• şənbə, 16 Avqust, 04:13
  • Baku Bakı 22°C

Şəkər xəstələrinin qida seçimi problemi 

16.08.25 01:50 58
Şəkər xəstələrinin qida seçimi problemi 

Ölkəmizdə diabetik qida məhsullarının yerli istehsalı yoxdur. Bu məhsulların böyük əksəriyyəti idxal olunur. Ekspertlər qeyd edirlər ki, şəkər xəstələri bu məhsullardan istifadə edərkən bir sıra vacib məqamlara diqqət yetirməlidirlər.

Azərbaycan Standartlaşdırma İnstitutu “Diabetik təbii meyvə şirələri” dövlət standartını ləğv edilməsi üçün ictimai müzakirəyə çıxarıb. Onun ləğv edilmə səbəbi isə həmin standart ilə istehsalın olmamasıdır. Bu müzakirə istehlakçılar, xüsusilə şəkərli diabet xəstələri arasında suallar doğurub. 2024-cü ildə qüvvəyə minmiş bu standartın istehsal olmaması səbəbindən ləğvi, bazarda bu kateqoriyaya daxil olan məhsulların keyfiyyəti və təhlükəsizliyi ilə bağlı narahatlıqları artırır. 
Məlumdur ki, satışda şəkərli diabet xəstələri üçün kifayət qədər məhsullar var. Bəs diabet xəstələri üçün nəzərdə tutulan digər məhsulların təhlükəsizliyi necə təmin olunur? Şəkərli diabeti olan xəstələr onlar üçün nəzərdə tutulan məhsulları alarkən nələrə diqqət etməlidir?

Meyvə düzgün seçildikdə...

İstehsal meneceri Sayat Quliyeva “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanda bəzi diabetik dərmanların qablaşdırılması həyata keçirilir, lakin diabetik qida məhsullarının yerli istehsalı yoxdur. Bu məhsulların böyük əksəriyyəti idxal olunur. Onun sözlərinə görə, standartın ləğvi də məhz bu səbəblə, daxili istehsalın olmaması ilə əlaqələndirilir: “Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Meyvənin özü düzgün seçildikdə və porsiya ölçüsünə nəzarət olunduqda isə şəkərli diabet xəstələri üçün zərərli deyil, əksinə, faydalıdır. Əsas məsələ düzgün meyvə növlərinin seçilməsi və miqdarın nəzarətdə saxlanmasıdır. Meyvələrin tərkibindəki şəkər təbii fruktoza şəklindədir və yüksək miqdarda lif ehtiva edir. Bu liflər bağırsaqlarda şəkərin sorulmasını yavaşladaraq qanda şəkər səviyyəsinin ani yüksəlməsinin qarşısını alır. Hazır meyvə şirələrinin tərkibində qatılaşdırılmış və əlavə olunmuş şəkər miqdarı yüksək olduğundan şəkərli diabet xəstələri üçün tövsiyə edilmir. Diabetiklər üçün ən düzgün seçim  meyvənin təzə formada istehlak edilməsidir. Eyni zamanda, meyvələrin qlisemik indeks və şəkər miqdarı baxımından tanınması da onların sağlam qidalanması üçün vacibdir”.

Adi meyvə şirələrindən fərqi

Həmsöhbətimiz bildirir ki, diabetik meyvə şirələri adi meyvə şirələrindən fərqlənir. Çünki onlar şəkərsiz və qanda şəkər səviyyəsini artırmayan maddələrdən hazırlanır: “Bu məhsullarda şəkər əvəzedicisi kimi süni və ya təbii maddələrdən istifadə olunur: steviosid (stevia bitkisindən alınır), eritritol, sukraloza, aspartam və s. Lakin diabetik məhsullarda istifadə olunan süni dadlandırıcıların miqdarı çox olduqda, bu, insan orqanizminə mənfi təsir göstərə bilər. Məsələn, aspartam uzun müddət yüksək dozada qəbul edilərsə, mədə-bağırsaq problemləri, insulin müqavimətinin artması və hətta ürək-damar xəstəlikləri kimi ciddi fəsadlara səbəb olur”.

