heç bir KTMT sülhməramlısı, ümumiyyətlə, heç bir xarici sülhməramlı olmayacaq. Çünki sülh bərqərar olub, Ermənistan və Azərbaycan xalqları ən yaxşı sülhməramlılardır", - Paşinyan bildirib.

Azad Əliyev

 

banner

Oxşar Xəbərlər