Rekordlar, sensasiyalar, unudulmaz anlar
“UFC Fight Night Baku 2026” bir daha sübut etdi ki, Azərbaycan dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri üçün etibarlı tərəfdaşdır. Belə turnirlər ölkənin idman turizminə, beynəlxalq tanıtımına və iqtisadiyyatına böyük töhfə verir.
Bir il əvvəl UFC ilk dəfə Bakıya gələndə Azərbaycan dünyanın ən nüfuzlu MMA təşkilatının etimadını doğrulda biləcəyinə şübhə yox idi. “UFC Fight Night Baku 2026” göstərdi ki, Bakı bu cür mötəbər turnirləri yüksək səviyyədə təşkil edən şəhərlər sırasında öz yerini möhkəmləndirir. İyunun 27-də Milli Gimnastika Arenasında keçirilən tədbir həm döyüşlərin səviyyəsi, həm də qüsursuz təşkilatçılığı ilə yadda qaldı. Minlərlə azarkeş tribunaları doldurdu, milyonlarla tamaşaçı isə qarşılaşmaları televiziya və rəqəmsal platformalar vasitəsilə izlədi.
Adrenalin dolu 13 qarşılaşma
Turnirin proqramına 13 döyüş daxil edilmişdi. Onlardan yeddisi ilkin, altısı isə əsas kart çərçivəsində baş tutdu. Gecə ilk saniyələrdən yüksək temp və gərgin mübarizə ilə yadda qaldı. Qarşılaşmaların böyük hissəsi hakimlərin qərarına qədər uzanmadı.
Əsas kart xüsusilə diqqət çəkirdi. Burada həm reytinq uğrunda mübarizə aparan təcrübəli döyüşçülər, həm də UFC-də adından söz etdirməyə çalışan yeni simalar qüvvələrini sınayırdılar. Gecənin sonunda “gecənin performansı" bonusları Rafael Fiziyev, Asu Almabayev, Abdul-Rahman Yaxyayev və Mateus Kamilyoya təqdim olundu.
Fiziyev doğma meydanda sözünü dedi
Azərbaycanlı azarkeşlər xüsusilə Rafael Fiziyevlə meksikalı Manuel Torres arasındakı qarşılaşmanı səbirsizliklə gözlədiyirdilər. Ümumiyyətlə, bu, gecənin əsas döyüşü idi. Son illərdə zədələr və elit rəqiblərlə çətin sınaqlardan keçən Fiziyev üçün bu döyüş idman tərəfi ilə yanaşı, psixoloji olaraq da böyük əhəmiyyət daşıyırdı. O, yenidən özünün ən güclülərdən biri olduğunu sübut etməli idi.
İlk raundda hər iki döyüşçü ehtiyatlı davransa da, Rafael tədricən üstünlüyü ələ keçirdi. İdmançımız məsafəni dəqiq qoruyur, ayaqlarına endirdiyi dəqiq zərbələrlə rəqibinin hərəkətlərini məhdudlaşdırır və döyüşün tempinə nəzarət edirdi. Manuel Torres ara-sıra təhlükəli hücumlara cəhd etsə də, çox yaxşı hazırlaşdığı görünən Fiziyev üçün bunlardan yayınmaq çətin olmurdu.
Həlledici məqam isə ikinci raundun lap əvvəlində yaşandı. Cəmi 15 saniyə keçmiş möhtəşəm “spinning heel kick” (fırlanaraq endirilən daban zərbəsi) Manuel Torresi sarsıtdı, ardınca Rafaelin endirdiyi ardıcıl və dəqiq yumruqlar referini döyüşü dayandırmağa məcbur etdi. Fiziyev bu qələbə ilə UFC-nin yüngül çəki dərəcəsində yenidən iddialı döyüşçülər sırasında olduğunu nümayiş etdirdi.
