Şahmatımızın gec parlayan ulduzu
Nicat Abasov Bakıda yalnız dünya şahmatının ilk iki pilləsində qərarlaşan “iti zəka sahibləri”nə uduzdu. Bu nəticə ilə o, İddiaçılar turnirində iştirak etmək hüququ qazandı. Kim bilir, bəlkə də gələn il Nicatı dünya çempionluğu uğrunda çinli Dinq Lijenlə mübarizədə görəcəyik...
Bakıda keçirilən şahmat üzrə Dünya Kuboku Azərbaycan üçün gözlənilməzliklərlə zəngin oldu. Qazanılan uğur da ehtimal edilmirdi, üzləşilən uğursuzluqlar da.
Nəticələrə nəzər yetirdikdə, qadın şahmatçılarımızın çıxışı, ümumiyyətlə, qənaətbəxş hesab edilə bilməz. Onların heç biri 1/16 finala çıxa bilmədi. Ən yaxşı nəticəni Ülviyyə Fətəliyeva əldə etdi. O da üçüncü raundda yarışın reytinq favoriti çinli Ju Venjuna məğlub odu. Gövhər Beydullayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova ikinci, Xanım Balacayeva birinci raundda məğlubiyyətlə üzləşdilər. Xüsusən, qadın şahmatımızın lideri Günay Məmmədzadənin çıxışı təəssüf doğurdu.
Elit şahmatçılarımızdan uğursuzluq
Kişilərin yarışında dünyanın elit şahmatçıları sırasında yer alan Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov uğursuzluğa düçar oldular. Məmmədyarov ikinci raundda, özünün ilk görüşündə zəif rəqiblə qarşılaşmada məğlubiyyətlə üzləşdi. Rəcəbov isə bir mərhələ keçməyi bacarsa da, üçüncü raundda uğursuzluq yaşadı.
Ümumiyyətlə, açıq bölmədə Nicat Abasov istisna olmaqla, ümidləri doğruldan olmadı. Teymurdan başqa, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Qədir Hüseynov üçüncü raundda dayandılar. Digərləri buna qədər mübarizəni dayandırmışdılar. Yalnız Vüqar Əsədli və Rauf Məmmədova bəraət qazandırmaq olar ki, onlar hazırda ən güclülərdən hesab olunan Yan Nepomnyaşşiyə məğlub olublar.
Dünyanı təəccübləndirən Nicat Abasov kimdir?
Dünya Kubokunun sürpriz adı Nicat Abasov oldu. Yarımfinala qədər irəliləyən “iti zəka sahibi” yekunda dördüncü yeri tutdu. Ardıcıl elit şahmatçıları mübarizədən kənarlaşdıran Azərbaycan təmsilçisi çıxışı ilə dünya şahmatsevərlərini, şərhçiləri heyrətə gətirdi.
28 yaşlı qrosmeyster 2002-ci ildən aktiv şahmat oyunçusudur. 2006-cı ildə U-12 dünya çempionatının bürünc mükafatçısı olan Abasov üç il sonra beynəlxalq usta titulu alıb. 15 yaşında isə Nicat artıq qrosmeyster olub. Abasov bu ad üçün tələb olunan üçüncü və sonuncu normanı 2010-cu ilin dekabr ayının sonunda tamamlayıb. FIDE (Beynəlxalq Şahmat Federasiyası) titulu ona 2011-ci ilin fevralında verib.
Daha sonra Nicat U-18 dünya çempionatının blits bölməsində qalib olub, eyni zamanda klassik şahmatda 2-ci yeri bölüşüb. 2015-ci ildə isə Niderlandın Veyk-an-Zeee şəhərində keçirilən “Cultural Village” beynəlxalq şahmat turnirində birinci pilləni tutaraq növbəti ildəki “Tata Steel” turnirində iştirak etmək hüququ qazanıb. Nüfuzlu yarışda o, 13 turda 6,5 xal toplayıb, lakin qrupdan çıxa bilməyib.
Azərbaycan çempionluğu və ən yüksək reytinq
2016-cı ildə il qrosmeyster Bakıda keçirilən 42-ci Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasında çıxış edib. 2017-ci ildə Abasov həm Azərbaycan çempionatının, həm də “Baku Open” turnirinin qalibi olub.
2019-cu ilin noyabrında Abasov dünya reytinqində 93-cü yerə yüksəlib və karyerasında ilk dəfə FIDE Top-100-ə daxil olub. Onun ən yaxşı göstəricisi isə 2020-ci ilin fevralında qeydə alınıb. Həmin vaxt Nicatın reytinqi 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb.
Buna qədər isə o, “Grand Swiss”də keçmiş dünya çempionu Vişvanatan Anand, Serqey Karyakin, Boris Gelfand və digər elit oyunçularla mübarizədə 15-ci yeri tutur.
Nicat komanda yarışlarında İspaniyada, Avstriyada, Almaniya 2-ci Bundesliqasında, Türkiyə Liqasında uğurlar əldə edib.
Ən böyük nailiyyət
Müəyyən nəticələri olsa da, əlbəttə, Nicat Abasovun ən böyük uğuru builkidir. Daha əvvəl 2019-cu il Dünya Kubokunda yarışan və ikinci mərhələdə uduzan şahmatçı bu dəfə 4-cü pilləni tutdu. Reytinqinə (2632) görə 69-cu olan Nicat yalnız ilk turda özündən aşağı reytinqli rəqiblə qarşılaşdı. Makoto Rodvelə qalib gələn şahmatçı növbəti raundda Loren Fressineti yolundan kənarlaşdırdı. Bundan sonra isə onun üçün çox gərgin mübarizə başladı. Nicat 3-cü raundda dünya beşincisi Aniş Qirini məğlub etdi. Dördüncü raundda o, 37 nömrəli Peter Svidleri, beşinci raundda 53-cü Salem Salehi, 1/4 finalda 20-ci Vidit Qucratini məğlub edərək yarımfinala yüksəldi.
Nicat Bakıda yalnız dünya şahmatının ilk iki pilləsində qərarlaşan “iti zəka sahibləri”nə uduzdu. Yarımfinalda turnirin gələcək qalibi Maqnus Karlsenə məğlub olan şahmatçımız 3-cü yer uğrunda qarşılaşmada reytinq ikincisi Fabiano Karuanaya ilk görüşdə qalib gəlsə də, bunun davamını gətirə bilmədi. Yekunda o, 4-cü oldu və bu, bir çoxlarının fikrincə, inanılmaz nəticədir.
Bu nəticə ilə Nicat Abasov İddiaçılar turnirində iştirak etmək hüququ qazanıb. Dünya Kubokunda ilk üçlüyə bu şans verilsə də, Maqnus Karlsen iştirakdan imtina etdiyi üçün onun belə şansı yaranıb. Kim bilir, bəlkə də gələn il Nicatı dünya çempionluğu uğrunda çinli Dinq Lijenlə mübarizədə görəcəyik...
Yeri gəlmişkən, Abasov məşqçi kimi də fəaliyyət göstərir və çox uğurludur. Onun müəllimlik etdiyi bolqarıstanlı qadın qrossmeyster Nurgül Salimova Bakıda finala qədər irəlilədi. Yalnız orada məğlub olan şahmatçı ikinci yeri tutdu.
Faiq Tahirov