Özəl daşıyıcılar subsidiya istəyir

Özəl daşıyıcı şirkətlər zərərlə işlədiklərini bildirir. Səbəb kimi isə dövlət tərəfindən tənzimlənən aşağı tarifləri, artan xərcləri, yeni avtobusların idxalında vergi yükünü və dövlət operatoru ilə özəl şirkətlər arasında mövcud bərabərsizliyi göstərirlər.
Bakıda ictimai nəqliyyat sistemi, xüsusilə də avtobusların fəaliyyəti son illərdə geniş müzakirələrə səbəb olur. Bu sahədə çalışan özəl daşıyıcılar vəziyyətin getdikcə ağırlaşdığını iddia edir. Onlar ardıcıl olaraq zərərlə işlədiklərini bildirir, səbəb kimi isə dövlət tərəfindən tənzimlənən aşağı tarifləri, artan xərcləri, yeni avtobusların idxalında vergi yükünü və dövlət operatoru ilə özəl şirkətlər arasında mövcud bərabərsizliyi göstərirlər. Şirkətlər iddia edirlər ki, bazarda qeyri-sağlam rəqabət mühiti formalaşıb. Standartlara əməl edən və parkını müasir avtobuslarla yeniləyən şirkətlər daha çox xərc çəkir, eyni statusda fəaliyyət göstərən və tələblərə riayət etməyən daşıyıcılarla rəqabət aparmaq məcburiyyətində qalırlar.
Özəl və dövlət operatorlarına fərq qoyulur?
Ötən həftə “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov keçirdiyi mətbuat konfransında təmsil etdiyi şirkətin zərərlə işlədiyini bildirib. O deyib ki, ictimai nəqliyyatdakı hazırkı qiymətlər yalnız əməliyyat xərclərini qismən qarşılamağa imkan verir, investisiya və parkın yenilənməsi isə bank kreditləri hesabına həyata keçirilir. Bu isə sektorda bərabərsiz mühit yaradır. Dövlət operatoru “BakuBus” mütəmadi olaraq büdcədən maliyyə dəstəyi alırsa, özəl şirkətlər fəaliyyətlərini kredit və yüksək vergi yükü ilə davam etdirirlər. Bəs, görəsən, bu iddialar nə dərəcədə əsaslıdır? Dövlətin bu sahəyə hansısa formada dəstəyi olmalıdırmı?
“Sərnişindaşıma tarifləri xərcləri ödəmir”
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev də deyir ki, mövcud sərnişindaşıma tarifləri ilə xərcləri ödəmək çətindir: “Problemin həll yolları var. Problemin həlli brutto müqavilələrə keçid etməkdən keçir. Bu o deməkdir ki, dövlət hər kilometrə görə ictimai nəqliyyatdakı daşıyıcılar üçün subsidiya nəzərdə tutur. Beləliklə də bu sahənin daha rentabelli işləməsi təmin oluna bilər. Digər tərəfdən isə bu, bir sıra çeşidli imkanlar yaradacaq. Bu zaman banklar daşıyıcılara kredit verməyə daha həvəsli olacaqlar. Çünki risklər minimumlaşacaq. Subsidiyalar ayrıldığı təqdirdə avtoparkın yenilənməsi daha sürətli baş verəcək. Belə olarsa, daşıyıcı şirkətlər tərəfindən sərnişinlər üçün çeşidli paketlərin təklif edilməsi üçün də zəmin yaranacaq. Yəni sərnişinlərə günlük, həftəlik, aylıq bilet paketləri təklif ediləcək. Bu da vətəndaşlara daha ucuz səyahət etmək imkanı yaradacaq. Tələbələr, müharibə iştirakçıları, təqaüdçülər üçün əlavə paketlər, güzəştlər formalaşdırmaq da mümkündür. Yəni təkcə avtobus zolaqları çəkməklə ictimai nəqliyyatdakı problemlər tam həll olmur. Maliyyə dayanıqlılığı təmin olunmalıdır ki, daşıyıcılar daha keyfiyyətli xidmət göstərə bilsinlər. Yalnız bu olduğu təqdirdə daşıyıcılardan nəsə tələb etmək ədalətli olacaq”.
“Subsidiyaların ayrılması mütləqdir”
Ekspertin sözlərinə görə, həm dizel, həm də elektriklə işləyən avtobuslar üçün dövlət dəstəyi mütləqdir: “Bundan öncə 2021-ci ildən dizellə işləyən avtobuslar üçün subsidiyalar nəzərdə tutulmuşdu. Lakin bu qərar 2023-cü ildən etibarən ləğv edilib. Elektriklə işləyən avtobusların ölkəyə gətirilməsi ilə bağlı güzəştlər tətbiq edilirdi. Lakin onların da fəaliyyətlərində hər hansı güzəştlər mövcud deyil. Hazırkı vəziyyətdə əməliyyat xərcləri onsuz da bahadır. Avtobusların xaricdən alınan ehtiyat hissələrinin də qiyməti davamlı olaraq artır. Bütün bu səbəbləri nəzərə alaraq düşünürəm ki, dövlət tərəfindən daşıyıcılara subsidiyaların ayrılması mütləqdir. Əksər dünya ölkələrində ictimai nəqliyyat subsidiya olunur. Bu da dayanıqlı ictimai nəqliyyatın təmin olunması üçündür”.
Deputat da “subsidiya verilməlidir”, - deyir
Milli Məclisin deputatı Naqif Həmzəyev deyir ki, son illər ölkədə davamlı olaraq ictimai nəqliyyatla bağlı islahatlar həyata keçirilir. Hökumətin məqsədi sərnişindaşımada keyfiyyətin tam olaraq təmin edilməsidir. Amma bütün yeniliklərə baxmayaraq, problemlər tam olaraq aradan qalxmayıb: “Avtobus parkının tamamilə yenilənməsinə şahidlik edə bilmirik. Mərkəzdən kənar ərazilərdə hələ də köhnə avtobuslar görürük. Gələcəkdə köhnə avtobuslar istifadədən çıxarılacaq və yeniləri ilə əvəz olunacaq”.
N.Həmzəyevin fikrincə, daşıyıcı şirkətlər gücləri çatan qədər avtobus parkını yeniləməyə çalışırlar. Ancaq istənilən halda, ictimai nəqliyyatda keyfiyyəti təmin edə bilmək üçün daşıyıcı şirkətlərə dövlət dəstəyi olmalıdır: “Bu zaman müəyyən kateqoriyadan olan vətəndaşlara güzəştlər də tətbiq etmək olar. Xüsusilə məktəblilər, tələbələr, müəllimlərin bu siyahıda olması təqdirəlayiq olardı. İctimai nəqliyyatda tam keyfiyyəti təmin etdikdən, həmçinin şirkətlər gəlirlə işlədikdən sonra bu cür güzəştlərlə əhalini ictimai nəqliyyata təşviq etmək mümkündür”.
Zərif Salmanlı
