• cümə axşamı, 02 may, 02:08
  • Baku Bakı 15°C

Səudiyyəli nazir müavini azərbaycanlı jurnalistlərlə görüşüb

24.02.23 13:00 1039
Səudiyyəli nazir müavini azərbaycanlı jurnalistlərlə görüşüb

 Azərbaycan jurnalistlərinin Səudiyyə Ərəbistanına media-turu davam edir.

Səfərdə iştirak edən “Kaspi”nin müxbiri xəbər verir ki, fevralın 23-də Səudiyyə Ərəbistanın Media Nazirliyinin beynəlxalq əlaqələr üzrə müavini Xalid A.A. Əl-Ğamdi azərbaycanlı jurnalistlərlə görüşüb.

Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak edib. Nazir müavini qeyd edib ki, iki ölkə arasında media əməkdaşlığını gücləndirmək lazımdır: "Təəssüf ki, ölkələrimizin mediaları arasında əlaqələr zəifdir. İstərdik ki, əməkdaşlığımız təkcə ölkələrimizə səfərlə məhdudlaşmasın, daha da inkişaf etsin. Biz gərək media sahəsində əlaqələri gücləndirmək istiqamətində gələcək addımlarımızı müəyyənləşdirək. Televiziya, çap mediası sahəsində əməkdaşlığı inkişaf etdirək".

Nazir müavini bildirib ki, dini ziyarətgahlara -Ümrə və Həcc ziyarətlərində gediş-gəlişin təşkili sahəsində də təkliflərə ehtiyac var: "Çox istərdik ki, Həcclə bağlı qəbul etdiyimiz heyətlərin tərkibində jurnalistlər də olsun və bu mərasimləri işıqlandıraraq Azərbaycan auditoriyasına çatdırsınlar".

Nazir müavini onu da qeyd edib ki, informasiya mübadiləsi sahəsində də əməkdaşlığı genişləndirmək vacibdir: "Bəzən bizim mediada, məsələn, Azərbaycan-Ermənistan münasibətlərinə dair yanlış məlumatlar gedir. Səfir Şahin Abdullayev bu haqda bizə məlumat verir və problemi aradan qaldırırıq. Aramızda birbaşa əlaqələr olmalıdır ki, belə səhvlər həm sizin, həm də bizim mediada yaşanmasın".

Mətbuat Şurasının sədri Rəşad Məcid azərbaycanlı jurnalistlərin Səudiyyə Ərəbistanına səfərinin təşkilinə görə minnətdarlığını bildirib, həmçinin keçirilən beynəlxalq media forumun əhəmiyyətini vurğulayıb: "Tədbirdə medianın qarşısında duran ən vacib məsələlərə diqqət yönəldildi. Bu gün sosial media ənənəvi media üçün yeni şərait yaradıb. Media sahəsində əməkdaşlığımızın genişləndirilməsinə dair təklifləriniz də çox vacibdir".

Görüşün sonunda R.Məcid nazir müavininə hədiyyə təqdim edib.

Təranə Məhərrəmova 

 

banner

Oxşar Xəbərlər