çərşənbə axşamı, 30 may, 17:53

Baku Bakı 32°C

Səyavuş Heydərov: "Birgə yaşayışın vaxtı çatıb"

icon 228 icon 28 mart 2023 | 18:35 Səyavuş Heydərov: "Birgə yaşayışın vaxtı çatıb"

Vətən müharibəsində Zəfərimizin əldə olunmasında ölkəmizdəki tolerantlığın, multikultural dəyərlərin, xüsusilə milli və dini həmrəyliyin xüsusi rolu olub. Hazırda qarşımızda duran başlıca vəzifə bu dəyərlərimizi, milli sərvətimizi qorumaq, möhkəmləndirmək, gücləndirmək və yeni nəslə ötürməkdir. Dünyada gedən proseslər və mənəvi böhranın getdikcə dərinləşməsi onu göstərir ki, Azərbaycan dünya üçün sülhü təbliğ edən bir platforma, strategiya, model yaradıb. Bunun yaranmasında ölkəmizdə mövcud olan bütün dini konfessiyalar, icmalar xüsusi fəallıq göstərib, xüsusi rol oynayıblar.

Bunu Qubada jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov söyləyib.

O bildirib ki, qeyri-islam dini icmalarının nümayəndələri və onların dəvəti ilə ölkəmizə gələn xarici qonaqlar azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Qubaya səfər ediblər. Bu səfər zamanı yəhudi, xristian, islam icmasının nümayəndələri bir daha erməni separatçılarını, onların havadarlarını sülhə dəvət ediblər.

“Çağırışımızda artıq düşmənçiliyə son qoymağın zamanının çatdığı, birgə yaşayışın, birlikdə çalışmağın vaxtı olduğu bir daha elan edildi. İcma nümayəndələri Qarabağda yaşayan ermənilərə də müraciət edərək, özlərini nümunə göstərdilər. Necə ki, onlar ölkəmizdə xoşbəxt yaşayıb-yaradırlar, erməniləri də Azərbaycanda bu cür xoşbəxt yaşamağa dəvət etdilər. Biz əminliklə deyə bilərik ki, Azərbaycan dünya üçün sülhpərvər, sülhü təbliğ edən gözəl məkana çevrilib. Biz hamılıqla fəxr edirik ki, belə bir ölkədə, belə bir dövlətdə yaşayırıq. Tolerantlıq, multikulturalizm ənənələri, birgəyaşayış bizim həyatımızın ayrılmaz bir hissəsidir”, - deyə S.Heydərov bildirib.