• şənbə, 20 Aprel, 06:33
  • Baku Bakı 14°C

Prezidentin Qərbi Azərbaycanla bağlı çağırışına Almaniyadan reaksiya

26.12.22 15:30 1329
Prezidentin Qərbi Azərbaycanla bağlı çağırışına Almaniyadan reaksiya

“Cənab Prezidentin Qərbi Azərbaycan icması ilə görüşündə həmişə olduğu kimi özünəməxsus şəkildə qətiyyətli mövqeyi hər bir azərbaycanlını, xüsusən də Qərbi azərbaycanlıları hədsiz qürurlandırdı. Ölkə başçısının görüşdəki mükəmməl tarixi və siyasi təhlilinin ardıcıllığı və eləcə də Qərbi azərbaycanlıların hüquqlarının beynəlxalq səviyyədə də bərpası istiqamətində işlərin görülməsini vacib hesab etməsi, onun Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına nə qədər önəm verdiyinin bir göstəricisidir”.

Bu sözləri Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Nuran Abdullayev deyib.

O bildirib ki, ölkə başçısının bu fikirləri hər kəsi sonsuz dərəcədə sevindirir və qürurlandırır: “Cənab Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında icmanın xaricdəki fəaliyyətinin xüsusi önəm daşıdığını bildirdi, bu istiqamətdə Azərbaycan diaspor təşkilatları üçün yeni prioritetlər və istiqamətlər ortaya qoydu, bütün fəaliyyət planlarının mütləq şəkildə sülhsevər konsepsiyalara əsaslanmalı olduğunu vurğuladı. Ölkə rəhbərinin xalqımız və dövlətimiz üçün həm önəmli, həm də prinsipial məsələləri dünyaya çatdırmaq istiqamətində diaspor təşkilatlarına fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verməsi və öz prioritetlərini açıq şəkildə ortaya qoyması, onun diaspor təşkilatlarına və xüsusən də, Diasporla İş üzrə Dövlət Komitəsinə etibarının bariz bir nümunəsidir. Bu etibarın qazanılmasında isə düşünürəm ki, Dövlət Komitəsinin son 4 il ərzindəki gərgin və şərəfli fəaliyyəti əsas rol oynayır”.

N.Abdullayev Prezidentin Qərbi Azərbaycan icması ilə görüşdə diaspor təşkilatlarının qarşısına qoyduğu tapşırıqlar istiqamətində artıq fəaliyyətə başladıqlarını və bundan qürurlandıqlarını deyib: “Onu da qeyd edim ki, möhtərəm cənab Prezidentin çıxışından sonra mənə Avropa, xüsusən də Almaniyada yaşayan və fəaliyyət göstərən yüzlərlə Qərbi azərbaycanlı telefon edib, fəxrlə cənab Prezidentin yanında olduqlarını və hər an onun tapşırığı istiqamətində fəaliyyət göstərməkdən qürur duyacaqlarını bildirdilər. Son olaraq onu da əlavə edim ki, şəxsən, mən özüm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında icmanın xaricdəki fəaliyyəti istiqamətinə aid təkliflər planını hazır etmişəm və yaxın zamanlarda məsul şəxslərə təklif edəcəm”.

banner

Oxşar Xəbərlər