Qoruqlara maraq artıb
Bu ilin yanvar-sentyabr aylarında DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruqlarda bilet satışından 4,8 milyon manatdan çox gəlir əldə edilib. Əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 % artıb.
Dövlət Turizm Agentliyinin (DTA) tabeliyindəki qoruq və müəssisələrdə aparılan bərpa işləri, həmçinin 2025-ci ilin 9 ayı ərzində qoruqları ziyarət edənlərin statistikası təqdim edilib. Palçıq Vulkanları Turizm Kompleksində baş tutan təqdimatda Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli "Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində, o cümlədən qoruqdakı Dairəvi Məbəddə həyata keçirilən bərpa işləri, eləcə də “Kiş” Tarix-Memarlıq Qoruğu ərazisindəki tarixi məsciddə aparılan bərpa işləri haqqında məlumat verib.
“Lahıc” Qoruğunda parkinq zonası yaradılacaq
Bildirilib ki, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində Qoruq evinin inşası tamamlanmaq üzrədir. “Lahıc” Qoruğunda parkinq zonasının yaradılması üzrə işlər də davam etdirilir. Eyni zamanda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda tikinti-bərpa tədbirlərinin yeni mərhələsi çərçivəsində məsciddə, park-muzeydə, həmçinin bəzi obyektlərdə tarixi memarlıq üslubu qorunmaqla işlər aparılır.
Qeyd olunub ki, bu ilin oktyabr ayında Xınalıq kəndi BMT-nin Turizm Təşkilatının “Ən yaxşı turizm kəndi” (“Best Tourism Villages”) siyahısına əlavə olunub ki, bu da "Xınalıq və Köç Yolu" Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu üzrə yeni turizm xidmətləri və məhsullarının formalaşmasına töhfə kimi qiymətləndirilir. Məlumat verilib ki, 2020-ci ildən başlayaraq Xınalıqda abidələrin və evlərin bərpası mərhələli qaydada davam etdirilib, zəruri infrastruktur yaradılıb. Kənd sakinlərinin cəlb edilməsi ilə aparılan bərpa və abadlıq işləri məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.
M.Ağabəylinin sözlərinə görə, Palçıq Vulkanları Turizm Kompleksində azərbaycanlı sənətkarların iştirakı ilə milli suvenirlərin hazırlanmasına başlanılıb. Kompleksin ərazisindəki palçıq vulkanlarının əsas hissəsində yerləşən qrifon tipli geoloji strukturlarda daha bir neçə palçıq vulkanı yaranıb.
Qoruqlara gələn xarici turistlərin payı on faiz artıb
M.Ağabəyli bildirib ki, bu ilin yanvar-sentyabr aylarında DTA Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruq və mədəniyyət müəssisələrini ümumilikdə 706 494 nəfər ziyarət edib. Onun sözlərinə görə, ziyarətçi sayı ötən ilin 9 ayı ilə müqayisədə 25,71 % artıb: "Ümumilikdə 547 323 nəfər (77,47 %) xarici, 159 171 nəfər (22,53 %) isə yerli turistlərdir. Qoruq və mədəniyyət müəssisələrinə gələnlər arasında xarici vətəndaşların payı əvvəlki illə müqayisədə 10 % çoxdur".
M.Ağabəyli əlavə edib ki, hesabat dövründə "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ümumilikdə 226 434 nəfər ziyarət edib. Onlardan 204 078-i (90,13 %) xarici, 22 356-sı (9,87 %) isə yerli turist olub. Onun sözlərinə görə, "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu eyni dövrdə 198 167 nəfər ziyarət edib. Ziyarətçilərin 181 238-i (91,46 %) xarici, 16 929-u (8,54 %) isə yerli turistdir.
M.Ağabəyli bildirib ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğuna 140 691 nəfər baş çəkib. Onların 69 675-i (49,53 %) xarici, 71 016-sı (50,47 %) isə yerli turist olub. O qeyd edib ki, Palçıq Vulkanları Turizm Kompleksini 42 736 nəfər ziyarət edib. Onlardan 38 090-ı (89,12 %) xarici, 4 646-sı (10,88 %) isə yerli turistdir.
M.Ağabəylinin sözlərinə görə, "Kiş" Tarix-Memarlıq Qoruğunu isə 37 645 nəfər ziyarət edib. Bu rəqəmin 18 395-i (48,86 %) xarici, 19 250-si (51,14 %) isə yerli turistlərdir.
Bilet satışından əldə edilən gəlirlər artıb
Sədrin sözlərinə görə, bu ilin yanvar-sentyabr aylarında DTA-nın Qoruqları İdarəetmə Mərkəzinin tabeliyində olan qoruqlarda bilet satışından 4,8 milyon manatdan çox gəlir əldə edilib. Əldə olunan gəlir ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 10 % artıb. "Bu vəsait tam şəkildə qoruqların inkişafına, infrastrukturun yenilənməsinə və xidmət keyfiyyətinin artırılmasına yönəldilir", – deyə M. Ağabəyli əlavə edib.
Kiş məscidindəki işlər gələn il yekunlaşacaq
M.Ağabəyli bildirib ki, Şəki şəhərinin Kiş kəndində yerləşən qədim məsciddə aparılan təmir-bərpa işlərinin gələn il yekunlaşdırılması planlaşdırılır. Onun sözlərinə görə, məscidin bərpasına ötən il start verilib və işlər mərhələli şəkildə davam etdirilir: "Layihə çərçivəsində tarixi məscidin orijinal memarlıq üslubu qorunmaqla bərpa işləri aparılır, eyni zamanda ərazidə turizm infrastrukturu da təkmilləşdirilir. Məqsəd gələcəkdə Kiş qoruğuna gələn turistlərin bu unikal abidəni daha rahat şəkildə ziyarət etməsini təmin etməkdir".