• şənbə, 22 Avqust, 04:40
  • Baku Bakı 26°C

“Biz ədalət, həqiqət və ləyaqət istəyirik”

22.08.26 03:45 18
“Biz ədalət, həqiqət və ləyaqət istəyirik”

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq konfransda Belçika müstəmləkəçiliyinin yaratdığı siyasi, sosial və iqtisadi nəticələr müzakirə edilib. Tədbirə, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri də qatılıblar.

Avqustun 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda “Belçika müstəmləkəçiliyinin ədalətsizlikləri və təzminat mübarizəsinin 101 ili” mövzusunda beynəlxalq konfrans keçirilib.

Beynəlxalq konfransda Belçikanın keçmiş müstəmləkələri olan, eləcə də bu ölkələrdə neokolonial təsirlərin davam etdiyi Konqo Demokratik Respublikası (KDR), Ruanda və Burundi, həmçinin Mərakeş və Cənubi Afrika Respublikasından nümayəndələr iştirak ediblər. Tədbirə, həmçinin Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri qatılıblar.

Konfransda iştirak edən rəsmi şəxslər arasında Konqo Demokratik Respublikasının ombudsmanı, Konqo Parlamentinin deputatları, Ruandanın Türkiyədəki səfiri və diplomatları yer alıb.

Konfrans çərçivəsində Belçika müstəmləkəçiliyinin tarixi, onun keçmiş müstəmləkələrdə yaratdığı siyasi, sosial və iqtisadi nəticələr, müstəmləkəçilik siyasətinin doğurduğu ədalətsizliklər, tarixi həqiqətlərin araşdırılması və zərərçəkmiş xalqların təzminat tələbləri ilə bağlı məsələlərin müzakirəsi aparılıb.

“Biz qisas deyil, ədalət, həqiqət və ləyaqət istəyirik”

Konqo Demokratik Respublikası Milli Assambleyasının deputatı, “İlk öncə xalq” (“Le peuple d'abord”) partiyasının üzvü Fransis Tşibalabala bildirib ki, Belçikanın Konqo Demokratik Respublikası, Ruanda və Burundi ərazilərində həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tarixinə səmimiyyət, cəsarət və məsuliyyətlə yanaşmaq, bu irsin müasir dövrdə yaratdığı nəticələri obyektiv qiymətləndirmək vacibdir.
O qeyd edib ki, 1925-ci il martın 21-i Konqo, Ruanda və Burundidə müstəmləkəçilik tarixinin mühüm mərhələlərindən birini təşkil edir. “Həmin tarix Ruanda, Burundi və Konqoda baş vermiş kütləvi köçürülmə hadisələri ilə bağlıdır.

100 ildən artıq vaxt keçdikdən sonra qarşımızda mühüm bir sual dayanır: bu gün həmin irslə nə edirik? Müstəmləkəçilik tarixi sadəcə tarixlərin ardıcıllığı deyil. Bu tarix cəmiyyətimizdə nəsildən-nəslə ötürülən yaralar, bərabərsizliklər və ağır xatirələr qoyub”, – deyə KDR Milli Assambleyasının deputatı bildirib. O vurğulayıb ki, müstəmləkəçilik dövrü təbii sərvətlərin istismarı, məcburi əmək, ayrı-seçkilik, təzyiq, mədəni kimliyin zəiflədilməsi, eləcə də bir sıra institusional və identiklik dəyərlərinin inkar edilməsi ilə müşayiət olunub.
“KDR xalqının tarixi yalnız müstəmləkəçilik dövrünün yaratdığı ağrı və ədalətsizliklərlə məhdudlaşmır. Bu, eyni zamanda müqavimət, dözümlülük və milli ləyaqət tarixidir. Bütün çətinliklərə baxmayaraq, Konqo xalqı 1960-cı il iyunun 30-da öz müstəqilliyini əldə etdi. Bu, xalqımızın iradəsini və ləyaqətini nümayiş etdirən mühüm tarixi hadisədir”, – deyə deputat diqqətə çatdırıb.

