• cümə, 19 Aprel, 08:18
  • Baku Bakı 13°C

Qüdrətli Azərbaycanın qətiyyəti və erməni lobbisinə əsir düşən Avropa

18.03.23 11:30 665
Qüdrətli Azərbaycanın qətiyyəti və erməni lobbisinə əsir düşən Avropa

Erməni lobbisi ilə sıx təmasları olan, erməni maraqlarına xidmət edən, Ermənistanın təcavüzkar siyasətinə göz yuman, o cümlədən erməni işğalı nəticəsində öz yurd-yuvalarından didərgin düşən yüz minlərlə soydaşımızın hüquqlarının tapdalanmasına göz yuman Avropa Parlamenti ölkəmizə qarşı riyakar, qərəzli, heç bir reallığa əsaslanmayan qətnamələr və bəyanatlar qəbul edib. Bu sənəd bir daha göstərir ki, Avropa İttifaqının qanunverici orqanı konkret olaraq müəyyən siyasi dairələrin maraqlarına xidmət edirlər. Avropa İttifaqının qlobal və regional maraqlarını bir kənara qoyub dar və cılız erməni maraqlarına yönələn siyasət yürütməsi qəbuledilməzdir.

Bu barədə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli söyləyib.

Qətnamədə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərinə hörmət etməklə bağlı Azərbaycana çağırışın əksini tapdığını vurğulayan F.İbrahimli deyib: “Maraqlıdır, niyə bu çağırış Ermənistana edilmir?! Çünki Azərbaycan öz üzərinə düşən bütün öhdəlikləri icra etdiyi halda, bu Bəyanatın 4-cü bəndini Ermənistan bu gün də yerinə yetirməyib. Belə ki, Ermənistanın silahlı tör-töküntüləri hazırda da sülhməramlıların nəzarəti altında olan ərazidə qalır, bu əraziyə yeni silahlar və qüvvələr gətirilir. Yolun bağlanmasından danışırlarsa, niyə 32 il blokadada saxlanılan Naxçıvanda 465 min nəfərin hüquqlarının təmin olunmamasından danışılmır?! Azərbaycanın qərb rayonları ilə Naxçıvana maneəsiz keçidin təmin edilməsi müddəası niyə gündəmə gətirilmir?! Daxili qaçqın və köçkünlərin Qarabağın dağlıq ərazisinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında qaytarılması məsələsi niyə gündəmə gətirilmir?! Yəni, 32 il öz hüquqlarından məhrum olunmuş azərbaycanlıların hüquq və azadlıqlarının bərpası nə üçün Avropa parlamentində bir dəfə də olsa müzakirəyə çıxarılmır?!”.

Avropa Parlamentinin erməni lobbisinin dirijorluğu altında fəaliyyətinin tarixi köklərinin olduğunu diqqətə çatdıran Milli Məclis sədrinin müavini qurumun 1988-ci ildən bəri Azərbaycanla bağlı çıxardığı qətnamələrin hamısı qərəzli olduğunu söyləyib. “Məsələn, 1988-ci il iyulun 7-də qəbul etdikləri qətnamədə Ermənistanda vəziyyəti müzakirə edirlər və orada Azərbaycan ittiham olunur. Guya azərbaycanlılar erməniləri öz torpaqlarından qovurlar. Halbuki, həmin ərəfələrdə Ermənistandan azərbaycanlılar kütləvi şəkildə təmizlənirdi. 1989-cu ildə Avropa yenidən qərəzli qətnamə qəbul edir. Qətnamədə açıq mətnlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb kimi qoyur. Bir maraqlı faktı da qeyd edim ki, 1990-cı ildə 20 Yanvar ərəfəsində - yanvarın 18-də Avropa Parlamenti yeni bir qətnamə qəbul edib Sovet İttifaqı rəhbərliyindən tələb edir ki, Bakıya ordu yeridilsin. İndi biz iddia etmirik ki, mütləq onların tələbi üzrə bu ordu yeridilib. Təbii ki, planlar olub. Müşahidə edəndə görürsən ki, bunlar illərlə erməni ansamblı ilə birlikdə işləyiblər”, - deyə o qeyd edib.

F.İbrahimli deyib ki, bir tərəfdən enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı Azərbaycanla ciddi müzakirələr aparan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və bir çox digər rəhbərlər Azərbaycan Prezidenti ilə səmimi münasibətlərini ortaya qoyur, Azərbaycanın nə dərəcədə vacib və lazımlı tərəfdaş olduğunu dünya mediasının gözü qarşısında dəfələrlə ifadə olunur, digər tərəfdən isə Avropa Parlamenti ölkəmizlə bağlı “əcaib” qətnamə qəbul edir. Təbii ki, bu hallar münasibətlərə kölgə salacaq və Azərbaycan xarici siyasət strategiyasına yenidən baxılmasını zərurətə çevirəcək.

Diqqətə çatdırılıb ki, Avropa Parlamentinin Azərbaycana münasibəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi səylərə və normallaşma prosesinə ziddir. Regionda Ermənistan tərəfindən yenidən genişmiqyaslı təxribatlar törədiləcəyi təqdirdə, bunun əsas günahkarlarından biri də məhz işğalçı ölkədə revanşist qüvvələri təşviq edən Avropa Parlamenti olacaq.

“Bir sözlə, biz, sadəcə, Avropa Parlamentinin qəbul etdiyi ədalətsiz sənədləri kağız parçası hesab edərək bir kənara atacağıq. Qoy Avropa Parlamenti bilsin ki, onların qəbul etdiyi qətnamələr bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün Avropanın keçmişinə baxsaq görərik ki, onlar o qədər qaniçən hərəkətlərə yol veriblər ki, bu gün insanlıq bunlardan utanır. Qoy onlar törətdikləri pisliklərə, müstəmləkəçiliyə görə Afrika ölkələrindən, əsarət altında saxladıqları müstəmləkələrin xalqlarından, həmçinin korsikalılardan üzr istəsinlər”, - deyən parlament sədrinin müavini vurğulayıb: “Azərbaycanı hələ də 1990-cı illərdəki zəif ölkə kimi görən bütün qüvvələr açıq şəkildə bilməlidirlər ki, bu gün ölkəmiz güclü və qüdrətli dövlətdir. Avropa Parlamentinə bölgədə yaranmış yeni reallıqları qəbul etməklə burada yaşayan xalqların sülh və əmin-amanlıq içində yaşayışının təmin olunması üçün atılan addımlara dəstək verməyi məsləhət görürük. Azərbaycan özünün xarici siyasətini yürüdərkən heç bir dövlətin və təşkilatın diktəsi ilə hərəkət etmir. Ölkəmiz bu günə qədər təmin olunmuş haqlarını və hüquqlarını yalnız və yalnız öz gücünə əldə edib. Əminəm ki, bundan sonra atılacaq addımlar Azərbaycanın bütün problemlərin və proseslərin ədalətli şəkildə həlli prosesində rolunu daha da artıracaq.

banner

Oxşar Xəbərlər