Fərman Həsənovdan debüt döyüşündə rekord
Azərbaycan MMA-sının yeni simalarından olan Fərman Həsənov UFC-də debütünü inamlı qələbə ilə qeyd etdi. Erik Nolanla qarşılaşan Həsənov döyüş planını uğurla həyata keçirərək üstünlüyü əsasən güləş hesabına qazandı. O, rəqibini dəfələrlə yerə endirdi, nəzarəti əldən vermədi və üç raund boyunca təşəbbüsü öz əlində saxladı.
Hakimlərin yekdil qərarı ilə qalib gələn Həsənov bununla kifayətlənmədi. O, qarşılaşmada 17 dəfə uğurlu şəkildə rəqibini yerə yıxaraq (“tackle-down”) UFC-nin yarımorta çəki rekordunu təkrarladı. Debüt döyüşündə belə göstərici nümayiş etdirmək təşkilat rəhbərliyinin və MMA mütəxəssislərinin diqqətini cəlb etdi.
Tahir Abdullayev qalib gəldi, müzakirələr bitmədi
Tahir Abdullayev braziliyalı Cefferson Nasçimento ilə qarşılaşmada qələbə qazansa da, bu döyüş gecənin ən çox müzakirə olunan hadisələrindən birinə çevrildi. Azərbaycanlı döyüşçü ikinci raundda rəqibinə ciddi təzyiq göstərərək ardıcıl zərbələr endirdi və referi texniki nokaut qərarı verdi. Bununla belə, bir sıra MMA ekspertləri döyüşün bir qədər tez dayandırıldığı qənaətindədirlər. Lakin texniki nokaut qərarı həmin anda verilməsə belə, Abdullayev rəqibi üzərində böyük üstünlük qazanmışdı və tezliklə qələbəsini rəsmiləşdirəcəkdi.
Bu, Abdullayev üçün UFC-də çox vacib qələbədir. Onun fiziki hazırlığı, yüksək təzyiq altında işləmə bacarığı və fasiləsiz irəli hərəkəti bu döyüşdə əsas üstünlükləri kimi nəzərə çarpırdı.
Nazim Sadıxov üçün uğursuz gecə
Azərbaycan təmsilçiləri arasında yeganə məğlubiyyət Nazim Sadıxovun adına yazıldı. O, braziliyalı Mateus Kamilyoya qarşı döyüş ritmini tapa bilmədi və ilk raundda texniki nokautla məğlub oldu. Lakin burada da hakimin qərarı müzakirələrə səbəb oldu. Kamilyonun zərbəsindən sonra Nazim yerə yıxılsa da, təslim olmamışdı, o, müdafiəni qurmuşdu və qaydalara uyğun olaraq müqavimət göstərməyi bacarırdı. Nazim özü də qərara etiraz etdi, lakin bunun heç bir faydası olmadı.
Bu nəticə, şübhəsiz, həm idmançının özü, həm də azarkeşlər üçün məyusedici idi. Lakin UFC kimi dünyanın ən rəqabətli təşkilatında belə məğlubiyyətlər karyeranın sonu deyil.
Qazancımız təkcə qələbələr deyil
“UFC Fight Night Baku 2026” bir daha sübut etdi ki, Azərbaycan dünyanın ən nüfuzlu döyüş təşkilatlarından biri üçün etibarlı tərəfdaşdır. Belə turnirlər ölkənin idman turizminə, beynəlxalq tanıtımına və iqtisadiyyatına böyük töhfə verir. Xaricdən gələn azarkeşlər, media nümayəndələri və idman ictimaiyyəti Azərbaycanın müasir idman infrastrukturu ilə yaxından tanış olmaq imkanı əldə edirlər.
UFC-nin Bakıda keçirilməsi yerli MMA-nın inkişafına da ciddi təkan verir. Minlərlə yeniyetmə Rafael Fiziyev, Fərman Həsənov, Tahir Abdullayev və Nazim Sadıxov kimi idmançıları canlı izləyərək bu idman növünə daha böyük maraq göstərir.