• şənbə, 20 Iyun, 03:27
  • Baku Bakı 28°C

Pulun futbola qalib gəldiyi mundial

20.06.26 01:38 22
Pulun futbola qalib gəldiyi mundial

Müasir futbolda kommersiya maraqları oyunun ən xırda detallarına belə təsir edir. Keçirilmə saatından tutmuş turnirlərin formatına, qarşılaşmaların sayından yayım qaydalarına qədər bir çox qərar iqtisadi səmərəlilik əsasında verilir.

Bir vaxtlar futbol sadəcə idman növü idi. İnsanlar məhəllələrindəki boş ərazilərdə topun arxasınca qaçır, klublar isə əsasən öz şəhərlərinin və ya hər hansı bölgənin simvolu hesab olunurdu. Bu gün futbol dünyanın ən böyük sənaye sahələrindən biridir. Milyardlarla avro dövriyyəsi olan transferlər, sponsor müqavilələri, yayım haqları, dayanmadan bir-birini əvəzləyən yeni-yeni marketinq layihələri oyunun iqtisadi tərəfini heç vaxt olmadığı qədər ön plana çıxarıb. Bəli, futbolun son illərdə ciddi şəkildə kommersiyalaşdığını inkar etmək çətindir.

Su, yoxsa reklam fasiləsi?

Hazırda bütün futbolsevərlərin diqqəti ABŞ, Meksika və Kanadada keçirilən dünya çempionatına yönəlib. Bu üç ölkənin ev sahibliyi etdiyi mundial tarixdə ən böyük dünya çempionatı kimi yadda qalır. 48 komandanın mübarizə apardığı turnirdə meydanda baş verənlərlə yanaşı, FIFA-nın qəbul etdiyi qərarlardan biri də geniş müzakirə olunur.

Bu mundial əvvəlkilərdən bir sıra yenilikləri ilə fərqlənir. Onlardan biri oyunlarda məcburi su fasilələrinin tətbiq edilməsidir. İsti hava şəraiti nəzərə alınaraq FIFA hər hissədə bir dəfə olmaqla futbolçular üçün sərinləmə fasiləsi müəyyənləşdirib. Bu fasilələr 22-ci və 67-ci dəqiqələrdə verilir və 3 dəqiqə davam edir.

İlk baxışdan bu qərar futbolçuların sağlamlığının qorunmasına xidmət edən düzgün addım kimi görünür. Həqiqətən də, bəzi oyunlar yüksək temperatur şəraitində keçirilir. Ancaq bu vəziyyət bütün qarşılaşmalara aid deyil. Üstəlik, məlum olub ki, televiziya yayımçıları həmin fasilələr zamanı reklamlara yer ayırırlar. Məhz bu məqam bir çox azarkeşdə suallar yaradır. Çünki belə görünür ki, qərarın arxasında təkcə futbolçuların sağlamlığı deyil, kommersiya maraqları da dayanır. Bu isə futbolun getdikcə daha çox biznes qaydaları ilə idarə olunduğu barədə fikirləri yenidən gündəmə gətirir.

Oyunun ruhu üçün təhlükə

Futbol mütəxəssisləri, məşqçilər, keçmiş futbolçular və hətta hazırda karyerasını davam etdirən oyunçular da bu qərara etiraz ediblər. Ümumi fikir ondan ibarətdir ki, belə məcburi fasilələr oyunun gedişinə ciddi təsir göstərir və futbolun axıcılığını pozur.

“Liverpul”un keçmiş baş məşqçisi Yurqen Klopp bu mövzu ilə bağlı bildirib ki, belə addımlar oyunun ruhu üçün təhlükəlidir:
“Futbol kondisionerli ofislərdə oturan rəhbərlər tərəfindən girov götürülüb. Dünya çempionatı oyunu çay kimi axmalıdır. Bunun əvəzinə, reklamların keçə bilməsi üçün ortada bəndlər tikirik. Bu, oyunun ruhu üçün təhlükəlidir. Əvvəllər əsas tədbir oyun idi, amma indi reklam tamaşası üçün fon musiqisinə çevrilmək riski daşıyır”.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino, Niderland yığmasının kapitanı Vircil van Dayk və Belçika millisinin yarımmüdafiəçisi Yuri Tielemans kimi dünya çempionatının aktiv iştirakçıları da bu qaydaya qarşı çıxıblar. Onların fikrincə, su fasiləsi yalnız həqiqətən zəruri olduqda, məsələn, hakim tərəfindən xüsusi hallarda verilməlidir. Hər oyunda sabit qayda kimi tətbiq olunması isə məntiqsiz görünür.

Eyni zamanda qeyd olunur ki, bu fasilələr oyunun ritmini pozur. Xüsusilə hücumda üstünlük qazanan və oyunun tempini ələ alan komandalar üçün bu dayanma mənfi təsir yaradır və əldə olunan üstünlüyün itirilməsinə səbəb ola bilər.

Hər şey daha çox pul üçün

Futbolçuların hüquqlarını qoruyan bir çox təşkilatlar illərdir artan oyun saylarına etiraz etsələr də, hələlik ciddi bir nəticə əldə olunmayıb. Əksinə, son dövrlərdə həm turnirlərin, həm də keçirilən oyunların sayı artmaqdadır. 48 komandanın iştirakı ilə keçirilən dünya çempionatı da bu tendensiyanın ən son və ən bariz nümunəsidir. Əvvəllər 32 komanda ilə təşkil olunan mundialın genişləndirilməsi daha çox oyun, daha çox sponsor, daha çox yayım və nəticə etibarilə daha çox gəlir deməkdir.

Proses təkcə dünya çempionatı ilə məhdudlaşmır.

Son illər Avropa futbolunda da oxşar mənzərə müşahidə olunur. UEFA Çempionlar Liqası və Avropa Liqasında komanda sayı artırılıb, yeni turnir kimi Konfrans Liqası yaradılıb. Eyni zamanda Avropa çempionatı daha geniş iştirakçı sayı ilə keçirilir. Bunlara əlavə olaraq Millətlər Liqası kimi yeni yarışlar da təqvimə daxil edilib. FIFA isə öz növbəsində müxtəlif yoldaşlıq xarakterli turnirlər təşkil edir. Klublararası dünya çempionatında da iştirakçı sayı artırılıb.

İndi futbolçular əvvəlkindən daha çox oyun yükü ilə üz-üzədirlər. Əsas ziddiyyətli məqam da burada üzə çıxır. Bir tərəfdən oyunda fasilə yaradılır ki, oyunçular su içə bilsinlər, digər tərəfdən hər il oyunların sayı daha da artırılır. Bu baxımdan, vəziyyət bir növ özünü inkar edir. Sağlamlığı qorumaq üçün tədbirlər görülür, amma eyni zamanda həmin sağlamlığı daha çox yükləyən qərarlar qəbul edilir.

Müasir futbolda kommersiya maraqları oyunun ən xırda detallarına belə təsir edir. Keçirilmə saatından tutmuş turnirlərin formatına, qarşılaşmaların sayından yayımlanma qaydalarına qədər bir çox qərar iqtisadi səmərəlilik əsasında verilir. Bu isə futbolun mahiyyətini dəyişir və romantik azarkeşlərin aşkar etirazlarına səbəb olur.

banner

Oxşar Xəbərlər