• şənbə, 24 Fevral, 00:11
  • Baku Bakı 4°C

Şokolad sevənlər üçün bəd xəbər

13.01.24 03:08 2251
Şokolad sevənlər üçün bəd xəbər

Ölkəmizdə şokolad məhsulları ilə bağlı daxili istehsal kifayət qədərdir və tələbi ödəyir. Amma onların xammalı xarici ölkələrdən gətirilir. Dünyada qəhvə və kakaonun qiymətinin yüksəlməsi prosesi davam edərsə, 2024-cü ildə daxili bazarımızda da şokolad məhsullarında qiymət artımının şahidi olacağıq.

Hazırda dünya bazarında qiyməti artmaqda davam edən məhsullardan biri də şokoladdır. Belə ki, şokoladın əsas vətəni hesab edilən və xammalın istehsal edildiyi Fil Dişi Sahili Respublikası və Qanada kakao məhsullarının qıtlığı yaranıb. Buna səbəb kimi iqlim dəyişikliyi əsas gətirilir. 

Kakao qıtlığı, 20 faiz artım...

Elə Amerika Birləşmiş Ştatlarında da quraqlıq səbəbi ilə şəkər qıtlığı yaranıb ki, bunun da nəticəsində son 12 ayda qənnadı məmulatların qiyməti 13,4% artıb. Dünyanın ən böyük şokolad və kakao məhsulları istehsalçıları 2024-cü ildən qiymətlərin artacağını bildiriblər. 
Qeyd edilir ki, kakaonun qlobal qıtlığı fonunda qiymətinin rekord həddə artması nəticəsində 2024-cü ildə şokoladın qiyməti 15-20% arta bilər. Bəs şokoladla bağlı dünyadakı qıtlıq Azərbaycanda qiymətlərə necə təsir edəcək?

İdxal məhsullarının qiyməti satan ölkədən asılıdır 

Milli Məclisin deputatı Aydın Hüseynovun sözlərinə görə, Azərbaycana idxal olunan bütün məhsulların qiyməti satan ölkədən asılıdır: “Yəni Azərbaycana idxal olunan məhsulların, həmçinin, şokoladın dəyəri, qiyməti satan ölkənin təklif etdiyi məbləğdən asılıdır. Onlar hansı qiymətə satacaqsa, bizim ölkədə də müəyyən rüsumlar, maya dəyərinə təsir edən xərclər üstünə gələcək və bazarda həmin qiymət formalaşacaq”. Yəni millət vəkili hesab edir ki, xaricdə bahalaşma olacağı təqdirdə bu, Azərbaycanda da hiss olunacaq. 

Vyetnam və Tailanddan da şokolad alırıq

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 74,3 milyon ABŞ dolları dəyərində 20 min 776 ton şokolad idxal edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 18,2%, kəmiyyət olaraq 10% çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 31,7 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 10% azdır) 11 min 374 ton (-5%), Türkiyədən 10,9 milyon ABŞ dolları dəyərində (+18%) iki min 192 ton (+4%), Ukraynadan yeddi milyon ABŞ dolları dəyərində (-49%) iki min 276 ton (-55%), Polşadan 6,5 milyon ABŞ dolları dəyərində (+4 dəfə) min ton (+4 dəfə), Niderlanddan dörd milyon ABŞ dolları dəyərində (+2,4 dəfə) 779 ton (+2 dəfə) şokolad alıb.

Azərbaycan 4 il 8 ayın tamamında Tailanddan (0,35 min ABŞ dolları dəyərində 0,02 ton) və 4 il 3 aylıq aradan sonra Vyetnamdan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib. 2022-ci ildə Azərbaycana (44 ölkədən) idxal edilmiş 27 min 518 ton şokoladın 61 %-i Rusiyanın, 12%-i Türkiyənin, 8,4%-i Ukraynanın payına düşüb. Xatırladaq ki, ötən il ərzində ölkəyə 95 248,1 min ABŞ dolları dəyərində 27 251, 4 ton şokolad və şokolad məhsulları idxal edilib.

Şokoladların qiymətində nə qədər artım olacaq?

İqtisadçı-ekspert Eyyub Kərimlinin sözlərinə görə, dünyada kakao və qəhvə dənələri ilə bağlı qiymət artımı şokoladın da qiymətinə təsir göstərə bilər: “Bizim bu məhsulla bağlı daxili istehsalımız olmasına baxmayaraq, xarici ölkələrdən də idxal edirik. Nəticədə bu, ölkəmizdə satılan şokoladların qiymətində müəyyən artıma səbəb olacaq”.

Ekspert deyir ki, ölkəmizdə şokoladla bağlı daxili istehsal kifayət qədərdir və tələbi ödəyir: “Amma onların xammalı xarici ölkədən gətirilir. Bu artım davam etsə, 2024-cü ildə ölkə bazarında şokoladın bahalaşmasına təsir edə bilər”.

Qeyd edək ki, Azərbaycan şokolad istehsalının dəyər zəncirində iştirak edir. Məsələn, fındıq istehsalçılarımızın məhsullarının satış bazarlarının əsasını elə şokolad alıcıları təşkil edir. Ölkəmiz dünyada fındıq istehsalında beşinci yerdədir. 

İlhamə Əbülfət

banner

Oxşar Xəbərlər