Qüllələr, pərilər və nağıllar şəhəri - BƏLƏDÇİ

Kopenhagen Skandinaviya və Baltikyanı regiona hava qapısıdır. Şəhərin özünəməxsus əyləncə ruhu da var. İnsanlar qitənin ən uzun piyada küçəsi olan Strogetdə fəvvarələrin ətrafında toplaşaraq gəzir, rəqs edir, mahnı oxuyur və əylənirlər.
“Bu qədər ev, bu qədər adam olan böyük şəhərdə xırdaca bir bağça üçün yer qalmır, ona görə də camaat evdə dibçəkdə çiçək bəsləməklə kifayətlənir. Bax, həmin şəhərdə iki yoxsul uşaq yaşayırdı, bağçaları da gül dibçəyindən bir az böyükdü…” Xatırladınızmı? Hans Kristian Andersenin məşhur “Qar kraliçası” nağılı belə başlayır. Bütün sərgüzəştlərdən sonra iki dost - Kay və Gerda evə qayıdırlar: “Sonra zənglər çalındı və onlar doğma şəhərlərinin zəng qüllələrini tanıdılar...”
Bu şəhəri birmənalı şəkildə müəyyən etmək olar: Kopenhagen. Krallar və tacirlər, kanallar və zəng qüllələri, pərilər və nağıllar şəhəri. Danimarkalılar paytaxtlarını “Böyük nağılçı şəhəri” hesab edirlər.
Kopenhagen Andersenin nağıllarının dünya paytaxtı hesab olunur. Bu şəhərin hər daşına böyük Danimarka yazıçısının əsərlərinin ruhu hopub.
Kopenhagen Skandinaviya və Baltikyanı regiona hava qapısıdır.
Kopenhagendə həmçinin əyləncə ruhu var. Qitənin ən uzun piyada küçəsi olan Strogetdə insanlar fəvvarələrin ətrafında toplaşaraq gəzir, rəqs edir, mahnı oxuyur və əylənirlər. Kophenagenə səyahətimin ilk günü Toun Hall Meydanında keçirilən musiqi festivalı zamanı bu əhval- ruhiyyənin necə yüksək olduğunu müşahidə etdim…
Ən bahalı ölkə
Danimarka unikal ölkədir və 406 adadan ibarətdir. Bəzi adalar bərə xətləri ilə bir-birilərinə bağlıdır. 2000-ci ilin yayında Kopenhagen ilə İsveçin Malmö şəhəri arasında bərə keçidini əvəz edən körpü fəaliyyətə başlayıb.
Ölkə sıx dəmir yolları şəbəkəsi ilə əhatə olunub. Danimarkada qatarlar müasir və rahatdır. Avropada ilk maşinistsiz qatar bu ölkədə istifadəyə verilib.
Şəhərdə yaxşı inkişaf etmiş ictimai nəqliyyat sistemi var - metro, avtobuslar, şəhər və şəhərətrafı əlaqə üçün birləşdirilmiş qatarlar. Kopenhagendə taksilər çox bahadır. Ümumiyyətlə, Danimarka Avropanın ən bahalı ölkələrindən biridir. Məsələn, ictimai nəqliyyatda birtərəfli gediş 7.86 AZN-dir.
Danimarkalılar mallarının keyfiyyəti ilə fəxr edirlər. Demək olar ki, ölkədə nağd puldan istifadə edilmir.
Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur
Kopenhagen dünyanın velosiped paytaxtı adı uğrunda Amsterdamla asanlıqla rəqabət apara bilər. Şəhərdə velosiped mədəniyyəti çox yüksəkdir. Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur. Yerli çoxsəviyyəli velosiped dayanacağı və metroda və şəhərətrafı qatarlarda velosipedçilər üçün nəzərdə tutulmuş xüsusi vaqonlar var. Şəhərdə 400 kilometrdən çox velosiped yolu mövcuddur. Avtobus turuna alternativ olaraq velosiped turları da keçirilir. Avtomobillər üçün verginin yüksək olması da velosipedə marağı artırır. Turistlərə 20 krona (2 dollar) velosiped icarəyə verilir. Velosipedi geri gətirənə pulu geri qaytarılır. Hər velosipedə xəritə yerləşdirildiyi üçün şəhərdə hərəkət etmək asandır. Yeri gəlmişkən, 1960-cı illərdə məhz Kopenhagendə avtomobillərin hərəkətinin qadağan olunduğu ilk piyada zonaları yaradılıb.