S.Quliyeva vurğulayır ki, günümüzdə diabetik, dietik, bioloji və təbii məhsulların istehlakı və istehsalı qarışıq vəziyyətdədir. Bu terminlərin istifadəsi böyük məsuliyyət tələb edir, xüsusilə “diabetik” anlayışında: “Ona görə də istehlakçılar mütləq aldıqları məhsulların etiketlərdə “Diabetik”, “No sugar”, “Sugar free” kimi ifadələrin olmasına və məhsulun qida dəyərinə diqqət etməlidirlər. Həmçinin istifadə etməzdən əvvəl müalicə həkimləri ilə məsləhətləşmək vacibdir”.

“İstehsalı dayandırılır, ya da satışdan geri çağırılır”

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanı isə son dövrlərdə marketinq hiylələrindən istifadə olunaraq bəzən “diyetik”, bəzən “pəhriz” və “diabetik” adı altında müxtəlif qidaların satışa çıxarılması narahat edir: “Bu məhsulların heç də hamısı 100 faiz zəmanətli deyil ki, üzərində yazıldığı kimi həqiqətən də faydalı, az yağlı və ya az şəkərlidir. Çox vaxt belə məhsullar normativ tələblərə cavab vermədiyi üçün ya istehsalı dayandırılır, ya da satışdan geri çağırılır. Bu səbəbdən şəkərli diabet xəstələri, ümumiyyətlə, istehlakçılar belə məhsulları alarkən xüsusilə diqqətli olmalıdırlar. Etiket oxumaq vərdişi formalaşdırılmalı, yalnız etibarlı və sertifikatlı məhsullara üstünlük verilməlidir. Məhsulun tərkibində fruktoza, qlükoza siropu, bal və ya digər şəkər növləri varsa, onların istifadəsində ehtiyatlı olmaq lazımdır”.

“Bu cür məhsullardan uzaq durmalıdırlar” 

Ekspert vurğulayır ki, əgər insan şəkərli diabet xəstəsidirsə, bu cür məhsullardan tamamilə uzaq durmalıdır: “Həmçinin məhsulun üzərindəki qida dəyəri cədvəlində karbohidrat miqdarı da yoxlanmalıdır. Bu göstərici gündəlik normanı aşırsa, həmin məhsuldan imtina etmək lazımdır. Diabet xəstələri üçün gündəlik şəkər miqdarı təxminən üç qramdan çox olmamalıdır, lakin bu rəqəm də şəxsin səhhətinə uyğun fərdi şəkildə dəyərləndirilməlidir”.

Mütəxəssis qeyd edir ki, bir çox hallarda diabetik məhsullarda şəkər əvəzinə kimyəvi tərkibli azpartam kimi maddələrdən istifadə olunur: “Azpartam şəkərdən təxminən 10 dəfə daha şirin dada malik olsa da, onun kimyəvi tərkibli olması uzunmüddətli istifadə zamanı qaraciyər və böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Bu səbəbdən bu cür maddələrin tərkibdə olub-olmadığına xüsusi diqqət yetirilməlidir. Həm evdə hazırlanan yeməklərdə, həm də hazır məhsullar alarkən qlisemik indeksi yüksək olmayan qidalara üstünlük verilməlidir. Məsələn, üzüm, nar, ərik kimi bəzi şirin meyvələrin qlisemik indeksi yüksək olduğu üçün şəkər xəstələrinə bu meyvələri ya çox az miqdarda, ya da ümumiyyətlə qəbul etməmək tövsiyə olunur. Şəkər xəstələri qəbul etdikləri qidaların keyfiyyətindən və mənşəyindən əmin olmalı, yalnız etibarlı mənbələrdən alınmış məhsullara üstünlük verməlidirlər”.

Aygün Əziz

banner

Oxşar Xəbərlər