• çərşənbə axşamı, 23 aprel, 02:20
  • Baku Bakı 19°C

Qərbi azərbaycanlıların indiki Ermənistana qayıdışı sülhə böyük töhfə ola bilər

28.01.23 20:15 1517
Qərbi azərbaycanlıların indiki Ermənistana qayıdışı sülhə böyük töhfə ola bilər

Qərbi Azərbaycana Qayıdış Konsepsiyası son 200 il ərzində indiki Ermənistan ərazisindən deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq qovulmuş azərbaycanlıların öz yurdlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasını təmin edən çərçivə sənədidir. Qərbi Azərbaycan İcmasının bu sahədə fəaliyyətinin əsas istiqamətlərini müəyyən edən konseptual sənəddir. Burada Qərbi Azərbaycana Qayıdışın strategiyası və taktikası aydın və konkret şəkildə ifadə edilib.

Bu fikirləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası kafedrasının müdiri pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov bildirib.

Alim qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən siyasi leksikona daxil edilən “Qərbi Azərbaycan” ifadəsi Qərbi Azərbaycan İcmasının yaradılması ilə yeni məzmun kəsb etdi. Zaman-zaman doğma yurd-yuvasından deportasiya olunmuş, müxtəlif təzyiqlərə məruz qalaraq isti ocaqlarından didərgin düşmüş insanlara, onların özlərinin və babalarının orada yaratdıqları maddi-mənəvi irsə, mədəniyyətə, maarifçilik mühitinə münasibəti dəyişdi. Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi konseptual fikirlər əzəli torpaqlarımızın tarixinin, coğrafiyasının, mədəniyyətinin, maarifçilik mühitinin öyrənilməsinin metodoloji əsasına çevrildi. Mükəmməl bir Konsepsiya hazırlandı və təsdiq edildi. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin icra mexanizmini özündə ehtiva edən Konsepsiya praktikliyi, beynəlxalq hüquqa, tarixi faktlara və həqiqətə əsaslanması ilə diqqəti cəlb edir. Konsepsiya həm də tərəqqipərvər bəşəriyyətə, dünya dövlətlərinin rəhbərlərini, beynəlxalq təşkilatlara bir müraciətdir.

“Məlumdur ki, 1828-ci ildən başlayaraq indiki Ermənistan ərazisinə İrandan, Türkiyədən, Suriyadan, sonralar isə Avropa ölkələrindən köçürülən ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçiriblər. Zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə cinayətlər və insan hüquqlarının kobud pozulması 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub. 1918-ci ildə 10 min kvadratkilometr ərazidə himayədarlarının köməyi ilə öz müqəddəratını təyin edən, ilkin dövlətlərini (Ararat) yaradan ermənilər 1933-34-cü illərdə SSRİ rəhbərliyinin xeyir-duası ilə ərazilərini 29,8 min kvadratkilometrə çatdırıblar. Zəngəzur da daxil olmaqla azərbaycanlıların üstünlük təşkil etdiyi bir çox kənd və qəsəbələr Ermənistana verilib. Ermənistanın monoetnik dövlətə çevrilməsi milyonlarla azərbaycanlının öldürülməsi, fiziki işgəncələrə məruz qalması və dədə-baba yurdlarından qovulması hesabına başa gəlmişdir. 1828-ci ildə İrəvan şəhərində yaşayan əhalinin 80 faizini azərbaycanlılar təşkil etdiyi halda, hazırda nəinki İrəvan şəhərində, ümumiyyətlə, indiki Ermənistan ərazisində 1 nəfər də olsun azərbaycanlı yaşamır. Halbuki Azərbaycanın Qarabağ iqtisadi zonasında 20 minə yaxın erməni yaşayır.

Bu gün əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycana Qayıdış məsələsi gündəmdədir. Qərbi azərbaycanlıların bu tələbi haqlıdır, ədalətlidir və bütün beynəlxalq hüquqlara uyğundur. Hesab edirəm ki, Qərbi Azərbaycan əhalisinin indiki Ermənistana təhlükəsiz və ləyaqətli şəkildə geriyə qayıtması böyük sülhə mühüm töhfə ola bilər”, - deyə F.Rüstəmov bildirib. (Azərtac)

banner

Oxşar Xəbərlər