Gözəl təbiət və zəngin tarix
Danimarka gözəl təbiəti və zəngin tarixi olan kiçik bir ölkədir. Min ildən artıqdır ki, ölkə krallar tərəfindən idarə olunur. Turistlər səfərləri boyu adalara səyahət edir, kanal turlarına çıxır, Nyhavn kanalının sahili boyunca yerləşən rəngli evlərdən zövq alırlar.
Kopenhagenin “dəniz fasadı” - Andersenin hekayəsi əsasında abidələşən “Kiçik Su pərisi”nə baxmaq üçün hər gün yüzlərlə turist sahilə axışır.
Azad Kristianiya şəhəri - Danimarkanın tərkibindəki qeyri-rəsmi dövlət də turistlərin çox sevdiyi yerdir.
Xoşbəxt ölkə və sakinləri
BMT-nin Dünya Xoşbəxtlik Hesabatı, “Gallup World Poll”un araşdırmalarına görə, Danimarka “dünyanın ən xoşbəxt ölkəsi” reytinqində demək olar ki, həmişə birinci yerdədir.
“Müasir danimarkalılar öz əcdadları vikinqlər kimi zəhmətkeş və bacarıqlıdırlar”, - deyə 20 ildən çoxdur Kophenagendə yaşayan və restoranda çalışan türk məlumat verdi: “Düzdür, bu cəmiyyətdə kəskin tənhalıq problemi, yeni tanışlıqların çətinliyi, getdikcə artan depressiya halları var. Amma insanlar arasında bir-birlərinə etimad və güvən yüksəkdir. İnsanlar öz krallarını sevir, onu başqa insanlarla müzakirə etməyi xoşlamırlar. Cəmiyyətdə uşaqlara qarşı fiziki və ya emosional zorakılıq demək olar ki, yoxdur. Buna görə də Danimarkada ananın uşağa açıq şəkildə qışqırması və ya nəyəsə görə şillə vurması hallarının şahidi olmaq mümkün deyil”.
Son illər gələn miqrantlar ölkənin sosial həyatına təsir edə bilməyiblər. Küçələrdə dilənçilərə də, evsiz insanlara da, zibillikdə eşələnən yerli sakinlərə də rast gəlmək olur. Ancaq burada həyat sanki dünyadan təcrid olunmuş şəkildə, insanlarının bir-birinə aidiyyəti olmadan davam edir. İş saatları saat 16.00-17.00-da bitir. Hər iki valideynin uşaqlara və ailəyə kifayət qədər vaxt ayırmaq imkanı var. Danimarkada demək olar ki, hər kəs idmanla məşğul olur və ya ciddi bir hobbisi var. İnsanlar sistemlərini elə qura biliblər ki, iş onların bütün boş vaxtını və enerjilərini almasın.
Bahalı geyinməyə can atmayan insanlar
Danimarkalıların çox sadə evləri var. Evlərin pəncərəsində pərdə yoxdur və yalnız gül dibçəkləri üzə gülür. Geyimləri çox sadədir. Evlərin qarşısındakı skamyalara və ya küçələrdə, parklarda xüsusi şkaflara geyinmədikləri əşyaları qoyurlar ki, başqaları istifadə etsin. Danimarkalılar bahalı avtomobil, soyuducu və ya telefon almağa çox da həvəsli deyillər, bahalı geyinməyə can atmırlar. Onlar məşhur dizaynerlərin yeni paltarı olmadan da xoşbəxt ola bilirlər. Məsələn, burada insanların işlənmiş məişət əşyaları, oyuncaqlar və paltarlar satdığı marketlər çox yayılıb. İşlənmiş əşyaları alıb-satmaq ayıb deyil.
Təranə Məhərrəmova
Kophenagen-Bakı