Fransis Tşibalabala Mukunayi bildirib ki, tarixi ədalətin bərpası keçmişi dəyişdirmək və ya tarixi yenidən yazmaq məqsədi daşımır: “Biz keçmişin silinməsini tələb etmirik, tarixin tanınmasını istəyirik. Biz qisas tələb etmirik, ədalət, həqiqət və ləyaqət istəyirik”.

“Müstəmləkəçilik sadəcə əraziləri işğal etmədi”

Ruanda Respublikasının Türkiyə, Azərbaycan, Qazaxıstan və Livandakı səfiri Çarlz Kayonqa deyib ki, müstəmləkəçilik yalnız ərazilərin işğalı ilə məhdudlaşmayıb, eyni zamanda siyasi hakimiyyətə, sosial kimliklərə, iqtisadi münasibətlərə və cəmiyyətdə ayrı-seçkilik mexanizmlərinə təsir edən institutlar formalaşdırıb. Bu strukturlar formal müstəmləkəçilik başa çatdıqdan onilliklər sonra belə bir sıra keçmiş müstəmləkələrdə öz təsirini saxlayır.

Səfir bildirib ki, tarixi hadisələrin müasir siyasətə və gələcək fəaliyyət istiqamətlərinə təsiri nəzərə alınmalıdır. “Düzəldici ədalət tarixi zərərin aradan qaldırılmasına, eyni zamanda, dövlətlər və cəmiyyətlər arasında daha güclü və həmrəy münasibətlərin formalaşdırılmasına xidmət edir”, – deyə Ç.Kayonqa qeyd edib. O vurğulayıb ki, müstəmləkəçiliklə bağlı siyasi təcrübənin öyrənilməsi uzunmüddətli nəticələri anlamaq baxımından xüsusi əhəmiyyət daşıyır. “Müstəmləkəçilik sadəcə əraziləri işğal etmədi. O, siyasi hakimiyyətin formalaşmasına, sosial kimliklərə, iqtisadi təşkilatlanmaya, eləcə də cəmiyyət daxilində kimlərin proseslərə cəlb edilməsi və kimlərin kənarda saxlanılmasına təsir edən institutlar yaratdı. İnstitusional strukturlar bir sıra keçmiş müstəmləkələrdə bu gün də müəyyən mənada davam edir və onların təsirlərinin aradan qaldırılması üçün tarixi proseslərə daha dərindən nəzər salmaq zəruridir”, - deyə səfir əlavə edib.

“Belçika dövlət səviyyəsində üzr istəməlidir”

BTQ-nin icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında deyib ki, təxmini 1960-cı illərdən bəri Mərkəzi Afrika ölkələri Belçikadan reparasiyalarla bağlı müəyyən konkret addımlar gözləyir. O qeyd edib ki, bu məsələdə beynəlxalq hüquq çərçivəsində konkret addımlar atılmalıdır: "Ən mühüm addımlardan biri Belçika dövlətinin Mərkəzi Afrika ölkələrindən, o cümlədən Konqo Demokratik Respublikasından, Ruandadan və Burundidən dövlət səviyyəsində üzr istəməsi olmalıdır. Daha sonra təzminatların məbləği müəyyənləşdirilməli, maliyyə təzminatları mərhələli şəkildə bu ölkələrə ödənilməlidir. Sonda isə ən mühüm addımlardan biri bu ölkələrin daxili siyasi məsələlərinə Belçika tərəfindən hər hansı müdaxilənin olmamasının təmin edilməsi və kolonial cinayətlərin təkrarlanmaması üçün hüquqi mexanizmin yaradılması olmalıdır". 

A.Abbasov vurğulayıb ki, bu məsələdə dövlət strukturları ilə bərabər vətəndaş cəmiyyətləri də səylər göstərməlidir: "Yalnız beynəlxalq platformalarda dövlət nümayəndələri iştirak edərək bu məsələni qabartmamalıdır. Daha çox vətəndaş cəmiyyəti institutları və BMT strukturları da müxtəlif beynəlxalq platformalarda bu məsələni gündəmə gətirməli və müzakirəyə çıxarmalıdır".

banner

Oxşar Xəbərlər